Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-670/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın açıq hərracdan satılması, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış mənzil Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4116/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.1975-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 1976-cı il təvəllüdlü Elnur, 1977-ci təvəllüdlü Ceyran və 1984-cü il təvəllüdülü Tural adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4146/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2017 n ömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 81 saylı mənzilinə (bundan sonra – mübahisəli mənzil) aid hissədə ləğv edilərək həmin mənzilə dair “xxxx” MTK-da olan paya tərəflərin hər birinin ikidə bir hissədə mülkiyyət hüququ tanınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-350/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazı idarəsinə qarşı “mənzilə hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehə hə valə olunması tələbinə dair” iddiası təmin edilərək mübahisəli mənzilin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi İdarənin üzərinə qoyulmuşdur. Qərarın icrası qaydasında mübahisəli mənzilin 1/2 hissəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mənzilin digər 1/2 hissəsi daşınmaz əmlakın dövlət reyestirndə qeydiyyatdan keçməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-561/2019 nömrəli iş üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “əmlakda payların naturada ayrılması tələbinə dair” iddiası təmin edilməmişdir. Həmin iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən mübahisəli mən zilin tərəflərin 1/2 hissədə paylarına uyğun olaraq bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə paylı mülkiyyətlərində olan mübahisəli mənzilin açıq hərracda satılması və əldə edilən məbləğin paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iki otaqdan, bir mətbəxdən, bir hamam-tualetdən və digər yardımçı sahələrdən ibarətdir. Mənzilin bir giriş qapısı mövcuddur. Ekspert rəyinə görə, adı çəkilən ünvanda yerləşən mənzilin təcrid mənzillər şəklində iki hissəyə bölünməsi “İnşaat Norma və Qaydalarının 2.08.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələbləri baxımından mümkün deyil. Mənzildə cavabdehlə yaşaması da mümkünsüzdür. Dəfələrlə cavabdehə təklif etmişdir ki, ona razılığa gələcəyi məbləğdə pul versin ki, o özünə mənzil əldə etsin. Əvəzində isə mübahisəli mənzildə olan payından onun xeyrinə imtina etsin. O, buna razılıq verməmişdir. Belə olan halda cavabdehə öz payını satmağını bir neçə dəfə təklif etmiş və 90000 manata razı olduğunu demişdir. Cavabdeh buna razılıq verməmişdir. Mənzilin natura şəkilndə ayrılması mümkün olmadığından cavabdehə, həmçinin mənzilin birgə satılmasını, satışdan əldə edilən pulun aralarında bərabər bölünməsini də təkilf etmiş, lakin cavabdeh buna da razılaşmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-113/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla mübahisəli mənzilin tərəflərin hər birinin mülkiyyətində olan 1/2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh tərəfindən satın almaqda üstünlük hüququndan istifadə edilməməsi müəyyən olunduğuna görə həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tərəflərin arasında paylarına uyğun olaraq bölüşdürülməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 213.1, 213.2, 218.1, 218.2, 220.2, 220.3, 220.4, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4116/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgü n tətbiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla mübahisəli mənzilin tərəflərin hər birinin mülkiyyətində olan 1/2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh tərəfindən satın almaqda üstünlük hüququndan istifadə edilməməsi müəyyən olunduğuna görə həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tərəflərin arasında paylarına uyğun olaraq bölüşdürülməlidir. Təklifin çatdırılmamasına dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan və xx.xx.2018-ci il tarixli bildirişdən və onun sifarişli poçt vasitəsi ilə göndərildiyini təsdiq edən poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən mübahisəli mənzilin öz payına düşən 1/2 hissəsinin 90000 manata cavabdeh tərəfindən satın alınmasına dair təklif verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tətbiqində səhv nəticəyə gəlmişdir. Belə ki, paylı mülkiyyətdə payı olan iddiaçı öz payının üçüncü şəxsə satmaq niyyəti barədə payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin digər iştirakçısı olan cavabdehə yazılı bildiriş verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş yazılı etirazda heç bir hüquqi əsası olmayan kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məh kəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (maddə 146.3). Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə o lan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya öd ənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220). Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır (maddə 414.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzilin ½ hissəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınmış, məhkəmə qaydasında cavabdehin pay hüququnun tanındığı digər ½ hissə isə reyestrdə qeydə alınmamışdır. İddiaçı bütün mənzilin açıq hərracda satılmasını və satışdan əldə olunan vəsaitin aralarında bölünməsini xahiş edir. İddianı əsaslı hesab edərək təmin etmiş məhkəmələr nəzərə almamışlar ki, Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qanunverici reyestrdə qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin təsdiqlənməsini qadağan edir və bu cür əmlak barəsində bağlanmış müqavilələri etibarsız sayır (maddə 146.3). Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 414.1-ci maddəsinə əsasən daşınmaz əmlakın hərrac dan satılması həmin əmlaka dair alqı-satqının xüsusi növü kimi çıxış etdiyindən belə əmlakların alqı-satqısına dair ümumi qaydalar onların hərracdan satılmasına da şamil edilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə koll egiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4116/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-670/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-670/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver