Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6389/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi təyinatlı mənzil, sosial kirayə müqaviləsi, yaşayış sahəsinin boşaldılması, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarş ı “xüsusi təyinatlı mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4484/2022 nömrəli iş üzrə 01 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – iddiaçı və ya Nazirlik) balansında olan Bakı şəhəri Qaradağ rayonu “Puta” hərbi şəhərciyində Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) ayrılmışdır.
2. Birinci cavabdeh N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamla ona ayrılmış mübahisəli mənzili xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq 600 nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür.
3. Nazirliyin xx.xx.2021-ci il tarixli əmri ilə birinci cavabdeh həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və xx.xx.2022-ci il tarixli əmrlə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
4. İbrahimova (Kazımova) Yeganə İntiqam qızı (bundan sonra – ikinci cavabdeh) birinci cavabdehin arvadıdır və onunla birlikdə mübahisəli mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehləri n mübahisəli mənzildən çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, birinci cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti olmuş, “N” nömrəli hərbi hissənin divizionun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti nəzərə alınmaqla, ailə üzvləri ilə birlikdə yaşamaları üçün ona mübahisəli mənzil ayrılmışdır. Hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə mənzili şərtsiz olaraq 600 nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyi öhdəliyini yerinə yetirməmişdir. Bu barədə yazılı qaydada xəbərdar olunmuşdur.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci in stansiya məhkəməsi) 2(002)-859/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh hərbi xidmətdən öz arzusu ilə tərxis olunsa da, hazırda məhz hərbi xidmətdə 20 ildən artıq qulluq etdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyaçısıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehlərin başqa mənzillə təmin edilməsi halı da müəyyən edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 92, 97.2, 98.1, 101.1, 102.1, 102.2, 102.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4484/2022 nömrəli iş üzrə 01 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və R.M.Həsənov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə birinci cavabdeh arasında mülki hüquq münasibətləri olmamış, yaranmış mübahisə isə mülki hüquq münasibətlərindən deyil, inzibati hüquq münasibətlərindən yaranmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi iddianın ikinci cavabdehə aid hissəsinə münasibətdə qeyd etmişdir ki, o, iş üzrə birinci cavabdehin arvadıdır və ona qarşı yönəlmiş tələb birinci cavabdehə qarşı yönəlmiş tələbdən irəli gəlir və bu tələblərə birbirindən ayrı qaydada baxılması mümkün deyil.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh e dilməsinə dair» xx.xx.2012-ci il tarixli və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.N-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı əsassız və qanunsuzdur, qəbul edilərkən işin halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2-ci madd əsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növlərinin dəqiq siyahısını müəyyən etmişdir. Həmin iddia növlərinin əsas hissəsini bilavasitə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranmış inzibati hüquq münasibətləri təşkil edir. Hazırkı iddianın predmetini təşkil edən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma bilavasitə iddiaçı ilə cavabdehlər arasında mülki hüquq münasibətlərindən irəli gəlir və mülki icraat qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi
18. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasınd a kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
19. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz:...102.2.2. yaşa görə pensiyaçılar;...
20. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir.
21. Maddə 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir.
22. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xid məti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllə
23. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
24. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
25. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İnzibati Prosessual Məcəllə
30. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul ed ilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);...
31. Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.N-ci il tarixli qərarı
32. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerl i (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Baxılan iş üzrə iddiaçı inzibati orqan olsa da, cavabdeh əvvəllər iddiaçı ilə xidməti münasibətlərdə olmuş, lakin hazırda həmin münasibətlərə xitam verilmiş fiziki şəxsdir. Tərəflər arasında mübahisə hərbi xidmətlə bağlı ayrılmış xüsusi təyinatlı mənzildən cavabdehlərin çıxarılması ilə bağlıdır.
36. Nəzərə alınmalıdır ki, xüsusi təyinatlı mənzillərin ayrılması və həmin mənzillərlə bağlı sosial kirayə müqavilələrinə xitam verilməsinə dair müəy yən məsələlərin inzibati orqanların publik hüquq münasibətlərindən irəli gələn səlahiyyətləri ilə əlaqədar olması istisna edilməsə də, ümumilikdə xüsusi təyinatlı yaşayış sahələrinin ayrılması, onların istifadə edilməsi, bununla bağlı sosial kirayə müqavilələrinə xitam verilməsi, həmin yaşayış sahələrinin boşaldılması qaydaları Mənzil Məcəlləsinin X fəsli (Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onların istifadə edilməsi) ilə tənzimlənir.
37. Hazırkı iddia ərizəsində də iddiaçı birinci cavabdehlə xidməti hüquq münasibətlərinə xitam verildiyinə, onun götürdüyü yazılı öhdəliyə əsaslanaraq və aralarında bağlanmış sosial kirayə müqaviləsini xitam verilmiş hesab edərək, Mənzil Məcəlləsinin 102.1 və 103.3-cü maddələrinə istinadla cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını tələb e dir.
38. Göründüyü kimi, baxılan iş üzrə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onlar arasındakı mövcud münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyil.
39. İPM-in 8.1.3-cü maddəsinin mübahisəyə tətbiq olunub-oluna bilməməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin normaya əsasən inzibati orqanla sabiq hərbi qulluqçu arasında yaranmış hüquq münasibətləri o halda inzibati hüquq münasibətləri kimi xarakterizə oluna bilərdi ki, həmin münasibətlər əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri (misal, ödənilməmiş əmək haqqının yaxud məzuniyyət pulunun ödənilməsi, məlumat vərəqəsinin verilməsi və ya aidiyyəti quruma göndərilməsi və sair) ilə bağlı olsun. Lakin işdən müəyyən edilir ki, birinci cavabdehin hərbi qulluqçu kimi xidmətinə xitam verildiyindən o, hazırda hərbi qulluqçu statusuna malik deyil, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi isə qulluqda qalma müddətlərini əhatə edir. Başqa sözlə, iddiaçının birinci cavabdehə yönəltdiyi tələb artıq hərbi qulluqçu statusu olmayan fiziki şəxsin güman edilən hüquqi əsas olmadan yaşadığı xidməti mənzildən çıxarılması ilə bağlıdır ki, bu hal da İPM-in 2.1-ci maddəsi ilə təsbit olunan “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” qaydasına istisna təşkil etmir.
40. Bu baxımdan hazırkı iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə müvafiq olaraq xitam verilməsi üçün əsas olmamışdır.
41. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4484/2022 nömrəli iş üzrə 01 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.