Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6546/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 və vəkili Rzayev Elvin Rəşid oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4157/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 sentyabr 2020-ci il tarixli, K-986 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsasland ırmışdır ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 sentyabr 2020-ci il tarixli K-986 nömrəli əmri ilə Lənkəran rayonu X5 tam orta məktəbinin direktoru vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 sentyabr 2020-ci il tarixli K-986 nömrəli əmri əsasız və qanunsuz olduğu üçün qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Lənkəran Rayon Təhsil Şöbəsi heç bir əsas göstərmədən onu işdən azad etmişlər. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə isə heç bir halda nə maddi, nə də hər hansı başqa formada ziyan dəyməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 fevral 2021-ci il tarixli, 2(005)-593/2 021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasənləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsi nin 68.1, 68.2a, 68.2e, 70ç, 71.2, 71.3, 72, 186.1, 186.2, 187.1, 187.2, 311-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Elşən Kazımov) 22 iyul 2021-ci il tarixli, 2(103)-4157/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-593/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxl anması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla müəyyən olunur ki, Lənkəran rayonunun bir sıra təhsil müəssisələrində baş verən qanunsuz hərəkətlər barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş vətəndaş müraciətini yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin 19 fevral 2020-ci il tarixli əmri ilə nazirliyin iki əməkdaşı Lənkəran şəhərinə ezam olunmuşdur. Yoxlama zamanı rayonun Şağlaküçə, Rvo, Yuxarı Nüvədi və Xolmilli kənd orta məktəblərində bir sıra nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur. Lənkəran rayonu X5 tam orta məktəbində aparılmış yoxlamanın nəticələrinə əsasən tərtib olunmuş 21 fevral 2020-ci il tarixli akta əsasən, qeyd olunan tarixdə məktəbdə olarkən məlum olmuşdur ki, Xİ sinifdə 23 şagirddən 20 şagird, X sinifdə 21 şagirddən 8 şagird, İXa sinfində 20 şagirddən 4 şagird, İXb sinfində 21 şagirddən 7 şagird dərslərdə iştirak etmirdilər. Araşdırma zamanı məlum olmuşdur ki, fakültətiv və dərnəklər keçirilməmişdir. Texniki işçilərin yoxlanması zamanı bütün işlərin yerində olması müəyyən edilmişdir. Mütəmadi olaraq işə gəlməyən texniki işçi aşkar edilməmişdir. Müəllimlərin yay məzuniyyəti dövründə olan tabel kitabı təqdim olunmamışdır. Aktı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndələri, habelə fəaliyyəti yoxlanılan məktəbin direktoru və direktor müavini imzalamışlar. Məktəbdə dərnək və dərsdənkənar məşğələlər tədris olunmadığı halda, dövlət büdcəsindən qanunsuz olaraq 4607,75 manat vəsait ödənilmişdir. Həmin vəs ait sonradan dövlət büdcəsinə bərpa olunmuşdur. Məktəbin tarix müəllimi Elnarə Qurbanova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Zülalə Məhərrəmova 2017/2018 və 2018/2019-cu dərs ili boyunca işə çıxmamış və 16 sentyabr 2019-cu il tarixdən təhsil müəssisəsinin maraqlarına zidd olaraq öz hesablarına məzuniyyətə buraxılmışlar. Z.Məhərrəmova faktiki olaraq Gəncə şəhərinə köçməsinə baxmayaraq, adı məktəb direktoru İddiaçı tərəfindən müəllim kontingentində saxlanılmışdır. Elnarə Qurbanova 15.11.2018-01.12.2018, 25.01.2019-01.02.2019, 16.06.2019-23.11.2019-cu il tarixlərində üzrsüz səbəbdən işə gəlmədiyi halda, ona 440,61 manat əmək haqqı ödənilmişdir. E.Qurbanovanın da adı müəllim kontingentində saxlanılmışdır. Keçirilmiş monitorinqlər zamanı təhsil müəssisəsində 6-cı və 7-ci saat dərslərin tə dris edilmədiyi müəyyən edilmişdir. İşdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Şagirdlərin kütləvi şəkildə dərslərdə iştirak etməməsi, fakültətiv və dərnək məşğələləri keçirilmədiyi halda, dövlət büdcəsindən qanunsuz olaraq 4607,75 manat vəsait ödənilməsi, işə gəlməyən müəllimlərə əmək haqqı ödənilməsi, onların adının müəllim kontingentində saxlanılması həm işəgötürənin, həm də dövlətin qanuni mənafeyinə ciddi xələl gətirir. Buna görə də İddiaçı hərəkətləri nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməməsi barədə apelyasiya şikayətinin dəlili əsassızdır. İşçiyə intizam tənbehinin xətanın aşkar edildiyi gündən 7 ay keçəndən sonra verilməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçının işdən azad olunmasına əsas olan sənədlərdən biri Lənkəran rayonu X5 tam orta məktəbində aparılmış yoxlamanın nəticələri olmuşdur. Yoxlama zamanı məktəbin maliyyə-təsərrüfat fəaliyyətində də qanun pozuntuları aşkar olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi nə əsasən xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmiş, bu məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiy a şikayəti onunla əsaslandırılmışdır ki, o, 23 il fasiləsiz əmək stajının 10 ilini məktəb direktoru vəzifəsində işləmişdir. 21.02.2020-ci ildə tərtib edilmiş aktın tərtib edilməsindən 7 ay keçmiş və həmin müddətdə o, məktəbin direktoru vəzifəsində çalışmışdır. 7 ay ərzində işçi ilə əmək münasibətləri davam etdirilmiş və bu müddət ərzində ona hər hansı tənbeh tədbiri görülməmiş, irad belə bildirilməmişdir. Bu müddət ərzində onun fəaliyyəti müsbət qiymətləndirilmişdir. Bundan əlavə, qeyd edilən akt iddiaçıya intizam tənbehi verilməsinə əsas olsa idi, bu pozuntunun aşkar olunmasından bir ay keçənədək verilməli idi. Belə ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. G öründüyü kimi, intizam tənbehinin verilməsi üçün əsas olmuş hallar aşkar edildikdən 7 ay sonra o, işdən çıxarılmışdır. Cavabdeh işəgötürən tərəfindən onun əmək müqaviləsinə xitam verilərkən onun tərəfindən əmək funksiyalarının və öhdəliklərin yerinə yetirilməməsinə istinad olunsa da, barəsində intizam tənbehi qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməmişdir. Bundan başqa, aktda göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, məktəbdə fakültətiv dərnəklər keçirilmiş, jurnallar, cədvəllər müəyyən olunmuş qaydada tərtib edilmişdir. Yoxlama zamanı dərslərdə iştirak etməyən kimi qeyd olunan şagirdlər məhz həmin gün X4 günü münasibətilə məktəbdə təşkil olunan tədbirdə olmuşlar. Bu fakt həmin şagirdlərin veridiyi ərizə izahatlarla və rəqəmsal fotoaparatla çəkilmiş tarix əks olunan şəkillərlə təsdiq olunur. Digər tərəfdən15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən məktəbdə heç bir vaxt monitorinq aparılmamışdır. Onunla əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı da müəyyən edilməlidir. Birinci və apelyasiya instansiya məhkəmə iclaslarında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, ona müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, uzun müddət həmin qurumda işləməsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qeyd edir ki, onun hər hansı təqs irli hərəkəti və ya hərəkətsizliyi nəticəsində işəgötürənə hər hansı maddi ziyan vurulmamış və əmək fəaliyyəti zamanı hər hansı kobud səhvə, hüquq pozuntusuna yol verməmiş, bunun nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə cidd xələl gətirməmişdir. Cavabdeh tərəfindən əmr imzalanarkən onunla bağlanmış əmək müqaviləsinin şərtləri, Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi qaydaları haqqında maddələrin tələbləri pozulmuşdur. Cavabdeh özünün şəxsi mülahizəsinə əsasən və yaxud digər şəxslərin səhv, yanlış, formal sənədlərinə istinad edərək onun işdən azad edilməsi barədə əmr imzalamışdır. Beləliklə, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün məhkəmə işi obyektiv və hərtərəfli araşdırmamış, yalnız cavabdehin formal mülahizələrinə istinad etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X 2 və vəkili Rzayev Elvin Rəşid oğlu kasasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2 Bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiy atsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. Maddə 187.3. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində də apelyasiya şikayətində olduğu kimi onun tərəfindən hər hansı pozuntuya yol verilmədiyini, tərtib edilmiş 18.02.2020-ci il tarixli aktın həqiqəti əks etdirmədiyini, akt tərtib edildikdən 7 ay sonra onun işdən azad edilməsini, halbuki pozuntu aşkar edildikdə n sonra 1 ay müddətində onun barəsində intizam tənbehi tətbq edilməsinin mümkünlüyünü göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən aktın həqiqəti əks etdirmədiyini bildirmiş olsa da, həmin aktdan (səh 48) görünür ki, iddiaçı özü də həmin akta imza etmiş, bununla da o, aşkar edilmiş pozuntularla razılaşmasını öz imzası ilə təsdiq etmişdir. Digər tərəfdən o, Təhsil Nazirliyinə yazmış olduğu 18.06.2020-ci il tarixli izahatında (səh 49) dərsdənkənar dərnəklər üzrə məktəbə ayrılmış 4612 manat pulun nağd qaydada büdcəyə qaytarılmasını göstərmişdir ki, bununla da o, həmin dərnəklərin keçirilməməsini təsdiq etmiş olmuşdur. Çünki, əgər həmin dərnəklər keçirilmiş olsa idi, iddiaçı hansı səbəbə qeyd edilən məbləğdə vəsaitin büdcəyə nağd qaydada köçürülm əsini təmin etmiş olurdu. Həmçinin iddiaçının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə istinadən aşkar edilmiş pozuntulardan 7 ay müddət keçəndən sonra barəsində intizam tənbehinin tətbiq edilməsinin qanunsuzluğu ilə bağlı qeyd edilməlidir ki, bu halı iddiaçı apelyasiya şikayətində də dəlil olaraq göstərmiş, apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə haqlı olaraq Əmək Məcəlləsinin 187-cü maddəsinin 3-cü hissəsinə istinad edərək, həmin müddətin bir ay deyil, iki il təşkil etməsini vurğulamış, həmin müddətin keçmədiyinə iddiaçının diqqətini cəlb etmişdir. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlar ı nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4157/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.