Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6701/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5885/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********20516 olan “X1 10” markalı telefon üçün 2.580 manat məbləğində ödənilməmiş hissə və 645 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 3.225 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3.255 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20516 olan “X1 10” markalı telefon almış və nəticədə 3.225 man at məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2.775 manat (12 ay x 215 manat + 195 manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********20516 olan “X1 10” markalı telefon üçün 3.225 manat məbləğində olmaqla, ondan 2.580 manat məbləğində ödənilməmiş hissə və 645 manat məbləğində dəbbə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 195 manat məbləğində təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, iddiaçı "xxxx" MMC müştərinin ödədiyi məbləğin 50% qədər hissəsi penya ödənilməsinə yönədilə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 mart 2021-ci il tarixli, 2(005)-799/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddianın qismən təmin edilməsi, 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20516 olan “X1 10” markalı telefon üçün 2.580 manat məbləğində ödənilməmiş hissə və 100 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2.680 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Mə suliyyətli Cəmiyyəti arasında bağlanmış 04 dekabr 2019cu il tarixli müqaviləyə əsasən cavabdeh şəxs İMEİ kodu **********20516 olan “X1 10” markalı telefon almış və nəticədə 3.225 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, ödənilməmiş hissəyə hesablanmış manat məbləğində dəbbə borcu 100 manat müəyyən edilərək, cavabdeh şəxsdən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin385.1, 386.1, 425.1, 442, 445, 448.1, 462.1, 465.2, 467, 600.1, 600.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiy a şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski- sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Şərafət Məmmədova) 29 iyun 2021-ci il tarixli, 2(103)-5885/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(005)-799/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur, borc, hesablanma və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil Salam oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İMEİ kodu ********* *20516 olan "X1 10” markalı telefon onun tərəfindən alındığı gündən telefon tamamilə nasaz vəziyyətdə olmuşdur. Telefon alındığı ilk gündən proqramların ilişməsi və telefonun donması müşahidə olunmuşdur. Kameranın bulanıq olması sensorun yetəri qədər normal vəziyyətdə olmaması dəfələrlə "ABC Telecom” MMC-yə bildirilmişdir. Amma ki, "xxxx" MMC tərəfindən hona verilən cavablar həmişə formal olmuşdur. Dəfələrlə müraciətlər etməsinə baxmayaraq, hər dəfəsində keçəri problem olduğu bildirilmişdir. Ona telefonun qüsursuz olmasına dair müqaviləyə qol çəkdirilsə də, heç də telefon onun yanında yoxlanılmamış və müqavilənin şərtləri izah edilməmişdir. Lakin apelyasiya məhkəməsi bu faktlara istinad etməkdən sanki çəkinmişdir. Hesab edir ki, hazırki qərar tam qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil Salam oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti apelyasiya şikayətində olduğu kimi formal dəlillə, yəni almış olduğu mobil telefonda qüsurlar olması səbəbindən müqavilə şərtlərinin pozulması ilə əlaqələndirməyə çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlayıb satın almış olduğu əmlakı təhvil alarkən əmlakın yararlı, işlək vəziyyətdə olması barədə təhvil-təsil aktına imza etmişdir. Buradan da aydın olur ki, iddiaçı cavabdehə müqavilənin şərtlərinə uyğun əmlakı təhvil vermiş, cavabdeh də həmin əmlakı təhvil alaraq müqavilə üzrə yaranmış öhdəliklərin icraçısı olmuşdur. Odur ki, apelyasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5885/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.