Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-727/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahiblik, sahibliyin müdafiəsi, əşyaya edilmiş yaxşılaşdırmaları tələb etmək hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5549/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. X5 ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) 18600 dollara sonuncuya satılması barədə xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə notarial qaydada təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində evə dair iddiaçının adına mülkiyyət hüququ qeydə alınmamışdır.
3. X3 xx.xx.2012-ci il tarixdə iltizam verərək, sözügedən evi 18.600 ABŞ dollarına iddiaçıya satdığını bildirmiş, o cümlədən xx.xx.2012-ci il tarixdə iddiaçının adına 50 il müddətinə ümumi etibarnamə vermişdir.
4. Cavabdeh3 iddiaçının qızının keçmiş əridir. Onlar xx.xx.2013-cü il tarixdə nikah bağlamış, bu nikahdan İlkin adlı uşaqları doğulmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahda olduqları müddətdə mübahisəli evdə birlikdə yaşamışlar.
5. Digər iki Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 valideynləridir. Hazırda mübahisəli evdə cavabdehlər yaşayırlar.
6. İddiaçı yaşayış yeri üzrə həmin evdə qeydiyyatdadır, su kommunal xidmətlərlə bağlı müqavilələr onun adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarı da sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi xx.xx.2012-ci il tarixdə əvvəlki sahibi Sədəf Həmzəyevadan satın almışdır. Kürəkəni – Cavabdeh3 Salyan rayonunda yaşamış, Bakıda yaşamağa yeri olmadığı üçün iddiaçı ona özünə məxsus evdə yaşamağa icazə vermişdir. Nəvəsi olduqdan sonra qudaları – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəvələrini görmək üçün tez-tez Bakıya gəlməyə başlamış, Bakıda yaşamağa yerləri olmadığınadan həmin vaxtlar iddiaçıya məxsus evdə qalmışlar. Nikahın pozulmasında sonra cavabdehlər iddiaçının gözdən əlil və köməksiz olmasından istifadə edərək onu və qızını evdən qovaraq, evi zəbt etmişlər.
9. Cavabdeh1 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, oğlu iddiaçının qızı ilə ailə qurduqdan sonra ev onların, yəni yeni ailə quran şəxslərin yaşaması üçün 14.500 manata alınmış, həmin pulun 2100 manatını o, qalan hissəsini isə iddiaçı ödəmişdir. Razılığa görə ev iddiaçının adına alınmalı, cavabdeh tərəf evin əldə edilməsi üçün iddiaçının ödədiyi pulu qaytardıqdan sonra cavabdeh tərəfin adına keçirilməli idi. Yaşamaq üçün yararsız olduğuna görə cavabdeh tərəf evi sökmüş, Salyan rayonunda özlərinə məxsus evi satmış, pulun bir hissəsi ilə iddiaçıya olan borcu ödəmiş, pulun qalan hissəsi ilə isə yeni ev inşa etməyə başlamışlar. Təxminən 1 ilə yeni ev tikib həmin evə köçmüşlər. İddiaçı isə bir gün də olsun həmin evdə yaşamamış, özünün ayrıca mənzili olmuşdur. Oğlu iddiaçının qızı ilə boşandıqdan sonra hazırkı iddianı qaldırmış, bu vaxta kimi onların evdə yaşamasına heç bir pretenziyası olmamışdır.
10. Cavabdeh tərəfdən təqdim edilmiş 07 mart 2018-ci il tarixli notarial ərizələrdən görünür ki, X4 və Vəkilov Ramin Mustafa oğlu (qonşular) 2012-ci ilin iyul ayında mübahisəli evdə Cavabdeh1 ailəsi ilə birlikdə məskunlaşdığını, həmin vaxt evin yaşayış üçün yarasız vəziyyətdə olduğunu, cavabdehin 2013-cü ilin yayından həmin evi yenidən tikərək yaşayış üçün tam hazır vəziyyətə saldığını və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşamağa başladığını bildirmişlər.
11. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, X2 əridir. Arvadı ilə birlikdə evi iddiaçıya satmış və evin dəyəri olan pul məbləğini iddiaçının özündən almışlar. Hər hansı digər şəxsdən evini dəyəri kimi pul məbləği almamışlar. Digər şahid X1 isə ifadəsində bildirmişdir ki, mübahisəli ev yaşayış üçün yararlı vəziyyətdə olmamış, evin əvvəlki sahibi dəyişdikdən sonra həmin evdə cavabdehlər yaşamışdır. Orda iddiaçının yaşadığını görməmiş, sonradan ev cavabdehlər tərəfindən yenidən inşa edilmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-1337/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə hazırda qeydiyyatda olduğu mübahisəli evi almış, evin texniki pasportunun əsli itdiyi üçün həmin evdə qeydiyyatda olan X5 ilə evin alğı-satqı müqaviləsini imzalamış, lakin notariat kontorunda təsdiq etməmişlər. Evin sahibi Sədəf Həmzəyeva xx.xx.2012-ci il tarixdə iltizam yazaraq evi iddiaç ıya satdığını təsdiq etmiş və ona 50 il müddətinə baş etibarnamə vermişdir. Cavabdehlər həmin evin sökülərək yerində yeni ev inşa edildiyini bildirsələr də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim edilməmişlər. İş materiallarında olan sənədlərdən və şahid ifadəsindən evi alan şəxsin iddiaçı olduğu öz təsdiqini tapmışdır.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 146.1, 146.2, 152.1, 152.5, 157.2, 178.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, nəticə hissəsində cavabdehin idd iaçıya qarşı irəli sürdüyü mübahisəli evlə bağlı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə iddiaya baxılıb qurtaranadək təxirə salınmasını xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş qudası olmuş, həmin evin alınmasında çox hissə iddiaçı tərəfindən ödənilsə də, aralarındakı razılaşmaya əsasən borc kimi hesablanmış və onun tərəfindən hissə-hissə qaytarılmışdır. Belə ki, cavabdeh evin alınması zamanı ilkin olaraq maklerə 150 manat, iddiaçıya 2100 manat vermiş, qalan 13.100 manatı isə hissə-hissə qaytarmış, iddiaçının evini 1500 manatlıq təmir etdirmişdir. Mübahisəli ev alınanda 1 otaq və qarşısında balaca mətbəxdən ibarət olmaqla, sahəsi təxminən 48 kv.m olmuş, cavabdeh 2014-cü ildə həmin evi sökərək yerində 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəx tikərək təmir etmişdir. Hazırda evin sahəsi 96 kv.m-ə yaxındır. Bütün bunlara 12.650 manat xərci çıxmışdır. Aldığı evin sökülüb yerində daha böyük ev tikilməsi və təmiri ümumilikdə 29.500 manata başa gəlmişdir. İddiaçının qızı ilə oğlunun nikahı pozulduğundan iddiaçı onlardan evi boşaltmağı tələb etmiş, o isə pullarını ödəyəcəyi halda evdən çıxacağını bildirmişdir. Lakin iddiaçı evə görə çəkdiyi xərcləri ödəmədən onu məhkəməyə vermişdir. Hazırda iddiaçıya qarşı əsassız varlanma nəticəsində yaranmış pul tələbinə dair iddia qaldıraraq, məhkəmədən xahiş etmişdir ki, qətnamənin nəticə hissəsində iddiaçı tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun evdən çıxarılmasının eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul edilsin. Hazırda yaşamağa başqa yeri yoxdur, iddiaçıya inanaraq Salyandakı evini satıb bu evin xərclərini ödəmişdir, iddiaçının isə özünün ayrıca yaşadığı evi vardır. Maddi imkanı aşağıdır və kirayə tutmağa belə imkanı yoxdur. Odur ki, iddiaçıya qarşı iddia tələbinə baxılıb qurtaranadək hazırkı qətnamənin icrasının təxirə salınmasını xahiş edir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5549/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev iddiaçının sahibliyində olmuş, sahiblik iddiaçının iradəsi o lmadan cavabdehlər tərəfindən pozulmuşdur. Belə ki, evə aid olan Bakı Şəhər İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosunun 1983-cü ildə verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un surətindən görünür ki, ev əvvəlcə Sədəf Həmzəyevaya aid olmuş, sonuncu xx.xx.2012-ci il tarixdə iltizam verərək evi 18.600 ABŞ dollarına iddiaçıya satdığını bildirmiş, o cümlədən xx.xx.2012-ci il tarixdə iddiaçının adına 50 il müddətinə ümumi etibarnamə vermişdir. Bundan başqa, iddiaçı evdə yaşayış yeri üzrə qeydiyyatdadır və kommunal xidmətlərlə bağlı müqavilələr onun adınadır. Cavabdehlər evdə qeydiyyatda deyil, evə dair onların adına heç bir sənəd yoxdur. Cavabdehlərin hazırda evdə yaşaması iddiaçının iradəsinə ziddir. Odur ki, onların evdə y aşaması qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir və mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən irəli sürülmüş əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə iddia həll edilənədək hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya ba xışına qaytarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, işə baxan məhkəmələr cavabdeh tərəfindən mübahisəli evə 29.500 manata yaxın pul xərclənməsini (evin alınması, sökülüb yerində daha böyük ev tikilməsi və təmiri ilə birlikdə) nəzərə almayaraq, onun hesabına əsassız varlanmış iddiaçıdan həmin pulu tələb etmək hüququnu ona izah etməmiş, bu məsələləri ümumiyyətlə araşdırmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
23. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
24. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
25. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
26. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
27. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
28. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayıl ır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri ba rədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən he sab edir ki, hazırkı işdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
40. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.
41. Hazırkı işdə iddiaçı, özünə məxsus olduğunu bildirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evindən cavabdehlərin çıxarılmas ını tələb edir (§ 7-8).
42. Cavabdeh1 isə iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli ev onun oğlu ilə iddiaçının qızı ilə ailə qurduqdan sonra yaşamaları üçün alınmış, pulun bir qismini də onlar ödəmiş, qarşılıqlı razılığa görə qalan məbləği də onlar ödədikdən sonra yaşayış sahəsi cavabdeh tərəfin adına keçirilməli idi. Bunun üçün Salyan rayonunda özlərinə məxsus evi satmış, əldə olunan vəsaitlə iddiaçıya olan borcu ödəmiş, habelə ev yaşamaq üçün yararsız olduğuna görə onu sökərək yeni ev inşa edərək oraya evə köçmüşlər. İddiaçının qızı ilə onun oğlu boşananadək onların evdə yaşamasına iddiaçının pretenziyası olmamışdır (§ 9).
43. Apellyasiya instansiyası məhkəməsi iddianı sahibliyin müdafiəsi qaydasında Mülki Məcəllənin 164.2-ci maddəsi ilə əsaslı saymışdır (§ 17-19).
44. Kollegiya kollegiyası, aşağıdakılara əsasən apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
45. Sahibliyin mahiyyəti və müdafiəsinə dair mülki hüquq qaydaları ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 23). Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
46. Sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və y a miras yolu ilə qazanıla bilər (§ 24).
47. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir (§ 25).
48. MM-in 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (§ 26).
49. O da nəzərə alınmalıdır ki, sahiblik əşya üzərindəki faktiki hakimiyyəti təmin edən və üçüncü şəxslərə açıqlayan vəziyyət olduğu üçün onun pozuntusunun aradan qaldırılması üçün iddianın sürətli şəkildə (dərhal və ya bir il ərzində) qaldırılması tələb olunur. Bu müddət keçdikdən sonra sahiblik vəziyyəti ilə bağlı status-kvo (mövcu d vəziyyət) tanınmış olur və pozulmuş hüququn sahibliyə dair qaydalar çərçivəsində müdafiəsi mümkün sayılmır (hətta mülki hüquq ədəbiyyatında bu müddətin mahiyyəti etibarilə kəsici müddət olduğu qeyd olunur).
50. Bu səbəbdən MM-in 165.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir (§ 28).
51. Sözügedən müddətin keçməsinə görə tələbin sahibliyin müdafiəsi qaydasında əsassız sayılması, iddianın digər qanuni əsaslarla (məsələn, əvəzsiz istifadə müqaviləsindən ir əli gələn öhdəlik münasibətləri, yaxud əşya hüquqlarının müdafiəsinə dair normalarla) yoxlanılmasını və həllini istisna etmir.
52. Beləliklə, məhkəmə tərəfindən iddianın bu norma əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar).
53. Bu şərtlərdən hər hansı birinin müəyyən edilməməsi MM-in 164.2-ci maddəsi ilə sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərtin yoxlanılmasına gərək qalmır.
54. Baxılan işdə iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçə sində yerləşən 3 nömrəli fərdi yaşayış evinin əvvəlki sahibi olması mübahisə olunmur.
55. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iddiaçının yaşayış sahəsinə sahiblikdən qadağan edilmiş özbaşınalıqla (iradəsi xaricində) məhrum edilməsi, yoxsa bu halın onun iradəsinə uyğun şəkildə baş verməsini işdəki sübutlar əsasında müzakirə etməmiş, bu xüsusata hüquqi qiymət verməmişdir.
56. Halbuki, iddianın sahibliyin müdafiəsi qaydasında təmin edilməsi üçün bu halın düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır.
57. Məhkəmə iddianın əsaslı olması qənaətinə gələrkən həm də cavabdehin sahibliyinin qanunsuz olmasını (sahibliyin hər hansı müqavilə və ya qanuni əsasa söykənməməsini), eləcə də tələbin qanunla nəzərdə tutulmuş müddətdə irəli sürülməsini əsaslandırmalıdır.
58. Apellyasiya məhkə məsi tərəfindən qeyd edilən hallar üzrə araşdırma aparılmadan iddianın sahibliyin müdafiəsi qaydasında əsaslı sayılması, maddi hüquq normalarının səhv tətbiq olunduğuna, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılması barədə prosessual hüquq normalarının tələblərinə əməl olunmadığına dəlalət edir (§ 32, 35).
59. Bundan əlavə, kassator bildirmişdir ki, o və ailəsi iddiaçı ilə razılaşmaya uyğun olaraq mübahisəli yaşayış sahəsinə köçdükdən sonra orada inşaat işləri aparmış, yəni vəsait qoyaraq yaxşılaşdırmalar etmişdir. Cavabdeh1 bildirdiyinə görə həmin yaxşılaşdırmaların əvəzinin əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmasına da ir ayrıca icraatda iddia qaldırmışdır.
60. Nəzərə alınmalıdır ki, hətta mülkiyyətin müdafiəsi (vindikasiya - MM, m.157.2) qaydasında əşya mülkiyyətçinin tələbi ilə qanunsuz sahibdən geri alındıqda, vicdanlı qanunsuz sahibin əşyaya qoyduğu, ayrıla bilməyən yaxşılaşdırmaların əvəzini tələb etmək hüququ qanunla tanınır və bu tələblərin birlikdə həll edilməklə tərəflərin öhdəliklərinin eyni anda icrası təcrübəsinə üstünlük verilir.
61. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (§ 22).
62. Eyni za manda, Mülki Məcəllənin 1091 və 1092-ci maddələrində nəzərdə tutulmuşdur ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (§ 29-31).
63. Belə olan halda, iddiaçının cavabdehi evdən çıxarmaq tələbi əsaslı sayılsa belə, sonuncunun evə qoyduğu yaxşılaşdırmaları geri almaq tələbinin bu iş üzrə iddianın həllinə təsiri, o cümlədən yaxşılaşdırmaların əvəzini almadığı halda cavabdehin yaşayış sahəsini öz sahibliyində saxlamaq hüququnun olub-olmaması müzakirə edilməli, gəlinən nəticə əsaslandır ılmalı, Cavabdeh1 əsassız varlanma iddiası üzrə işə apellyasiya instansiyası məhkəməsində baxıldığı halda isə işlər eyni icraatda birləşdirilməklə məsələyə bütövlükdə hüquqi qiymət verilməlidir.
64. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5549/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.