Məhkəmə qərarları › İş №2(102)-698/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-698/2023

27.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-698/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, miras əmlakdan payın verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-918/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Qax rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il il 22 aprel tarixli 4 nömrəli qərarı ilə Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X9, X10, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətinə verilmişdir.

3. X10 ilə Abakarova (İsaqova) İlahə Sabir qızının nikahları 20 iyun 1991-ci ildə rəsmi qeyd edilmişdir.

4. İddiaçı2 atası X10, anası isə İddiaçı1dır.

5. X9 xx.xx.2005-ci ildə ölmüşdür. X1 X13, X11, Cavabdeh və X7 (ölüb) ibarət vərəsələri qalmışdır.

6. X10 xx.xx.2019-cu ildə ölmüşdür. X2 arvadı İddiaçı1 və oğlu İddiaçı2 ibarət vərəsələri qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması, X7 miras qalan Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsinə və X5 miras qalan Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması və miras əmlakdan onlara düşən payın mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İşə baxılıb qətnamə çıxarılana qədər iddiaçı tələbinin həcmini azaldaraq mərhum X7 miras qalan 0.12 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması və həmin torpaq sahəsindən onlara pay verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddia onunla əsaslandırılmışdır ki, onlar Qax rayonu Ağçay kəndində yaşayır. X10 xx.xx.2019-cu il tarixdə və qaynanası X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. X3 və qaynanası X5 Qax rayonu Ağçay kə ndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Əri və qaynanası öldükdən sonra digər vərəsələrlə aralarında problemlər yarandığı üçün onlar notariat ofisində mirası vərəsəlik yolu ilə qəbul edə bilməmişlər. Sənədləşmə işləri ilə bağlı Qax rayon notariat ofisinə müraciət etmiş, lakin miras əmlakı qəbul etmək üçün qanunda göstərilən prosessual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmədə ərindən miras qalan və qayınanasından miras qalan və ərinə çatacaq miras əmlakla bağlı iddia qaldırsalar da, hazırda məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, əri Ramazan İsaqovdan miras qalmış əmlakın onlara verilməsini xahiş etmişlər. Cavabdeh ərindən miras qalmış torpaq sahəsindən onların istifadə etməsinə mane olur. Mirasın qəbu l edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum ərindən miras qalmış əmlakı istəyi vaxt qəbul edə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

10. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, İddiaçı1 onun mərhum qardaşının arvadı, İddiaçı2 isə qardaşının oğludur. İddia tələbində qeyd olunan miras əmlakdan iddiaçılara pay verilməsinə etiraz edir. Çünki torpaq sahəsində iddiaçıların payı olmamalı idi. Həmin torpaq sahəsi onlara qanunsuz verilmişdir. Ona görə də, onların miras əmlakda payları yoxdur. İddianı qəbul etmir. İddiaçılar mirası faktiki qəbul etməmişdir. Qardaşı ilə nikahları formal xarakter daşımışdır.

11. Qax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(024)197/2022 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədikləri üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişlər ki, mərhum Ramazan İsaqovun vərəsələri olduqları üçün istədikləri vaxt mirası qəbul edə bilərlər. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin baxılması səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra – MM) 1145, 1146, 1133.2, 1134.1, 1147.1, 1151.1, 1159.1, 11593.1.1, 1243.1, 1245, 1246, 1248.1, 1257.1, 1257.2, Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qətnaməsi qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamədir. Belə ki, o iddia ərizəsinə və iddia tələblərinə etiraz edərək Qax Rayon Məhkəməsinə bildirmişdir ki, iddia ərizəsi səhv tərtib edilmiş, iddia tələbi düzgün qoyulmamışdır. Ona görə ki, iddia tələbi bir tələbdən ibarət deyil, bir neçə hissədən ibarətdir. 1.Buraxılmış prosessual müddətin bərpası;

2. X7 miras qalmış Qax rayonu Ağçay kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsinə vərəsəlik açılması;

3. X5 miras qalmış Qax rayonu Ağçay kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması;

4. İddiaçılara düşən payın mülkiyyətlərinə verilməsi; Məhkəmə iclasında iddia tələbinin təmin edilməsi məqsədilə iddiaçılara kömək edilərək tələbə həcmin azaldılması barədə ərizə yazdırılmış və iddia təmin olmuşdur. Lakin nəzərə alınmamışdır ki, hazırki iddia tələbi bir neçə hissədən ibarətdir və fərqli məhkəmə baxışının mövzusudur. Çünki iddia tələbi tək ona qarşı yox, vərəsəliyin açılmış olduğu iddia edilən, iddia ərizəsində notariusa müraciət edildiyi qeyd edilən notariat ofisinə qarşı və mülkiyyət tələbi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə qarşı qaldırılmalı idi. Hazı rki işdə iddia tələblərinin əsası göstərilməmiş, iddia edilən tələblərin sübutu iddia ərizəsinə əlavə edilməmişdir. Yəni əgər məhkəmədən qabaq əmlakın yerləşdiyi yer üzrə Qax rayonunda yerləşən Notariat orqanına müraciət olunmalı, miras əmlakın nədən ibarət olması, harada yerləşməsi müəyyən edilməli, daha sonra isə notariat orqanı müddətin bərpasından və əmlakla bağlı yaranmış mübahisənin olduğunu müəyyən edərək iddiaçıların tələbindən imtina edərdisə məhkəməyə müraciət edilməli idi. Lakin buna əməl edilməmiş, Qax Rayon Məhkəməsi isə işə səthi yanaşaraq hər nə olurdusa olsun iddianı təmin etmək xatirinə bu faktı gözardı etmişdir. Bundan əlavə məhkəmə qətnaməsində işə baxan hakim buraxılmış müddətin hansı səbəbdən buraxıldığına diqqət etməmiş, (iddia ərizəsində müddətin buraxılması üçün üzü rlü səbəb göstərilməmişdir) buraxılma üçün müddətin niyə üzürlü saydığını, hansı halda üzürlü sayılabiləcəyi qanunda qeyd edildiyi halda bunu nəzərə almadan müddəti üzürlü saymışdır.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-918/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Vəzirxan Məlikov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin ikinci hissəsi- “vərəsəliyin açılmasının təmin olunmuş hissəsində” ləğv edilmiş və mülki iş üzrə icraata bu hissədə xitam verilmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Vəzirxan Məlikov) xx.x x.2022-ci il tarixli qərardadı ilə Qax Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(024)-245/2022 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin ikinci hissəsi – “vərəsəliyin açılmasının təmin olunmuş hissəsində” ləğv edilərək, mülki iş üzrə icraata bu hissədə xitam verilmişdir.

18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-918/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X9, X10, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir.

20. X10 xx.xx.2019-cu il tarixdə, X9 isə xx.xx.2005-ci ildə ölmüşdür. X2 vəfatından sonra onun birinci növbə vərəsə kimi arvadı İddiaçı1 və oğlu İddiaçı2 qalmışdır.

21. İşin faktiki hallarından həmçinin müəyyən edilir ki, iddiaçılar yalnız X7 miras qalmış əmlaka iddialıdırlar, X5 miras qalmış əmlakı mübahisələndirmirlər, sonuncunun payının cavabdehə verilməsinə etiraz etmirlər.

22. Lakin iş üzrə qəbul olunmuş qətnamədən narazı qalan apellyator apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş edir.

23. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, əvvəla iddiaçıların özünün mübahisəli torpaq sahəsinə dair mülkiyyət payı var.

24. İkincisi, iddiaçılar miras qoyan X8 birinci növbə vərəsələri olmaqla, həmin mirasdan pay tələb edirlər.

25. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrdən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

26. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 1133.1, 1151, 1159.1.1, 1160, 1243, 1246, 1248.1, 1255-ci, Mülki Prosessual Məcəllənin 372.2, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçıların mülkiyyət hüququnun pozulmasını əsas gətirərək Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad edilsə də, 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin cavabdehin istifadəsində olmasını nəzərə almamışdır.

30. Hazırki mübahisə ilə bağlı Şəki İnzibati Məhkəməsində cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə Cavabdeh da adı (hazı rki işdə cavabdeh) daxil edilərək çıxarış verilməsi ilə bağlı iddia tələbi vardır. Apellyasiya instansiyasında cavabdehin şikayətinə Şəki İnzibati Məhkəməsində mübahisə qurtardıqdan sonra baxılması üçün hazırki mülki iş dayandırılması xahiş olunsa da, Şəki Apellyasiya Məhkəməsi bunları nəzərə almamışdır. Əgər bunları nəzərə alınsa idi, inzibati məhkəmə mübahisəsində məhkəmənin tələb edilən ekspert mütəxəssis rəyində qeyd edilənlər diqqətə alınar, iş üzrə daha ətraflı araşdırma aparılmaqla ədalətli qərar qəbul edilmiş olardı. Bundan başqa, məhkəmə kollegiyası onun mirası vəsiyyət üzrə qəbul etdiyinə, onu faktiki idarə etdiyinə diqqət yetirməmişdir.

31. İddiaçılar notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlama mış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirə bilməmişlər. Həmçinin, bu barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Vərəsəlik iddiası irəli sürən iddiaçılar mirası vaxtında qəbul etməmiş, onlar tərəfindən məhkəməyə heç bir üzürlü sayılacaq sübut təqdim edilməmişdir.

32. Əlavə olaraq, iddiaçıların pay tələb etdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə JN041 A saylı KOD 40308028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənsə də, onun həmin ailədə və həmin kənddə yaşamağı nəzərə alınmadan adı həmin şəhadətnaməyə salınmadığı üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir ki, onun adının həmin şəhadətnaməyə salınmasını təmin etsin. İddiaçıların pay istədiyi 0.12 ha torpaqda onun ayrıca payı olduğunu nəzərə alınsa və anasının da öz payını vəfat etm əmişdən əvvəl xx.xx.2005-ci ildə Qax Rayon Dövlət Notariat Kontorunda ona rəsmi qaydada vəsiyyət etdiyi nəzərə alınsa, onda 0.12 ha torpaq sahəsi ¼ hissəyə yox, 1/5 hissəyə bölünməli idi. Bunun sübutu olaraq, Qax Rayon Dövlət Arxivindən verilən xx.xx.2022-ci il tarixli, 69 və 70 saylı iki ədəd qaytanlanmış kitabdan çıxarışlardan görünür ki, anası vəfat etdikdən sonra ona məxsus ev və torpaq sahəsi onun adına keçmişdir. Deməli, iddiaçılar JN041A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.12 ha həyətyanı torpaq sahəsindən ancaq öz payları nisbətində hissə ala bilərlər və bunun üçün müddət bərpası tələb edilmir, sadəcə reyestr idarəsinə müraciət edilməsi kifayət edir. Lakin, iş üzrə məhkəmələr bunları nəzərə almamışdır.

33. Digər tərəfdən, qardaşı Ramazan xx.xx.2019 -cu ildə, anası Əsmayə İsaqova isə xx.xx.2005-ci ildə vəfat etmişdir. Nə qardaşı Ramazan anasından qalan mirası faktiki idarə edərək onu qəbul etməmiş, nə də iddiaçılar Ramazanın arvadı və oğlu tələb etdikləri mirası faktiki qəbul edərək onu idarə etməmişlər. Qardaşı Ramazan öləndə belə, iddiaçılar onun yas mərasiminə gəlməmişdir. Qardaşının yas mərasimini də o vermişdir. İddiaçılar qardaşı ilə faktiki olaraq birgə yaşamamışlar, onların nikahı formal xarakter daşımışdır.

34. Birinci instansiya məhkəməsində nəzərə alınmamışdır ki, hazırki iddia tələbi bir neçə hissədən ibarətdir və fərqli məhkəmə baxışının mövzusudur. Çünki iddia tələbi tək ona qarşı deyil, vərəsəliyin açılmış olduğu iddia edilən, iddia ərizəsində notariusa müraciət edildiyi qeyd edilən notariat ofisinə qarşı və mülkiyyət t ələbi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə qarşı qaldırılmalı idi. Hazırki işdə iddia tələblərinin əsası göstərilməmiş, iddia edilən tələblərin sübutu iddia ərizəsinə əlavə edilməmişdir. Yəni, məhkəmədən qabaq əmlakın yerləşdiyi yer üzrə Qax rayonunda yerləşən notariat orqanına müraciət olunmalı, miras əmlakın nədən ibarət olması, harada yerləşməsi müəyyən edilməli, daha sonra isə notariat orqanı müddətin bərpasından və əmlakla bağlı yaranmış mübahisənin olduğunu müəyyən edərək iddiaçıların tələbindən imtina edərdisə, məhkəməyə müraciət edilməli idi.

35. O cümlədən, apellyasiya instansiyası məhkəməsi məntiqi üsullarla hüquqi nəticəyə gəlmiş və həmin məntiqi metodların nədən ibarət olmasını öz qətnaməsində qeyd etməmişdir. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri

36. İddiaçılar kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

38. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

40. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

41. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

42. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

43. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

44. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Belə ki, iddiaçılar özləri də miras kütləsinə daxil olan torpaq sahəsinin ümumi mülkiyyətçiləridirlər. Mülkiyyətçi isə qayda olaraq öz əşyasının sahibidir. Odur ki, iddiaçılar onsuz da mübahisəli əşyaya sahiblik edən şəxslər sayıldıqları üçün onların mirası faktiki qəbul etməmələri barədə mövqe əsaslı sayıla bilməz.

55. Bundan başqa, iddiaçılar miras qoyanın birinci növbə vərəsələri olduqları üçün MMin 1160-cı maddəsinə görə sonrakı növbənin vərəsəliyi istisna olunur.

56. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

57. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-918/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar