Məhkəmə qərarları › İş №2(102)-7799/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7799/2019

27.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7799/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “ləyaqətsiz vərəsə hesab edilmələri” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “ləyaqətsiz vərəsə hesab edilmələri” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və m ülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı «ləyaqətsiz vərəsə hesab edilmələri» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 23 may 2000-ci ildən Bakı şəhəri, BibiHeybət qəsəbəsi, 3-cü məktəb dalanı, 16 saylı ev İddiaçı mülkiyyətindədir və həmin evdə qeydiyyatda olmaqla tək yaşayır. Cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda iş materiallarından görünür ki, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı övladlarıdır. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bununla yanaşı vərəsəlik institutu miras qoyanın öz əmlakının vərəsə olmayan şəxsə keçməsinə dair etdiyi iradə ifadəsi (vəsiyyətnamə) zamanı onun yaxın qohumlarının mənafeylərini də qoruyur. Miras qoyanın ölmündən sonra vərəsələrinin əldə edə biləcək əmlak və digər maddi neymətlər hüququndan tam məhrum edilməsinin (ləyaqətsiz vərəsə) konkret şərtləri qanunda göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxsləri vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunvericiliyin göstərişinə əsasən cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsi əsası miras qoyana vaxt-vaxtında baş çəkilməməsi və ya onun xəstə olarkən müalicəsi ilə maraqlanmaması deyil, məhz miras qoyanın iradəsinə zidd miras əmlakından ona və ya ona yaxın şəxslərə çatası payın artırılması istiqamətində hərəkət (hərəkətsizlik) etmiş olmasıdır. Kassasiya şikayətində göstərilən dəlillər isə qeyd olunan hallara aid deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar