Məhkəmə qərarları › İş №2(102)-794/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-794/2022

15.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-794/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(106)-2286/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 13.02.2018-ci il, 19.02.2018-ci il və 02.03.2018-ci il tarixli alğı-satqı müqavilələri əsasında Ağcabədi rayonu İmamqulubəyli kəndi ərazisindən 4,153 ha torpaq sahəsi əldə etmişdir və həmin torpaq sahələri üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan, Ağcabədi rayonu İmamqulubəyli kəndində yerləşən 4,153 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin müə yyən hissəsini qanunsuz olaraq zəbt etmiş və iddiaçını mülkiyyətində olan torpaq sahəsinə buraxmayaraq, torpaq sahəsinin onlara məxsus olduğunu bildirirlər. Halbuki, çıxarışda həmin torpaq sahəsinin sərhədləri göstərilmişdir. Torpaq sahəsinin dəqiq cizgisinin müəyyən edilməsi üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, həmin torpaq sahəsi ölçülmüş, iddiaçıya aid 4,153 ha torpaq sahəsindən 3,81 ha torpaq sahəsinin iddiaçıda olduğu, qalan torpaq sahəsinin isə zəbt olunduğu müəyyən edilmiş, bu barədə tərəflərin iştirakı ilə 13 dekabr 2019-cu il tarixdə akt tərtib edilmişdir.

4. Birinci instansiya məhkəməsində izahat verərkən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi o na atasından miras qalmışdır. Həmin torpaq sahəsinin çıxarışı vardır və iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamışdır. İddiaçıya aid torpaq sahəsini zəbt etməmişdir və istifadə etmir. Ona görə də iddianın rədd edilməsini xahiş edir.

5. Birinci instansiya məhkəməsində digər Cavabdeh1 da izahatında göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir və istifadə etmir. Onların torpaq qonşuluqları da yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir.

6. Ağcabədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(017)-662/2020 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər i Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, torpağa mülkiyyətə hüququna dair RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zaman İddiaçı xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin ərazisi faktiki olaraq naturada 3,79 ha müəyyən olunmuşdır. Torpaq sahəsinin çatışmayan 0,35 ha hissəsini dəqiqləşdirmək məqsədi ilə qonşu torpaq mülkiyyətçilərinin torpaq sahələrinin (JN 157; 158; 159; 165 və 166 nömrəli dövlət aktlarında adları qeyd olunan torpaq mülkiyyətçilərinin) hüdudlarında ölçmə işləri aparılmış, ölçmə işləri nəticəsində həmin torpaq mülkiyyətçilərinin sərhədlərində uyğunsuzluğun olması müəyyən edilmədi. Ona görə də İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,35 ha hissəsinin qərardadda qeyd olunan cavabdehlər tərəfindən istifadə olunmasını ancaq İmamqulubəyli kəndinin ərazisində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunmuş 9 saylı çevrənin Hindarx-Ağdam şose yolu tərəfdən 75 saylı mülkiyyətçilərin ərazilərində çöl tədqiqat işləri aparmaqla müəyyən etmək mümkün olar.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində daha sonra göstərilmişdir ki, torpağa mülkiyyət hüququna dair RX seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsinin 0,35 ha hissəsinin sərhədlərini qərardadın birinci sualının cavabında qeyd olunan səbəbə görə istifadə olunmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, torpağa mülkiyyət hüququna dair RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən 4,153 ha torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üstüstə düşmür.

9. Məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilməsi sübuta yetirilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 27 avqust 2020ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbində göstərilən torpaq sahəsinin yerinin dəqiq müəyyənləşdirməsi üçün ekspertiza təyin olunmasını xahiş etmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(106)-2286/2021 saylı qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 24 noyabr 202 0-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin araşdırmasının yekununda İddiaçı istifadəsində olan ona məxsus torpaq sahəsinin 4,153 ha olmalı olduğu halda faktiki olaraq cəmi 3,79 ha olması, 0,35 ha hissəsinin isə onun istifadəsindən kənarda olduğu müəyyən edilmiş, lakin həmin 0,35 ha torpaq sahəsi hissəsinin hazırkı cavabdehlər tərəfindən zəbt edilmiş olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(017)-662/2020 saylı qətnaməsi dəyişdirilməməlidir.

13. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 178-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, mülkiyyət hüququ ilə ona məxsus olan 4,153 ha torpaq sahəsinin 0,35 ha hissəsi çatışmır. Faktiki olaraq istifadəsində olan torpaq sahəsi 3,79 ha-dır. Mülkiyyətinə verilmiş bütün torpaq sahəsi üzərində bütün torpaq sahəsi üzərində mülkiyyət hüququ torpağa mülkiyyət hüququna dair RX seriyalı, ******* saylı çıxarışla müəyyən edildiyindən, ikinci hər hansı hüquq müəyyənedici sənəd olmadığından məhkəmə ekspertizasının 0,35 ha torpaq sahəsinin yerini müəyyən edə bilməməsi, bu məsələnin ancaq İmamqulubəyli kəndinin ərazisində “torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planının əlavə olunmuş 9 saylı çevrənin Hindarx-Ağdam şose yolu tərəfdə 75 saylı ərazidə çöl tədqiqat işləri aparmaqla müəyyən etmək olar” nəticəsinə gəlməsi, məhkəmənin bu rəy əsasında iddianın imtinası qanuni və ədalətli sayıla bilməz. Torpağa mülkiyyət hüququna dair RX seriyalı, ******* saylı çıxarışda göstərilən torpaq vahid ərazidir, əgər torpaq sahəsi hüquqmüəyyənedici sənədlərdə göstərilənlərdən azdırsa, deməli torpaq sahəsinə bitişik ərazidə, yəni cavabdehlərin faktiki istifadəsində olan ərazidədir. Bu qədər sahə həqiqətlə məhkəmənin iddianı təmin etməməsi, apellyasiya şikayətinə bu xüsusatla obyektiv qiymət verilməməsi və apellyasiya şikayətinin təminindən imtina edilməsi qanuni sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhr um edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fizi ki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutu lması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahi yyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onların zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.

27. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfində n bərpa edilməsinə yol verilə bilər.

28. İddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışı təqdim etmişdir. Bu çıxarışda iddiaçının torpaq sahəsinin 4,153 ha olduğu əksini tapmışdır.

29. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdehlər tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.

30. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmişdir. Lakin məhkəmələr verilmiş rəyin qiymətləndirilməsi zamanı MPM-nin tələblərinə sonadək əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci və 103-cü ma ddələrinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

31. Məhkəmələrin istinad etdiyi ekspertin rəyində qeyd olunur ki, «Ölçmə işləri aparılan zaman İddiaçı xüsusi mülkiyyətində olan 4,153 ha torpaq sahəsinin ərazisi faktiki olaraq naturada 3,79 ha müəyyən olunmuşdur».

32. Ekspertin bu təsbiti aydın deyildir və əlavə suallar doğurur: «İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı sənədlərində göstərilən 4,153 ha torpaq sahəsi mövcuddurmu?», «Ekspertin bu cavabı iddiaçının mülkiyyət hüququnun qeydiyyatı barədə sənədlərin düzgün olmadığı barədə nəticəyə gəlməyə əsas verirmi?» və s.

33. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

34. Bu baxımdan məhkəmənin əsaslandığı ekspert rəyi, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən mövcud faktiki vəziyyət barədə düzgün, əsaslandırılmış, aydın və tam təsəvvür yaratmalıdır. İlkin olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri məlumatlarında əksini tapmış koordinatlarına uyğun naturada yerinin müəyyən edilməsi tələb olunmalıdır (iddiaçının faktiki istifadə etdiyi sərhədlərin həmin hüdudlarla uyğun olması barədə də sual qoyula bilər). Bundan sonra həmin torpaq sahəsinin koordinatlarının qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi müəyyən olunmalıdır. Daha sonra iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən tutulması aydınlaşdırılmalıdır.

35. Baxılan işdə məhkəmələrin sübut kimi istin ad etdikləri ekspert rəyində açıq şəkildə qeyd olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,35 ha hissəsinin qərardadda qeyd olunan cavabdehlər tərəfindən istifadə olunmasını ancaq İmamqulubəyli kəndinin ərazisində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunmuş 9 saylı çevrənin Hindarx-Ağdam şose yolu tərəfdən 75 saylı mülkiyyətçilərin ərazilərində çöl tədqiqat işləri aparmaqla müəyyən etmək mümkün olar.

36. Bu o nəticəni ehtiva edir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,35 ha hissəsinin zəbt edilib-edilməməsi müəyyən olunmamış, sual açıq qalmışdr.

37. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında h əyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquq ların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

39. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar ).

40. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(106)-2286/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar