Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-672/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-2891/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Şəfiyeva, iş № 2(012)-1043/2019) İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin zəbtinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdehlərin İddiaçı mülkiyyətində olan N qəsəbəsində yerləşən 0,0413 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Abbasov, Ş.R.Abasov və T.Q.Məmmədov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0413 ha torpaq sahəsi xx xxxxxxxx 2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. X3 ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsini zəbt etdiklər i üçün İddiaçı Nun həmin torpaq sahəsindən çıxarılması barədə iddia qaldırmış və Abşeron rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin iş üzrə irəli sürdüyü iddia tələbində Nla yaşayan ailə üzvlərinin də həmin torpaq sahəsindən çıxarılması tələb olunmadığından İddiaçı hazırkı iddia tələbində Nun ailə üzvlərinin də həmin torpaq sahəsindən çıxarılmalarını tələb etmiş və tələbini həmin şəxslərin ona məxsus torpaq sahəsindən qanunsuz istifadə etmələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək məhkəmə kollegiyasının İddiaçı tələbinin əsaslı olmasını təsdiq edən sübut kimi istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın qanuniliyinin onlar tərəfindən baş qa işdə mübahisələndirilməsini, belə vəziyyətdə iddianın təmin edilməsinin əsassız olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında cavabdehlərin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmələri heç bir hüquqi əsasa söykənmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdehlərin mübahisəli torpaq sahəsindən istifadəsi iddiaçının mülkiyyət hüququnu pozduğundan, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən Dövlət Reyestrindən Çıxarış qüvvədə olmaqla orada aparılmış qeydiyyatın qeyri-dəqiqliyi sübuta yetir ilmədiyindən məhkəmənin həmin çıxarışa əsaslanması qanuni olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. İddiaçının adına olan Reyestrdən Çıxarışın qanuniliyinin başqa iş üzrə mübahisələndirilməsi iddianın rədd edilməsi üçün əsas vermədiyindən kollegiya kassasiya şikayətinin bu barədə olan dəlilini əsassız sayır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-672/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-672/2020
29.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver