Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-639/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 yanvar 2019-cu il İş № 2(102)-639/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1375/2018 saylı, 05 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddiaçı x1 cavabdeh x2 qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6440/2018 saylı, 23 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov, E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1375/2018 saylı, 05 mart 2018-ci il tarixli qətnaməsi iddiaçı x1 münasbətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6440/2018 saylı, 23 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu bir azyaşlı uşağı ilə birlikdə, ünvan 1-ə köçürülməyi və x3-yə hüquqi xidmətə görə ödədiyi 400 manat pulun cavabdeh x2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh x2 ilə 2002-ci il tarixdən faktiki nikah münasibətlərinə daxil olaraq birgə yaşamağa başlamışlar. Lakin, nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövr ərzində 23 aprel 2004-cü il tarixdə x4 adlı bir oğulları anadan olmuşdur. Birgə yaşadıqları dövr ərzində onlar 2007-ci ildə x5 adlanan yeni tikilidə, yəni, ünvan 1 mənzili almışlar. Evdə olan təmir işlərinin yarısı onun şəxsi maliyyə hesabına görülmüş, təmir işləri başa çatdıqdan sonra, 2010-cu il aprel ayında cehiz əmlak əşyaları sözügedən mübahisəli mənzilə yerləşdirilmiş və onlar həmin mənzilə köçüb yaşamağa başlamışlar. Cavabdeh x2 ilə əvvəllər münasibətləri normal olsa da, lakin, son vaxtlar aralarında olan münasibət kəskinləşdiyindən, cavabdeh onunla dəfələrlə mübahisə etmiş, sonuncu dəfə, yəni, 2017-ci ilin iyul ayının axırlarında, onunla möhkəm mübahisə edərək, onu və azyaşlı uşağını evdən qovmuşdur. Sonra isə mənzilin giriş qapısının açarını da dəyişmişdir. Bir müddət keçdikdən sonra, cavabdeh onun və azyaşlı uşağının geyim əşyalarını evdən çıxararaq, müvəqqəti kirayə qaldığı evin qapısına gətirib atmışdır. Sonra isə ev əşyalarının bir qismini gətirib onun kirayə yaşadığı evin qarşısına atmışdır. Hal-hazırda onun cehiz əmlak əşyalarının bir hissəsi mübahisəli evdə qalmışdır. O, sözügedən mübahisəli evdə cavabdeh x2 ilə 2010-cu ilin a prel ayından etibarən 2017ci ilin iyul ayına qədər orada birgə yaşayıb birgə təsərrüfat aparmışlar. O, müvəqqəti olaraq bir azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. Onun başqa yaşayış yeri yoxdur. O, dəfələrlə sözügedən mübahisəli evinə qayıtmaq istəsə belə, lakin, heç bir nəticə olmamışdır. Cavabdeh onu bu hüquqdan mərhum edib. O, hüquqlarının pozulması ilə əlaqədar olaraq x3 hüquq şirkətinə müraciət etmiş və ona hüquqi xidmət göstərilməsi üçün 400 manat ödəniş etmişdir. Hesab edir ki, iddia tələbi tam qanuni olduğundan o, bir azyaşlı uşağı ilə birlikdə, ünvan 1-ə köçürülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mad di və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6440/2018 saylı, 23 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 04.08.2012-ci il tarixli mənzil müqaviləsindən görünür ki, x5 alıcı x2 ilə müqav ilə bağlayaraq ünvan 1 ünvanında inşa edilmiş binada yerləşən 408 saylı mənzili 22809,5 manat müqabilində tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, tərəflər faktiki olaraq ər-arvad münasibətlərində olaraq 2002-ci il tarixdən 2017-ci il tarixədək birlikdə mübahisə predmeti olan mənzildə yaşamışlar. Tərəflər arasında nikah bağlanmamış, dövlət qeydiyyatına alınmamışdır. Mübahisə predmeti olan mənzil cavabdeh x2 məxsus olmaqla 2012-ci ildə əldə edilmişdir. İddiaçı cavabdeh tərəfindən mübahisə predmeti olan evdən çıxarılmış, birgə təsərrüfat aparmırlar, iddiaçı kirayədə yaşayır. Hazırda iddiaçı mübahisə predmeti olan mənzilin cavabdehlə birgə nikah münasibətində olduğu dövürdə əldə edildiyini, həmin mənzildən istifadə etmək hüququnun olduğunu və oraya köçürülməsini iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. İşdən göründüyü kimi tərəflər arasında nikah bağlanmamış, dövlət qeydiyyatına alınmamışdır. Tərəflər arasında ər-arvad münasibətlərindən irəli gələn hüquq və vəzifələr yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üz vləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə məxsus əmlakdan istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə olmadığından, iddiaçının həmin əmlakdan istifadə edə bilməsi üçün hüquqi əsas yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mü lkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi tərəflər arasında nikah qeydə alınmamaqla, qanunvericiliyin tələbinə görə iddiaçı cava bdehin ailə üzvü hesab edilmir. Bu baxımından Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin əsasları araşdırılan mübahisə üzrə tətbiq edilə bilməz. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı x1 cavabdeh x2 qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-639/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-639/2019
31.01.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver