Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6803/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili X2, Cavabdeh2 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov, iş № 2(011)-xx/18) İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və E.Kazımov, iş № 2(103)xx/18) apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mə nzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşağı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 1/44 saylı evə yaşayış hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq ollunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili R.Qocayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh2 və vəkili R.Əliyev kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Digər Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı2 və Cavabdeh2 21.07.2006-cı ildə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların 06.05.2007-ci il tarixində bir oğlan övladları dünyaya gəlmişdir. Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 1/44 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipote ka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq tərəflər arasında yaranmış münasibətlərə 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin m üvafiq müddəalarını tətbiq etmişdir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı oğlu ilə birlikdə cavabdehlərin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 1/44 saylı evdə deyil, digər Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 1/44 “d” saylı evdə yaşayır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli evə isifadə h üququ yaranmadığından onun iddiası təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. İşdən göründüyü kimi, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan i stifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xxx/18saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6803/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6803/2019
12.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver