Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7427/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(104)-2511/2019 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Məhkəməsinin (hakim M.Kazımov) 27.02.2019-cu i l tarixli, 2(042)-114/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, RX seriyalı, ******* və ******* nömrəli Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə 19.05.2011-ci il tarixdə İddiaçı1 adına qeydə alınmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.12 ha və 0.24 ha torpaq sahələrindən çıxarılmaları, Cavabdeh2 İddiaçı1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək, İddiaçı1 9000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə) alınaraq Cavabdeh2 verilməsi, qarşılıqlı i ddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin İddiaçı1 alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şəfiyev, R.Mamedov, A.Hüseynzadə) 28.06.2019-cu il tarixli, 2(104)-2511/2019 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gədəbəy rayon Məhkəməsinin 27.02.2019-cu il tarixli, 2(042)-114/2019 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(104)-2511/2019 nömrəl i qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 10.12.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində yerləşən 0.12 ha və 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, 10 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh2 İddiaçı1 və X2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1 və X1 ona çatası (mübahisəli torpaq üçün verilmiş pul) 9000 ABŞ dolları pulun alınıb verilmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh2 qarşılıqlı iddia tələbinə dəqiqləşdirmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 tərəfindən ona çatası (mübahisəli torpaq üçün verilmiş) 9000 ABŞ dolları pulun İddiaçı1 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və vəkili İsmayılov Akif İsmayıl oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası işin faktiki hallarını obyektiv, ətraflı araşdırmamış, araşdırılmış halları isə düzgün qiymətləndirməmiş, nəticədə ilk iddiaçının mövqeyini təmin edən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinin, 127-ci maddəsinin 2, 4, 7-ci bəndinin tələblərini pozmaqla sanki bilərəkdən maddi hüquq normalarının qismən tam əksinə və prosessual qaydalara əməl etmədən məlum qətnaməni çıxarmağa nail olmuşdur. Apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə apellyasiya şikayəti verən ilkin iddiaçının izahatına istinadən göstərmişdir ki, guya ilkin iddiaçı özünün və digər cavabdeh İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0.12 və 0.24 ha torpaq sahələrini cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) satmamış, bu torpaq sahələrini satın almaq üçün o, İddiaçı1 Kürdəmir rayonunun Mollakənd kəndində şəxsən, X7 iştirakı ilə 9000 ABŞ dolları məbləğində pulu v erməmişdir. Əgər ilkin iddiaçı 0.12 və 0.24 ha pay torpaq sahələrini cavabdehə satmamışdırsa və ya belə bir fikri olmamışdırsa, hansı məqsədlə 11.04.2009-cu il tarixli, 7E-182 reyestr nömrəsi ilə qeydiyyata alınmış baş vəkalətnaməni iş üzrə şahid kimi dindirilmiş Cavabdeh2 bacısı oğlu Ayaz Hüseynova vermişdir ki, həmin etibarnamədə bilavasitə həmin torpaqların satılması üçün lazımi sənədlərin hazırlanması, onun əvəzində ərizəyə imza edilməsi, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsindən arayışın alınması səlahiyyətlərini məhz Ayaz Hümbətova vermişdir. İlkin iddiaçı qızı İddiaçı2 ərazidə olmaması bəhanəsi ilə həmin müqavilənin sənədləşdirilməsini ləngitmiş, baş vəkalətnamənin verilməsindən 10 il keçdikdən sonra həmin torpaqların sənədləşdirilməməsini əsas tutaraq 24.11.2018-ci il tarixdə həm in etibarnaməni ləğv etdirmişdir. Digər tərəfdən məhkəmə Ayaz Hümbətovun həmin iş üzrə birinci instansiya məhkəməsində verdiyi ifadəsini təkrar olaraq apellyasiya məhkəməsində alarkən başqa cür ifadə verməsini qətnamədə qeyd edərək göstərmişdir ki, A.Hümbətov Kürdəmir rayonunun Mollakənd kəndində ilkin iddiaçıya məxsus 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satın alınması üçün şəxslən 7000 ABŞ dolları məbləğində pul vermişdir. Halbuki, evin satın alınması üçün 7000 ABŞ dolları məbləğində pul ilkin iddiaçı Kürdəmir rayonundan getməmişdən əvvəl, Cəmşid tərəfindən şəxsən Maarif kəndində ilkin iddiaçının əri Məmməd Ələsgərovun iştirakı ilə Cəmşidin evində ailə üzvlərinin iştirakı ilə verilmişdir. 0.36 ha torpaq sahəsinin alınması üçün 9000 ABŞ dolları məbləğində pulu isə o, İdd iaçı1 Kürdəmir rayonundan köçməsinə görə Kürdəmir rayonunun Mollakənd kəndində yeni aldıqları evlərində şəxsən şahidi Ayaz Hümbətovun iştirakı ilə vermişdir. X7 ifadəsi isə apellyasiya məhkəməsinin iclas protokolunda təhrif edilmiş şəkildə qətnamədə olduğu kimi qeyd edilmişdir. Çünki şahid A.Hümbətov birinci instansiya məhkəməsində verdiyi izahatını eyni ilə apellyasiya məhkəməsində də təkrarlamışdır. Həmçinin guya Cavabdeh2 şahidin izahatı ilə razı olmamasını məhkəmə iclasında bildirməmişdir. Bu barədə onun adından qeyd edilənlər də yanlışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(104)-2511/2019 saylı qətnaməsinin ləğv edilərək işin müəyyən edilmiş hallarına əsasən qarşılıqlı iddianın təmin edilməsinə dair hissənin qüvvədə saxlanması barədə yeni qərar qəbul edilməsini, əgər bu mümkün deyildirsə, işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2 vəkili İsmayılov Akif İsmayıl oğlu və 3-cü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdi klərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən onların izahatları dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olun ması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsini ləğv edərək, həmin hissədə iddianı təmin etməmiş və bu qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə tərəflər arasında olan mübahisə torpağın alqı-satqısı məqsədilə ödənilmiş pulun, satıcı müqavilə bağlamaqdan imtina etdiyi üçün qaytarılmasından ibarətdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 386, 389, 567, 568, 598 və 599-cu maddələrinin müddəaları mübahisəyə tətbiq edilməlidir. Sadalanan hüquq normalarının sistemli təhili onu deməyə əsas verir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 öhdəliyinin yaranması üçün tərəflər arasında torpağın alqı-satqısı ilə bağlı razılaşma olmalıdır. Hazırki işdə qarşılıqlı iddiaçı bu cür razılaşmanın olduğunu bildirsə də, torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı1 pay torpaq sahəsinin satılması ilə bağlı qarşılıqlı iddiaçı ilə hər hansı razılaşmanın olmadığını, ona yalnız evi satdığını və evə görə pul aldığını bildirir. İşin bu vəziyyətində, pay torpaq sahəsinin alqı-satqısı barədə razılaşmanın olduğu və buna görə mülkiyyətçiyə 9000 ABŞ dollarının verilməsini sübut etmə yükü qanunla qarşılıqlı iddiaçının üzərinə düşür. İş materiallarından göründüyü kimi alqı-satqı üzrə pulun İddiaçı1 verilməsi barədə qarşılıqlı iddiaçının sübutları özünün izahatı və şahidin ifadəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflə rin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Ona görə də kollegiya Cavabdeh2 iddiaçıya pay torpaq sahəsinə görə 9000 ABŞ dolları verdiyinə dair izahatını şahidin və iddiaçının izahatları ilə müqayisəli şəkildə araşdırır. Cavabdeh2 yeganə şahi di kimi birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Ayaz Hümbətov (birinci instansiya məhkəməsinin qətnaməsində onun soyadı səhvən «Hüseynov» qeyd edilib) ifadəsində göstərmişdir ki, Cavabdeh2 həmin torpaq sahəsinin verilməsi qarşılığında 7000 ABŞ dolları pul alaraq İddiaçı1 şəxsən vermişdir. Göründüyü kimi şahidin ifadəsi ilə Cavabdeh2 dəlilləri təkzib olunur. Əvvəla Cavabdeh2 pulu iddiaçıya şəxsən özünün verdiyini bildirdiyi halda, şahid bildirir ki, pulu iddiaçıya Cavabdeh2 deyil, özü vermişdir. Bu ziddiyyət əhəmiyyətsiz sayılsa belə, şahid A.Hüseynovin ifadəsi ilə müəyyən olunur ki, onun İddiaçı1 verdiyi pul pay torpaq sahələri ilə bağlı deyil, evin alqı-satqısı ilə əlaqədar verilmiş 7000 ABŞ dolları pul olmuşdur. Ona görə qarşılıqlı iddiaçının izahatına məhkəmə kollegiyası t ənqidi yanaşır və sübut kimi qəbul etmir. Çünki qarşılıqlı iddiaçı işin həllində birbaşa maraqlı şəxsdir və onun izahatının iddianın təmin edilməsinə yönəlməsi açıq-aşkardır. Ona görə də, həmin izahatda qeyd olunan xüsusatlar mötəbər sübutlarla təsdiq edilməsi zəruri şərtdir ki, bu şərt də ödənilmir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin yuxarıda göstərilən qaydada həll edilməsi ilə bağlı qeyd edir ki, apellyasiya kollegiyası qətnamə qəbul edərkən məhkəmə iclaslarında dindirilmiş şahid ifadəsinə təhrif edilmiş formada yanaşmışdır. Belə ki, apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə X7 Cavabdeh2 torpaq sahəsinin verilməsi qarşılığında 7000 ABŞ dolları pul alaraq İddiaçı1 şəxsən verdiyini qeyd etdiyini, Cavabdeh2 isə həmin pulu şəxsən verdiyini, bundan əlavə, A.Hüseynovin İddiaçı1 verdiyi pulun pay torpaq sahələri ilə bağlı deyil, evin alqı-satqısı ilə əlaqədar verilmiş 7000 ABŞ dolları pul olmasını qeyd etmiş, qarşılıqlı iddiaçının izahatına tənqidi yanaşmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, şahid A.Hümbətov birinci instansiya məhkəməsində ifadə verərkən İddiaçı1 7000 ABŞ dolları barədə pul ödənilməsi barədə hər hansı ifadə verməmiş, 0.36 ha kənd təsərrüfatlı torpağın satın alınması üçün Cavabdeh2 9000 ABŞ dolları pulu alaraq şəxsən İddiaçı1 verdiyini bildirmişdir. İddiaçı isə vermiş olduğu izahatında həmin pulu şəxsən verməsi barədə fikir bildirməmiş, şahidlərin iştirakı ilə İddiaçı1 həmin pul vəsaitini verdiyini bildirmişdir. Hazırki kassasiya şikayətində də Cavabdeh2 9000 ABŞ dolları pulu şahidi Ayaz Hümbətovu n iştirakı ilə verməsini göstərmişdir. Göstərilənlərdən əlavə qeyd edilməlidir ki, apellyasiya kollegiyası mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə olaraq məhkəmə araşdırması apararkən araşdırmanın tam, obyektiv həyata keçirilməsini təmin etməmiş, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, iş materiallarında olan 11.04.2009-cu il tarixli etibarnamənin (səh 39) məzmunundan görünür ki, İddiaçı1 X3 50 il müddətinə Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 2001-ci il 10 aprel tarixli, 05 saylı qərarı ilə verilmiş 0.36 ha torpaq sahəsinin alqı-satqısını, sənədlərin hazırlanmasını, imza edilməsini və Şəmkir rayon Ərazi İdarəsindən arayış almağı etibar etmiş, X5 isə öz növbəsində 07.11.2009-cu il tarixli etibarnamə əsasında (səh 40) qeyd edilmiş səlahiyyətlər saxlanılmaqla İddiaçı 1 tərəfindən ona verilmiş müddət daxilində, yəni 11.04.2059-cu il tarixinə kimi Cavabdeh1 göstərilmiş torpaq sahəsini etibar etmişdir. İşə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan apellyasiya kollegiyası isə qeyd edilən 0.36 ha torpaq sahəsi ilə bağlı olan etibarnamələrin alqı-satqı və ya digər hansı məqsədlə verilməsi, etibarnamə müddətinin hansı məqsədlə 50 il müəyyən edilməsi və etibarnamələrdə göstərilmiş “0.36 ha torpaq sahəsinin alqı-satqısını, sənədlərin hazırlanması, imza edilməsi və Şəmkir rayon Ərazi İdarəsindən arayış alma” kimi səlahiyyətlərin hansı məqsədlə verilməsi, hansı sənədlərin hazırlanmasından söhbət getməsi, Şəmkir rayon Ərazi İdarəsindən hansı arayışın alınmalı olması, etibarnamə verilən zaman torpağa dair sənədlərin qarşılıqlı iddiaçıya verilib-verilməməsi, bundan ə lavə, həmin torpaq sahəsinin hasara alınıb-alınmaması, hansı müddətdən qarşılıqlı iddiaçının istifadəsində olması, keçən müddət ərzində ilkin iddiaçıların cavabdehə qarşı həmin torpaqla bağlı hər hansı tələblərinin olmamasının səbəbləri, torpaq sahəsi qarşılıqlı iddiaçı tərəfindən hasara alınmışdırsa, buna etiraz etməmələrinin səbəbləri istiqamətində araşdırma aparmamışdır. Apellyasiya kollegiyası qeyd edilən hallara qiymət verməyərək, məhkəmə araşdırmasını tam və dolğun həyata keçirməmiş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağır ılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəs i haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab e dir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya k ollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia ilə bağlı hissədə ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.06.2019-cu il tarixli, 2(104)2511/2019 nömrəli qətnaməsi qarşılıqlı iddia hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7427/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7427/2019
09.12.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver