Məhkəmə qərarları › İş №2(102)-814/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-814/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-814/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9849/2019 saylı qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli, iş № 2(001)-457/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin inşasına çəkdiyi xərcin qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 26.188 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, X.A.Cəmilova və İ.Ə.Kərimli) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirlən hissədə dəyişdirilərək Cavabdeh2 13.094 manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş və uşaqların saxlanılması üçün İddiaçı Cavabdeh1 xeyrinə aliment tutulmuşdur. Zahirə və İddiaçılar ailə qurduqdan sonra Binəqədi rayonunda yerləşən başqa ünvanda yaşamış, sonra isə Cavabdeh2 (Nin atası) razılığı ilə onun istifadəsində olan N ünvanında yerləşən həyətdə 1 mərtəbəli üç otaqlı ev tikdirib orada yaşamışlar. 2018-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli üç otaqlı evin tikintisinə 70.000 manat məbləğində vəsait sərf etməsini, ailə münasibətləri pozulduqdan sonra cavabdehlərin onu evə buraxmamalarını əsas göstərməklə həmin məbləğin cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək iddiaçının evin tikintisinə cəmi 7000 manat məbləğində vəsait sərf etməsini, lakin məhkəmənin işin faktiki hallarına düzgün qiymət vermədən onlardan 13.094 manatın tutulması barədə nəticəyə gəlməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddiaçının tikintiyə sərf etdiyi 7000 manatın 50 faizinin onlardan tutulub iddiaçıya verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Qətnamədən eyni zamanda İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş e tmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı, cavabdehlər və onların vəkilləri verdikləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ev özbaşına tikili olmaqla 2016-cı ildə iddiaçının və Cavabdeh1 birgə ya şamaları üçün inşa edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə mübahisəli fərdi yaşayış evinin inşa olunması üçün yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin təqribi dəyərinin orta bazar qiymətlərinə uyğun olaraq 26.188 manat məbləğində olduğu müəyyən edilmişdir. Tərəflər arasında tikilinin inşasına və təmirinə çəkilmiş xərcin ümumi məbləği və onlardan hər birinin tikintiyə sərf etdiyi vəsaitin məbləği ilə bağlı fikir ayrılıqları olsa da kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci və Ailə Məcəlləsinin 32-34cü maddələrinə əsaslanaraq mübahisəli əmlakın tərəflərin birgə vəsaiti hesabına tikilməsi və onların həmin əmlaklardan paylarının bərabər olması qənaətinə gələrək hesab etmişdir ki, mübahisəli evin dəyəri 26.1 88 manat təşkil etdiyindən və həmin ev bütünlükdə Cavabdeh2 qaldığından onun yarı dəyərini təşkil edən 13.094 manat ondan alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən maddi hüquq norması kimi eyni zamanda Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə əsaslanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı tərəfindən tikilinin inşasına ailənin ümumi gəlirindən 7000 manat vəsait sərf edilməsinə dair kassasiya şikayətinin dəlilləri iş materiallarında öz təsdiqini tapmadığından, həmin məbləğin yalnız yarısın ı təşkil edən 3500 manatın cavabdehlərdən tutulması üçün əsaslar yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya cavabdehlərin kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, qətnamə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. İddianın tam həcmdə təmin edilməsi üçün əsaslar olmadığından kollegiya iddiaçının kassasiya şikayətini də əsassız hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar