Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6527/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Qoldman Tatyana Aleksandrovna və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-6003/2017, hakim E.Z.Ağayev) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələ binə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1259/2019, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: X5 X4 və həmkarlar təşkilatının 30 dekabr 1991-ci il tarixli qərarı ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 dekabr 1991-ci il tarixli 126 saylı qərarı ilə sovxozun fəhlə və qulluqçuları üçün ayrılmış torpaq sahəsindən 0,12 ha olmaqla 55 nömrəli sovxozun işçisi İddiaçı Əbsət qızına verilmişdir. 23 may 2017-ci il tarixdə İddiaçı Cavabde h qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ayrılmış 0,12 ha torpaq sahəsindən cavabdehin çıxarılması və vaqonun cavabdehin hesabına ərazidən uzaqlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ona ayrılmış 0,12 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini 2008-ci ildə Səidə Sultanovaya, 0,02 ha hissəsini isə Nərgiz Hüseynovaya satmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, etibarnamə əsasında satdığı həmin torpaq sahələri cavabdeh tərəfindən zəbt edilmiş və ora vaqon yerləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış süb utların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda cavabdehin sahibliyində olan torpaq sahəsinin onun mülkiyyətində olmasını sübut edə bilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin istifadəsində olan 0,5 ha torpaq sahəsinin iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Həmin ekspertizanın keçirilməsi AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, lakin AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 27 dekabr 2018-ci il tarixli arayışda İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları, miqyası, yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə sxemin əlavə edilməməsi səbəbindən müvafiq araşdırmanın aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbinin əsaslı olmasını, cavabdehə məxsus torpaq sahəsinin ona ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə dair əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6527/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6527/2019
24.10.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver