Məhkəmə qərarları › İş №2(102)-632/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-632/2020

27.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-632/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Üçüncü şəxs xxx Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8512/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Təhminə Xəlilova) 2(004)-650/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək onun Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-ya məxsus binanın birinci girişinin 11-ci mərtəbəsində olan 77 nömrəli 3 otaqlı sahəsi 155,6 kvadrat metr olan mənzilinə köçürülməsi qət edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs xxxnun iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xxx tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi xxxnun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, onun Cavabdeh MTK-dan aldığı Bakı şəhəri, Cavabdeh, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-ya məxsus binanın birinci girişinin 11-ci mərtəbəsinin, 77 nömrəli 3 otaqlı 155,6 kvadrat metr sahədən ibarət mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2011-ci ildə Cavabdehndən müqavilə yolu ilə Cavabdeh, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-ya məxsus binadan birinci girişin 11-ci mərtəbəsində 77 nömrəli 3 otaqlı 155,6 kvadrat metr sahəsi olan mənzili almışdır. Həmin mənzilin dəyəri 77800 manat təşkil edir. Həmin məbləği birdəfəyə nağd ödəmişdir. Mənzilin alınması barədə Cavabdeh MTK ilə aralarında MTK-nın sədri C.Alışovun imzası ilə müqavilə vardır. Həmçinin, mənzilin dəyərinin tam ödənilməsi barədə yenə də C.Alışovun imzası və şirkətin möhürü ilə təsdiq olunmuş maliyyə arayışı vardır. Həmin mənzili aldıqdan sonra təmir üçün binanın tam tikilib qurtarmasını gözləmişdir. Bir il bundan öncə binanın tikintisi tam da olmasa başa çatdırılmışdır. O, öz mənzilini təmir etdirmək üçün həmin ünvana getmiş və görmüşdür ki, mənzilində dəmir qapı qoyulub və bağlıdır. Mənzilin açarının verilməsi üçün binaya nəzarət edən şəxsə müraciət etmişdir. Ancaq onlar guya açarın müdriyyətdə olduğunu və s. işləri bəhanə gətirərək açarı verməmişlər. Bundan sonra bir neçə dəfə müraciət etsə də, müxtəlif bəhanələrlə onu aldadaraq mənzilinin açarını verməmişlər və o, özünə məxsus olan mənzilini təmir etdirə bilmir. Mənzil üzərində onun müqavilə əsasında mülkiyyət hüququ vardır və həmin mənzilin mülkiyyət çisidir. O, nağd pul ödəyərək mənzili almış və bu gün kimlərinsə qanunsuz hərəkətləri nəticəsində öz mənzili üzərində sərəncam verə bilmir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs xxx cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani 5 ünvanında Cavabdeh MTK tərəfindən tikilmiş binanın 1-ci giriş, 11-ci mərtəbəsində olan 77 nömrəli, 155,6 kvadrat metr sahədən ibarət olan mənzil xx xxxxxx 2014-cü il tarixli müqavilə əsasında 60000, əslində 64000 manata ona satılmışdır. 2014-cü ildən bu günədək həmin mənzil fasiləsiz olaraq onun istifadəsindədir. Bu günədək həmin mənzilə heç kim tərəfindən tələb irəli sürülməmişdir. Mənzili əldə etdikdən sonra giriş qapısı (dəmir seyf qapı) qoymuş, mənzildə suvaq işləri, pəncərələrin qoyulması və kiçik təmir işləri aparmışdır. Əslində MTK tərəfindən mənzilin suvaq işləri və pəncərə ilə təhciz edilməsi işləri aparılması müqavilədə nəzərdə tutulsa da, Cavabdeh MTK bu öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Bu əsasla 2015-ci ildə Yasamal rayon məhkəməsində Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binanın 1-ci giriş, 11-ci mərtəbə, 77 saylı, 155,6 kvadrat metr sahəsi olan mənzilin qapı və pəncərələri qoyulmaqla naturada ona təhvil verilməsi, cavabdehin öhdəliklərini yerin ə yetirmədiyi səbəbindən ona dəymiş 6400 manat real zərərin, 15000 manat mənəvi zərərə görə, dövlət rüsumuna görə 30 manat, hüquq xidmətinə görə 1000 manat olmaqla ümumilikdə 22430 manat vəsaitin ödənilməsi və Cavabdeh MTK-nın direktoru barəsində xüsusi qərardadın çıxarılaraq Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəməyə ərizə ilə müraciət edərək ona satılmış mənzilin üzərinə məhdudiyyət qoyulması barədə iddianı təmin tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə özünün xx xxxx 2015-ci il tarixli, 2(004)- 7197/2015 saylı qərardadı ilə ərizəni təmin etmiş, Cavabdeh MTK-ya həmin mənzilin özgəninkiləşdirilməsini qadağan etmişdir. Məhkəmə qərardadı bu gün də qüvvədədir. Mübahis ə ilə əlaqədar mülki işin gedişində tərəflər arasında “Barışıq Sazişi” imzalanmış, məhkəmənin 2(004)-7197/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə Barışıq Sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir. Mənzil alındığı gündən bu günədək faktiki şəriksiz olaraq istifadəsindədir, bu günədək heç bir şəxs ona qarşı heç bir tələblə çıxış etməmişdir. Bu bir daha göstərir ki, İddiaçı hazırkı iş üzrə iddia tələbi əsassızdır. xx.xx.2018-ci il tarixdə ona məlum olmuşdur ki, İddiaçı mənzilə köçürülməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı adına tərtib edilmiş həmin mənzilin ona satılması barədə müqavilə xx xxxxx 2011-ci il tarixdə imzalanmışdır. Müqavilə əslində başqa bir əqdi pərdələmək üçün imzalanmışdır. MTK heç vaxt İddiaçı görməmiş, ondan mənzilin dəyərini qəbul e tməmiş, mənzili ona göstərməmişdir. MTK ilə tamam başqa bir şəxs arasında binanın tikintisində işlədiləcək qırmızı kərpiclərin alınması və əvəzində nağd pul deyil İddiaçı adına yazılmış müqavilədə göstərilən mənzilin veriləcəyi barədə razılıq olmuşdur. Bu razılaşma ilə deyil tamam başqa bir şəxslə olmuşdur. Lakin həmin şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün onun təkidilə İddiaçı arasında imzalanmış müqavilə ləğv edilmişdir. Müqavilənin ləğv edildiyi barədə İddiaçı xx xxxxxx 2011-ci ildə rəsmi xəbərdarlıq göndərilmiş və xəbərdarlıq rəsmi qaydada qəbul edilmişdir. Həmin xəbərdarlıq adlanan əslində isə müqavilənin ləğvini nəzərdə tutan məktubda konkret olaraq göstərilmişdir ki, mənzilin əvəzində MTK-ya həmin məbləğdə inşaat materialı (kərpic) göndərilməli olduğu halda göndəri lmədiyi üçün bağlanmış müqavilə birtərəfli qaydada ləğv ediləcəkdir. Göründüyü kimi İddiaçı xəbərdarlığı qəbul etsə də, münasibət bildirməmiş, məktubu cavablandırmamışdır. MTK bu əsasla müqaviləni birtərəfli qaydada ləğv etmiş, daha sonra isə mənzili ona satmışdır. Göründüyü kimi İddiaçı ilə müqavilə bağlandıqdan sonra mənzil uzun müddət (üç il) heç kimə satılmayaraq 2014-cü ildə ona satılmışdır. İddiaçı mənzili almasından 8 il keçməsinə baxmayaraq heç vaxt mənzilə gəlməmiş, ümumiyyətlə mənzili görməmiş, mənzilə dair müqavilə birtərəfli qaydada ləğv ediləndən 8 il keçməsinə baxmayaraq cavabdehə qarşı heç bir tələblə çıxış etməmişdir. Bütün bu göstərilənlər bir daha sübut edir ki, iddiaçı mənzil müqaviləsi üzrə heç bir ödəniş etməmiş, müqavilə başqa bir şəxslə MTK arasında kərpic verilməsin i pərdələmək üçün imzalanmış pərdələnmiş əqddir. Göründüyü kimi, yalan əqd dedikdə, başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd başa düşülür. Yalan əqd də mahiyyətcə görünüş üçün bağlanır, lakin uydurma əqddən fərqli olaraq, yalan əqd tərəflərin əsl iradə ifadələrinə əsaslanan digər bir əqdi pərdələmək məqsədi ilə bağlanır. Yalan əqdlə pərdələnmiş əqd qanuni və qanunsuz ola bilər, bir qayda olaraq, yalan əqdlə əsasən qanunsuz əqd pərdələnir. Nə qədər ki, yalan əqdlər, ümumiyyətlə, əqdlərin mahiyyətinin əsas göstəricisi olan bu keyfiyyətlərə malik deyildirlər, onları qanuni əqd kimi qəbul etmək olmaz və onlar əhəmiyyətsizdirlər. İş üzrə cavabdeh olan MTK bəyan edir ki, bağlanmış müqavilə əslində binanın tikintisinə olan kərpicin verilməsi üçün bağlanmışdır və kərpic verilmədiyi üç ün də müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Göstərilənlərə əsasən xxxx İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Üçüncü şəxs xxx kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tə ləblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs xxx məhkəməyə teleqram göndərərək səhhətində ciddi problem yarandığından məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin səhhəti ilə bağlı məhkəməyə hər hansı bir sənəd göndərməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı xx xxxxx 2011-ci ildə Cavabdehndən müqavilə yolu ilə Cavabdeh, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-ya məxsus binadan birinci gir işin 11- ci mərtəbəsində 77 nömrəli 3 otaqlı 155,6 kvadrat metr sahəsi olan mənzili almış, həmin mənzilin dəyəri olan 77800 manat məbləğində pulu birdəfəyə nağd ödəmiş, daha sonra Cavabdeh MTK tərəfindən həmin mənzil qanunsuz olaraq xx xxxxxx 2014-cü il tarixli müqavilə əsasında 60000 manata xxxna təkrarən satılmış və hazırda İddiaçı ona məxsus olan mənzildən istifadə edə bilmir. İddiaçı hazırkı tələbində həmin mənzilə köçürülməsini, üçünxü şəxs isə iddiasında İddiaçı və Cavabdeh MTK-ya qarşı əqdin etibarsız hesab edilməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququd ur. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, xxx iddia tələbinə etirazının əsası kimi və özünün iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, eləcə də bu hallara dair mötəbər dəlillərə istinad etməmişdir. Belə ki, üçüncü şəxs xxxxx mübahisəli mənzilə görə iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilmədiyini, dəyəri əvəzində kərpic zavodunun sahibi xxx adlı şəxs tərəfind ən kərpic şəklində MTK-ya ödənilməsinin razılaşdırıldığını, lakin kərpicində tam verilmədiyini bildirsə də, bu dəlillər araşdırma zamanı öz təsdiqini tapmamışdır. Çünki, üçüncü şəxs Cavabdeh MTK-nın iddiaçı, yaxud xxx adlı şəxslə bu şərtlərlə yazılı müqavilə bağlamamasının yaxud bağlanmış müqaviləyə bu şərtlərin daxil edilməsinin istəməməsinin əsl səbəblərini inandırıcı şəkildə göstərə bilməmişdir. Bundan başqa Cavabdeh MTK mübahisəli mənzillə bağlı iddiaçıya qarşı hər hansı bir tələb irəli sürməmiş, o cümlədən mübahisəli mənzillə bağlı müqaviləni hər hansı bir formada mübahisələndirməmiş, müqavilə şərtlərindən əvvəldən məlumatı olmuşdur. Hazırda isə üçüncü şəxs müqavilənin formal xarakter daşıdığını bildirsə də, qeyd olunan şərtlərlə həmin müqavilənin bağlanmasına razılıq, həmçinin mənzil ə dair pay haqqının tam ödənilməsinə dair maliyyə sənədinin Cavabdeh MTK tərəfindən verilməsinin və iddiaçının hazırki iddianı irəli sürənədək həmin müqaviləni və maliyyə sənədini hər hansı bir formada mübahisələndirməməsinin də səbəblərini göstərə bilməmişdir. Göründüyü kimi, Cavabdeh MTK-nınmübahisəli mənzilə dair iddiaçı ilə yazılı müqavilə bağlaması, onun iradəsinə zidd, hər hansı kənar şəxsin təsiri, təzyiqi yaxud aldatması nəticəsində baş verməmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilməmişdir. Üçüncü şəxs xxxxxx iddiaçıya müqavilənin ləğvi təklifi haqqında məktubun MTK tərəfindən göndərilməsini bildirsə də, həmin xəbərdarlıq məktubunun iddiaçı tərəfindən alınmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməmək lə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmi n Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin İddiaçı mübahisəli mənzilə köçürülməsi ilə bağlı hissəsi əsaslı olduğundan təmin edilməklə və eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs xxxnun iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyas iya şikayətinin dəlilləri üçünü şəxsin iddia ərizəsində göstərdikləri dəlillərlə eyni məzmunludur və yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Üçüncü şəxs xxxxxxxxx iddia tələbinin əsası kimi istinad etdiyi və apellyas iya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh MTK ilə bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə 77800 manat pulu kooperativə tam ödəməklə mübahisəli mənzilə Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş 178.8-ci maddəsinə əsasə mülkiyyət hüququ əldə etmişdir, onun bu hüququ müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusi yasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Üçüncü şəxs xxxnun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8512/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar