Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-811/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzil mübahisələri 28.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)6600/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə mülki işə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Cavabdeh2 ilə X2 arasında xx.xx.2013-cü il ta rixdə nikah bağlanmış və onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh2 ilə İddiaçı arasında nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB y/s, ev 48, mənzil 19-da İddiaçı, Cavabdeh1, X4 qeydiyyatdadırlar. 18 fevral 1989-cu il tarixli, 089259 saylı mənzil dəyişmə orderinə əsasən, X3 Bakı şəhəri, Günəşli qəsəbəsi, “A” və “B” yaşayış sahəsi, 119 saylı evin iki otaqlı 1 №-li mənzili N.A.Qasımovanın Bakı şəhəri, Günəşli qəsəbəsi, “A” və “B” yaşayış sahəsi, 48 saylı üç otaqlı 19 saylı mənzili ilə dəyişmişdir. X5 və Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən, onların Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 48 mənzil 19 Cavabdeh1 adına özəlləşdirilmə sinə və vahid çıxarış verilməsinə heç bir etirazı yoxdur, razıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü və onunla birgə yaşayan yetkinlik yaşına çatmayan övladı- X1 ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi, o cümlədən həmin evə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması ilə yanaşı, hamam, ayaqyolu və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir qeydiyyatda olduğu sözügedən mənzildə yaşayır. 15 sentyabr 2021-ci il tarixdə yaşadığı mənzildə oğlu ilə evdə tək olarkən keçmiş əri Cavab deh2 anası Cavabdeh1 tərəfindən mənzilin qapısı balta ilə qırılaraq içəri daxil olmaq yolu ilə zorla yaşadığı evdən çıxarılmışdır. Həmin tarixdən azyaşlı uşağı ilə qeydiyyatda olduğu mənzilə dəfələrlə gedib yaşamağa cəhd etsə də, müxtəlif maneələrlə üzləşir və onun qeydiyyatda olduğu həmin mənzildən istifadə etməsi mümkün olmur. Azyaşlı oğlu ilə birgə kirayədə yaşamaq üçün kifayət qədər maddi imkanı mövcud olmadığından onun azyaşlı oğlu ilə birgə qeydiyyatda olduğu mübahisəli mənzilə köçürülməsi zəruridir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(010)503/2022 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Belə olan təqdirdə, iddiaçının tələbi (hərəkətləri) əsaslıdır və təmin edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilə köçdüyü vaxtdan daimi əsaslarla həmin mənzildə yaşamış və hal-hazırda orada qeydiyyatdadır. Buna görə də, iddiaçı özəlləşdirmə nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik olmuşdur. Lakin, mülki iş materiallatından görünür ki, həmin mənzilin Cavabdeh1 adına özəlləşdirilməsi üçün müraciət olunsa da, bunun üçün iddiaçının razılığı alınmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 70-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5, 12-ci maddələrinə və Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasina dair” 15 aprel 2011-ci il, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli və Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbu l edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Qanunsuz və əsassız olaraq iddiaçı və onunla birgə yaşayan yetkinlik yaşına çatmayan övladı- X1 mənzildən (yardımçı sahələri daxil olmaqla) istifadə hüququ tanınması, iddiaçı yetkinlik yaşına çatmayan övladı X4 ilə birlikdə həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməklə Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş mülkiyyətin toxunulmazlığı hüququnu kobud şəkildə pozmuşdur. İddiaçı keçmiş əri Cavabdeh2la birgə nikah dövründə əldə olunan və sonuncunun mülkiyyətində olan mənzildə yaşayır, bundan əlavə keçmiş qaynanasının, yəni Cavabdeh1 məxsus olan mənzilə dair iddia tələbinin hüquqi əsası yoxdur. Sözügedən mənzilə dair Cavabdeh1 adına çıxarış verilmişdir. Çıxarış qətnamə çıxarılandan sonra alındığı üçün Suraxanı Rayon Məhkəməsinə təqdim edilməmişdir. İddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz verərək, iddiaçının 2013-cü ildə nikaha daxil olduqdan hal-hazırkı dövrə qədər həmin ünvanda övladı ilə birlikdə qeydiyyatda olduğunu, nikaha xitam verildiyi ana qədər həmin ünvanda yaşadığını, mənzilə dair istifadə hüququnun olduğunu, onun razılığı olmadan order əsasında iddiaçının rəhmətə getmiş qaynatasına məxsus mənzilə dair Cavabdeh1 adına çıxarış alındığını, bununla da iddiaçının hüquqlarının pozulduğunu və hal-hazırda iddiaçının atasının evində yaşadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)6600/20 22 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehlərə qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının irəli sürdüyü dəlilləri onun 2013-ci ildən qaynatasına məxsus evə köçərək iddia edilən ünvanda əri ilə yaşaması olmuşdur ki, iddiaçının həmin ünvanda qeydiyyatda olması və mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi”nin olması əsas icarədarı onun ailə üzvü olmayan şəxsə münasibətdə istifadə hüquqlarının təmin edilməsi üçün əsas ola bilməz. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq özəlləşdirməni mübahisələndirməyən iddiaçının bu prosedurda iştirak etməməsini pozuntu kimi qiymətləndirmiş, sübutların mötəbərliyini şübhə altına almışdır, iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 11.1, 139-146, 152-164, 228-ci maddələrinə və digər maddi, prosessual hüquq normalarına uyğun olaraq əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxsin köçmək istədiyi mənzildə yaşayıb-yaşamaması; 2) şəxsin yaşadığı yerdən məhrum edilibedilməməsi; 3) məhrumedilmənin qanuni olub-olmaması. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış və cavabdehlər tərəfindən güc tətbiq edilməklə yaşadığı evdən məhrum edilmişdir. Bu səbəbdən 3-cü halın mövcud olubolmadığı müəyyən edilməlidir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərin də mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdehlər qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri indiyə qədər davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələriaradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün o, azyaşlı övladı ilə birlikdə məhrum edildiyi mənzilə köçürülməlidir. Həmçinin, iddiaçı özəlləşdirmə nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik olmuşdur. Lakin mübahisəli evin Cavabdeh1 adına özəlləşdirilməsi üçün müraciət olunsa da, bunun üçün iddiaçının razılığı alınmamışdır. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2, 70-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddələrinə və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər kassasiya şikayətinə qarşı ayrı-ayrılıqda yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qər ar çıaxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmə lə gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, o na mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən on unla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üz vünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatan adək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Maddə 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində iddiaçı qətnamənin tam ləğvini xahiş etdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 16 mart 2013-cü il tarixdə Cavabdeh2 rəsmi nikah əsasında iddiaçı ilə ailə qurub və onların birgə nikahından 19 aprel 2014-cü il tarixdə X4 adlı övladları doğulub. 30 dekabr 2014-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi 21 saylı evin 23 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Həmçinin, 18 fevral 1989-cu i l tarixli mənzil dəyişmə orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A” və “B” yaşayış sahəsi 48 saylı evin 19 saylı mənzilinin icarədarı isə iddiaçının qaynatası Zahid Şərifov olub və sonuncu 30 avqust 2021-ci il tarixdə ölüb. Tərəflər həmin mənzildə qeydiyyatda olmaqla yaşayıblar. 03 sentyabr 2021-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikaha məhkəmənin qətnaməsinə əsasən xitam verilib. 15 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A” və “B” yaşayış sahəsi 48 saylı evin 19 saylı mənzilində qeydiyyatda olanlar Cavabdeh2 və X yazılı ərizə verərək həmin mənzilin anaları Cavabdeh1 adına özəlləşdirilməsinə razılıq vermişlər. Bundan sonra 27 may 2022-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil daşınmaz əmlakın dö vlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. Hazırda iddiaçı, mülkiyyət hüququ üzrə keçmiş əri Cavabdeh2 adına qeydə alınmış 23 saylı mənzilə deyil, keçmiş qaynanası Cavabdeh1 adına qeydə alınmış 19 saylı mənzilə köçürülməsini, həmin mənzildən istifadə hüququnun tanınmasını və hamam, ayaqyolu və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsini iddia edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi ar asında mövcud olan hüquq və vəzifələrin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Eyni zamanda, “Mülki Məcəllənin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını t ələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində valideynlərin öz övladlarını və digər ailə üzvlərini, o cümlədən övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi müəyyən edilib göstərilib. (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsinin mü lkiyyət forması 27 may 2022-ci il tarixdən dəyişdiyindən, yəni həmin tarixdən sözügedən mənzil üzərində iddiaçının keçmiş qaynanası Cavabdeh1 mülkiyyət hüququ əmələ gəldiyindən, başqa sözlə mübahisəli mənzil üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı, həmin yaşayış sahəsində yaşamış iddiaçı ilə mənzilin yeni mülkiyyətçisi Cavabdeh1 arasında mövcud olmuş hüquq və vəzifələrin dəyişməsinə səbəb olmuşdur. Ona görə də 27 may 2022-ci il tarixdən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış mənzilə digər ailə üzvlərinin, yəni iddiaçının yaşayış hüququnun yaranıb-yaranması məsələsi qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, yaşayı ş sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hazırki halda iddiaçının keçmiş əri Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 21 saylı evdə yerləşən 23 saylı mənzili vardır və işdən görünür ki, həmin mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçı ilə birgə nikah dövründə yaşadıqları müddətdə qeydə alınıb. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Ona görə də iddia rədd edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansi yası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6600/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.