Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-681/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1330/2024 nömrəli, 2024 -cü il 9 oktyabr tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 39,60 kv.metr sahədən ibarət olan 36 nömrəli mənzil (bundan sonra – mübahisəli mənzil) Cavabdeh1 4 ailə üzvü nəzərə alınmaqla verilmişdir (əsas 1989-cu il 14 aprel tarixli, 177 nömrəli order). Sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Digər cavabdehlər Cavabdeh1 əvvəlki nikahından olan övladlarıdır.
2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 ilə 12 iyun 2007-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar, birgə nikahdan 19 may 2008-ci il təvəllüdlü X1 anadan olmuşdur.
3. Tovuz Rayon Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 9 yanvar 2025-ci il tarixdə müvafiq qətnamə elektron kabinet vasitəsilə tərəflərə təqdim edilmiş, 8 fevral 2025-ci il tarixdə Cavabdeh1 ölmüşdür. 16 fevral 2025-ci il tarixdə qətnamə icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, onun mübahisəli mənzilə istifadə hüququnun tanınması, qızı ilə birlikdə göstərilən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1lə nikaha daxil olduqdan sonra, arvadı kimi ona aid olan mübahisəli mənzilə köçmüşdür. Həmin mənzildə yaşayarkən birgə nikahdan 2008-ci il təvəllüdlü X1 anadan olmuşdur. 2023-cü ilin iyun ayına qədər bu mənzildə əri, qızı, ərinin birinci arvadından olan oğlu Mehman ilə bir yaşamışlar. Cavabdeh1 xəstə olduğundan o, bu illər ərzində ona baxmışdır. Bütün əziyyətini çəkmişdir. Lakin 2022-ci ildə ərinin birinci arvadından olan qızı Nümayəndə Türkiyədən qayıtdıqdan sonra aralarında münasibətləri gərginləşdirərək, dözülməz həddə çatdırmışdır. Sonra isə onu və qızı Əsməri evdən qovmuşdur. Qızı Əsmər həmin mənzildə qeydiyyatdadır. Onu isə qeydiyyata almasalar da 16 il ərzində orada yaşamışdır. İndi onları qovandan sonra kürəkəninin evinə gəlmiş, burada müvəqqəti məskunlaşmışdır. Bildirmək istəyir ki, mənzil dövlət fonduna aiddir. Özəl deyildir. Mənzilin əsas kirayədarı əri Cavabdeh1dir. Dəfələrlə mənzilə daxil olmaq istəsə də ərinin birinci arvadından olan oğlu Mehman və qızı Adilə onları mənzilə buraxmırlar. Həddi-buluğa çatmayan uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. Həddibuluğa çatmış ailə üzvləri göstərilən kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, onlar yola getməyəcəklər. Nikahlarının qüvvədə olmasına baxmayaraq, boşanma barədə ərizə vermişlər.
7. Birinci instansiya məhkəməsində Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçı evə gəlməsin. Lakin bacısı gəlsin. Gəlsə ona baxar.
8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 15 may 2024-cü il tarixli, 2(060)-1678/2024 nömrəli qətnaməsi ilə (hakim-Aynur Behbudova) iddia tələbi qismən təmin edilmiş, iddiaçının ö vladı X1 ilə birlikdə mübahisəli mənzilə köçürülməsi qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi işin faktiki hallarına istinad edərək göstərmişdir ki, cabahdehlər etirazının əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Onların dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Uşağın mübahisəli evə köçürülməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən isə yetkinlik yaşına çatmayan fiziki şəxslər öz valideynləri və ya qəyyumları (himayəçiləri) ilə birlikdə yaşamalıdırlar. MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından is tifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225.1, 228-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.8-ci bəndi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və ol duğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin mənzilə istifadə hüqunun təmin edilməməsi hissəsində ləğv edilməsini, onun mübahisəli mənzilə istifadə hüququnun tan ınmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MM-nin 228.1-ci maddəsini düzgün tətbiq və təfsir etməmiş, nəticədə onun mənzilə istifadə hüqunun tanınmaması ilə nəticələnən səhv və qanunsuz qərar qəbul etmiş və onun mənzilə yaranmış konstitusion hüququnu pozmuşdur. Cavabdeh1 adı çəkilən mənzilə mülkyyət hüququ yoxdur, mənzil dövlət balansında olmaqla, mənzil kirayə müqaviləsinə əsasən onun icarəsində və sahibliyindədir. MM-nin 228.1-ci maddəsi isə mənzil şəxsin mülkiyyətində olduqda tətbiq edilir. O, 2005-ci ildən həmin mənzildə yaşayır, 2007-ci ildən isə rəsmi nikahları vardır. Həmin illərdə, yəni, yeni Mənzil Məcəlləsi qəbul edilənədək o, mənzilə köçürüldüyünə görə onun mənzilə istifadə hüququ 2009-cu ilə qədər q üvvədə olmuş Mənzil Məcəlləsinə əsasən yaranmışdır və bu münasibətlərin yaranması da həmin Məcəllənin normaları ilə müəyyən edilməlidir. 2009-cu ilə qədər qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri hazırkı mübahisəyə tətbiq edilməlidir. Həmin maddənin birinci hissəsinin şərhi haqqında Konstitusiya Məhkəməsinin 2014-cü il 14 aprel tarixli qərarında da icarədar tərəfindən mənzilə köçürülən şəxslərin mənzilə istifadə hüququnun yaranması tanınır və təsdiq edilir. Konstitusiya Məhkəməsinin bu qərarı qüvvədə olduğu üçün həmin normalarla şəxsin mənzilə istifadə hüququ tanınmalıdır. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş yoxdursa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə ist ifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə onun mənzilə köçdüyü zaman qüvvədə olan maddi hüqquq normasını deyil, ondan sonra qəbul edilmiş normanı tətbiq etmiş və səhv qərar qəbul edilməsi ilə nəticələnən qərar qəbul edilmişdir.
13. Cavabdeh1 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini qismən, ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv etməklə mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, artıq nikahın pozulması barədə mülki iş məhkəməyə təqdim olunmuşdur. Mənzil cavabdehin potensial mülkü sayılır və iddiaçının bu evə istifadə hüququ yoxdur və onun bu mənzil ə köçürülməsi də əsassızdır. Mübahisəli mənzilin orderində iddiaçının adı belə yoxdur və o, mənzili bir il bundan qabaq daimi tərk edərək getmiş, ona - yataq xəstəsi olan 1-ci qrup əlil insana baxmamış, lakin indi ondan mənzil, aliment tələb edir. Onun bu mənzil üzərində gözlənilən mülkiyyət hüququ vardır və bu hüquq iddiaçı ilə ailə həyatı qurmamışdan qabaq yaranmışdır. Bu halda onun bu mənzilə istifadə hüququ tanına bilməz və onun bu mənzilə köçürülməsi üçün də əsas yoxdur. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə iddiaçının bu mənzildən daimi olaraq öz istəyi ilə köçməsini və mənzildə ona məxsus hər hansı bir əmlakın belə olmamasını və mənzilin cavabdehin potensial mülkiyyəti sayılmasını, iddiaçı ilə nikaha girməmişdən qabaq əldə etdiyini nəzər ə almayaraq onun mənzilə köçürülməsinə qərar vermişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(105)-1330/2024 nömrəli, 2024-cü il 9 oktyabr tarixli qətnaməsi ilə (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmməd) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi tam təmin edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə yaranmışdır və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsini tətbiq etməməklə və İddiaçı mənzilə istfadə hüququnu tanınmasına dair iddiasının təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. İddiaçının mübahisəli mənzilə 2007-ci ildən istifadə hüququ yaranmışdır və hal-hazırdakı vaxtadək mövcuddur.
17. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 şikayətin “mənzil üzərində gözlənilən mülkiyyət hüququn olması, bu hüququn iddiaçı ilə ailə həyatı qurmamışdan qabaq yaranması və iddiaçının bu evə istifadə hüququn olmaması” ilə bağlı dəlillərə hüquqi qiymət verərək, qeyd etmişdir ki, köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irə li gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmçinin kollegiya cavabdehin şikayətin “iddiaçının mənzili daimi olaraq tərk etməsi, başqa ünvana köçməsi” ilə bağlı dəlillərə hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, həmin hallar məhkəmə araşdırmaları zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığından, əsaslı hesab oluna bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci, xx.xx.1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (qüvvədən düşüb) 53-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkə məsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apelyasiya şikayətin ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçı ilə ailə həyatı qurmamışdan qabaq da bu mənzilə çıxarış almaq hüququ olmuş, bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq bu mənzilə cavabdehin mülkiyyəti, əmlakı kimi baxaraq maddi normalar əsasında yaranmış mübahisəyə qiymət vermişdir. Bundan başqa cavabdeh iddiaçı ilə xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında boşanmış və ailə münasibətlərinə xitam verilmişdir.
21. Mənzillə bağlı mübahisəyə baxan məhkəmə mənzili cavabdehin əmlakı kimi baxmaqla mülkiyyətlə bağlı tətbiq edilməli olan maddi normaları tətbiq etməli oldugu halda qüvvədən düşmüş Mənzil Məcəlləsinə istinad etmişdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bu halda onun bu mənzilə istifadə hüququ tanına bilməz və onun bu mənzilə köçürülməsi üçün də əsas yoxdur.
22. Məhkəmə mübahisəli mənzilə dair orderin 1989-cu ildən cavabdehin adına verilməsinə və həmin orderdə yalnız cavabdehin birinci nikahdan olan uşaqlarının adlarının qeyd olunmasına və iddiaçının qeyd edilən mənzilə yaşayış və istifadə hüququ təsdiqləyən hər hansı bir sübutun olmamasına baxmayaraq cavabdeh tərəfindən təqdim olunan sübutları nəzərə almamış və birtərəfli qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişd irilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi:
27. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırası ndan çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mülki Prosessual Məcəllə:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğu n əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, hazırkı iş üzrə kassasiya şikayəti vermiş cavabdeh 8 fevral 2025-ci il tarixdə vəfat etmişdir. MPM-i n tələblərinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. (maddə 58)
41. Məhkəmə kollegiyası göstərilənlərə əsasən bu qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən, kassasiya şikayəti verən Cavabdeh1, övladları olan digər cavabdehlər – Nümayəndə və Cavabdeh3 ilə əvəz edilməlidir.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək və apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hüququn tətbiqində səhvə yol verilməmiş, münasibətlərin yaranma dövrünə (2007-ci il) və mübahisəli mənzilin statusuna (order əsasında məxsus olması) uyğun olaraq həmin dövrdə qüvvədə olan maddi hüquq norması kimi Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsi düzgün tətbiq edilmiş, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququnun olması ilə bağlı düzgün qənaətə gəlinmişdir.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçı ilə nikahın pozulmasına və bu əsasla da onun istifadə hüququnun olmamasına d air dəlillərini də əsassız hesab edərək qeyd edir ki, mübahisəli mənzilin sahibi olan iddiaçının əri iş kassasiya icraatında olduğu dövrdə ölmüş, apellyasiya instansiyası məhkəməsi bu baxımdan araşdırma aparmaq imkanına malik olmamışdır. Lakin bir hal da qeyd edilməlidir ki, “AZEMİS” elektron məhkəmə sistemindəki məlumatlara əsasən Tovuz Rayon Məhkəməsinin 9 dekabr 2024cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 9 yanvar 2025-ci il tarixdə müvafiq qətnamə elektron kabinet vasitəsilə tərəflərə təqdim edilmiş, lakin qətnamə qanuni qüvvəsini almadan - 8 fevral 2025-ci il tarixdə Cavabdeh1 ölmüşdür. 44. “Ailə Məcəlləsinin 23.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozulduqda bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmi ş sayılır. Nikahın pozulması haqda məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi dedikdə, məhkəmənin işi mahiyyəti üzrə həll edərək qəbul etdiyi qərarın mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş qaydada (müddətlər çərçivəsində) hüquqi qüvvə əldə etməsi nəzərdə tutulur... Məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən ölməsi, iş üzrə icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və tərəflərin ər-arvad statusunun ləğv edilməməsi, eləcə də onların bu statusdan irəli gələn hüquq və vəzifələrinin davam etməsi ilə nəticələnir.... Göründüyü kimi, nikaha xitam verilməsi üçün iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minməsi zəruri olduğundan, nikahın pozulması barədə məh kəmədə iddianın qaldırılması ər-arvadın bir-birini vərəsəlik hüququndan məhrum etməsi üçün kifayət deyildir. Belə ki, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddiaçı iddiadan imtina edə bilər, tərəflər barışa bilər və s. hallar baş verə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli Qərarı)
45. MM-nin 1164-cü maddəsinə görə, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
46. Konstitusiya Məhkəməsinin sözügedən mövqeyi və hazırkı iş üzrə, iddiaçının vərəsəlik hüququndan məhru m edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması səbəbindən, nikahın pozulmasına dair qətnamə qəbul edilməsi nəticəsində nəinki iddiaçının istifadə hüququ itirilməmiş, hətta ölüm səbəbi ilə, vərəsəlik hüququndan irəli gələn mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi də yaranmışdır.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 21 7, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1330/2024 nömrəli, 2024-cü il 9 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxla nılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.