Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-685/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin əsaslandırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı torpaq üzərində vərəsəlik hüququnun bərpası tələbinə dai r Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2314/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər X1 və Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı torpaq üzərində vərəsəlik hüququnun bərpası barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Quruzma kəndində yerləşən 0,1999 ha torpaq sahəsinin ½ hissəsinə X1 Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində verilmiş 28 iyun 2018 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras torpaq sahəsinin tam olaraq vəsiyyətnamə üzrə vərəsə tərəfindən qəbul edilmiş hesab olunması, miras torpaq sahəsi üzərində vərəsəlik hüququnun bərpası və həmin mirasa dair tam olaraq onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh X2 vəfat etdiyindən Cavabdeh1 onun prosessual hüquqi varisi kimi tanınmışdır.
3. Birinci instansiya məhkəməsinin 2(056)-283/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi il ə (hakim Nurəddin Bağırov) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2314/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Nüsrət Mirzəyev) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətini lazımi məzmunda tərtib etməmişdir. Belə ki, apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində apellyator tərəfindən düzgün tətbiq edilmədiyi iddia edilən maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1243.1, 1243.2, 1243.3, 1273-1, 1262, 1246, 375.2, 376, 377 və 384-cü maddələri göstərilmiş, lakin həmin normaların qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olması və bu halların nə ilə nəticələndiyinə dair mövqeyi izah edilməmişdir. Bundan başqa, apellyasiya şikayətinin “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində apellyator tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan s onra – MPM) 77.1, 81 və 220.4-cü maddələrinə istinad edilmiş, lakin həmin prosessual hüquq normalarının qarşısında onların düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair hər hansı mövqe bildirilməmiş, yalnız sözügedən maddələrin mətni qeyd edilmişdir. Həmçinin, iddiaçı apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi əsasları qeyd edərkən həmin hissələrdə apellyasiya şikayətinin MPM ilə nəzərdə tutulmuş formaya dair tələblərinə əməl etməmişdir. Beləliklə iddiaçı tərəfindən apellyasiya şikayəti MPM-in 2 saylı Əlavəsində göstərilən formaya uyğun tərtib edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni MPM-in 361.1.5, 363.1.1-1-1, 364.1, 361-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı (V əkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin mümkün hesab edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə formal əsaslara görə işin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul etmiş, MPM-in 361-ci maddəsini düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
11. Maddə 361.1 Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir....361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesa b etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar...
12. Maddə 363.1.1-1 və 363.2. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
13. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlan ılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadında qeyd edilmişdir ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətini MPM-in 385.1.1-385.1.4-cü maddələrinə və MPM-in 2 saylı Əlavəsinin tələblərinə uyğun əsaslandırmamışdır.
18. Halbuki iddiaçı təqdim etdiyi apellyasiya şikayətinin 6-11-ci bəndlərində 5 və 6-cı bəndlərdə istinad etdiyi və mətnini əlavə etdiyi həm maddi, həm də prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərini ayrıayrı bəndlərdə əsaslandırmışdır.
19. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayəti yuxarıda göstərilən əsaslarla qeyri-mümkün hesab etmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü barədə məsələyə bu cür həddən artıq formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
22. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2314/2022 nömrəli mülki iş üzrə 16 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin Məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.