Məhkəmə qərarları › İş №2(102)-795/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-795/2019

28.01.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-795/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-795/2019 28 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X2, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili ***nun, Cavabdeh1 və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli, 2(103)9505/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının tanınması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.A.Qasımov) 21 iyun 2018-ci il tarixli, 2(008)-3141/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) 18.10.2018-ci il tarixli, 2(103)-9505/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh1 *** kəndinin adı çəkilən ərazisindən heç bir orqan tərəfindən torpaq sahəsi ayrılmamış, mərzlənməmiş, iddiaçı tərəfindən hasarlanmış torpaq sahəsinə özbaşına daxil olmaqla ərazini zəbt etmiş və qanunsuz əsaslarla çıxarış əldə etmişdir. Məhkəmə tikinti-texniki ekspertizası keçirmədən torpaq sahələrinin üst-üstə düşməməsi qənaətinə gəlməklə qanunvericiliyin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Mə hkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 vəkilin dediklərinə uyğun izahat vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.10.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyun 2018-ci il tarixli, **********07 saylı arayışa əsasən, İddiaçı adına *** saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2004-cü il tarixli icarə müqaviləsi ilə sonuncunun istifadəsi nə 4.600 kv.m torpaq sahəsi verilmişdir. İcarə müqaviləsinə əlavə edilmiş torpaq sahəsinin ayrıc aktı ilə ayrılmış torpaq sahəsinin yerləşməsi əks olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX N seriyalı, ******* nömrəli çıxarışa əsasən, ***ndə yerləşən 0,12 ha ibarət 545K saylı bağ sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Apellyasiya instansiyası iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən Mülki Məcəlləsinin 139.1, 139.3 və 140-cı maddələrinə istinad etməklə mübahisəli daşınmaz əmlaka olan hüquqların iddiaçının adına dövlət qeydiyyatına alınmadığına əsaslanmışdır. Kassasiya kollegiyası apellyasiya instans iyası məhkəməsinin maddi hüquq normalarının pozuntusu ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən Mülki Məcəllənin 157.8-ci maddəsinin tələblərini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin: 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; Eyni zamanda, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyada Azərbaycan Respubl ikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün icarə müqaviləsi və yerquruluşu planı və təsviri olduğu halda iddiaçının istinad etdiyi kimi cavabdehin adına həmin sahənin bir hissəsinə dair çıxarışın verilməsi onun mülkiyyət hüquqlarının qeydiyyatının qarşısını alan haldır. Bu baxımdan, həmnin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi araşdırmadan iş üzrə qənaətin gəlinməsi iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən, qeyd edilməlidir ki mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına dair çıxarışın olması, habelə həmin çıxarışın məhkəmə qətnaməsi əsasında verilməsi həmin çıxarışın digər əsaslarla iddiaçı tərəfindən mübahisələndirilməsinin qarşısını ala bilməz. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Asla novun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilibedilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı i ş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Lakin apellyasiya instansiyası məhkəməsi istinad edilən torpaq sahələrinin üstüstə düşməsi ilə bağlı iddiaçının dəlillərinin yoxlanılması ilə bağlı qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməyərək birinci instansiya məhkəməsinin iddianın rədd edilməsindən ibarət qənaəti ilə razılaşmışdır. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan əsassız nəticəyə gəlmişdir. İş üzrə yek un qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gön dərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli, 2(103)-9505/2018 nömrəli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar