Məhkəmə qərarları › İş №2(102)-815/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-815/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-815/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bak ı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi ev 12A (bundan sonra – mübahisəli ev) daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir, iddiaçının sahibliyində və istifadəsindədir;

3. Cavabdeh iddiaçının oğlu X5 ilə 2012-ci ildə rəsmi nikaha daxil olmuşdur;

4. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5606/2023 nömrəli qətnaməsi ilə Cavabdeh X3 və İddiaçı qarşı mübahisəli evə köçürülmə və mənzildə yaşamağına maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə həmin iş üzrə gəldiyi nəticəni məhkəmə belə əsaslandırmışdır ki, “...mübahisələndirilən ev birgə nikah dövründə əldə edilməmişdir (işin mübahisəsiz halıdır) və iddiaçının hər-hansı özbaşına tikilinin əldə edilməsində, yenidən qurulmasında, təmir edilməsində və ya artırmaların aparılmasında bilavasitə və ya dolayısıyla iştirakını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir....iddiaçının hazırda köçürülməsini istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı sahibliyində və istifadəsindədir.” Qətnamə qanuni qüvvəsini almışdır;

5. İddiaçı ilə X5 arasındakı nikah xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılması, 100 manat məhkəmə xərcinin və vəkilə ödənilmiş 300 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o ğlu X5 xx.xx.2012-ci il tarixdə cavabdehlə ailə həyatı qurmuş, bu nikahdan 2 uşaqları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət başqa ünvanda, sonradan isə oğlunun özünə məxsus yaşayış yeri olmadığından onun sahibliyində və istifadəsində olan mübahisəli evdə yaşamışlar. Hazırda onların münasibətləri pozulmuşdur və tərəflər nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişlər. Buna baxmayaraq cavabdeh mübahisəli evdə yaşamağa davam edir. Tərəfindən cavabdehə dəfələrlə evdən çıxması təklif edilsə də, cavabdeh evdən çıxmır. Eyni zamanda, mübahisəli evin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi onun istifadə və sahibliyində olması müəyyən edilmiş və Cavabdeh ona və oğluna qarşı “mənzilə köçürülmə və mənzildə yaşamağına maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi” barədə iddia tələbi təmin edilməmişdir.

8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla onun və uşaqların daimi yaşayış yeridir, onun yaşamağa başqa yeri yoxdur. O, faktiki olaraq 2012-ci ildən mübahisəli evə daimi yaşamaq üçün köçürülmüş, orada yaşaması müvəqqəti xarakter daşımamış, belə olan halda onun da bu əmlakda yaşamaq hüququ yaranmışdır Həmçinin, iddiaçının bu barədə iddia qaldırmaq üçün subyetiv hüququ yoxdur. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamışdır. İddiaçı mübahisəli mənzilə olan hüquqlarını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir Belə olduğu təqdirdə, onun və iddiaçının mübahisəli evə dair hüquqları eynidir. Cavabdeh etirazına onu da əlavə etmişdir ki, mübahisəli e vin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının istifadə və sahibliyində olması ilə bağlı iddia tələbinin dəlili əsassızdır. Belə ki, sözügedən ev özbaşına tikilidir.Belə olduğu təqdirdə, iddiaçının həmin əmlaka dair hər hansı hüququ, o cümlədən subyektiv hüququ yoxdur.

9. Binəqədi Rayon Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) xx.xx.2024-cü il tarixli, e2(001)-2737/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(001)-5606/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edərək belə əsaslandırmışdır ki, mübahisəli ev əvvəlcə X2 istifadə və sahibliyinə verilmiş, daha sonra X4 vəfat etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən (kommunal xidmətlərə dair) görünür ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, T.S. Rüstəmov vəfat etdikdən sonra onun arvadı - İddiaçı istifadə və sahibliyinə keçmişdir.

11. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğlu X5 ilə 2012-ci ildə nikaha daxil olmuş, bir müddət başqa ünvanda yaşasalar da, sonradan mübahisəli evə köçmüşlər. Hazırda isə cavabdeh ilə A.T. Rüstəmlinin nikah münasibətlərinə xitam verilmiş, nikaha xitam verilməsinə baxmayaraq cavabdeh sözügedən ünvanda yaşamaqda davam edir.

12. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan yaşayış sahəsini zəbt etməklə iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə maneə yaradır.

13. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.5, 157.8-ci, Mənzil Məcəlləsinin 30.1- ci, 30.2-ci, 30.4- cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elnur Həsənov – sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Məmməd Məmmədov) xx.xx.2024-cü il tarixli, 2(103)-5277/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh mübahisəsi gedən mənzilin qanuni sahibi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda isə cavabdehin mənzildə yaşamaq hüququnun olmadığı qənaətinə gəlinməlidir.

17. Məhkəmə kollegiyası cavabdehin azyaşlı uşaqlarına münasibətdə isə qeyd etmişdir ki, onların ataları Afiq Rüstəmlinin evdən istifadə hüququ olduğundan, həmin uşaqları sözügedən evə köçürmək də onun hüququdur və o, bu hüququndan istədiyi zaman istifadə edə bilər.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni birinci instansiy a məhkəməsinin də istinad etdiyi qanunvercilik aktlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassator şikayətinin ilkin dəlilini Mülki Məcəllənin 14-cü maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, işə baxan məhkəmələr iddiaçının mübahisəli evin sahibi olması barədə qənaətə gəlsələr də, onun bu hüququnun hansı qanuni əsas üzrə əmələ gəldiyini göstərməmişlər.

21. Həmçinin, iddiaçının mübahisəli evə dair subyektiv hüququ olmadığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət hüqu qu da olmamışdır. İşdən də görünür ki, iddiaçının mübahisəli evə dair hər hansı hüququ qeydiyyata alınmamışdır. Lakin işin bu halına Mülki Məcəllənin 139.1-ci maddəsinin tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməmişdir.

22. Şikayətin digər dəlili belə əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli evin özbaşına tikili olması və həmin əmlaka dair hər hansı şəxsin hüquqlarının tanına bilməsinin mümkün olmadığı müəyyən olunsa da, işə baxan məhkəmələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini pozaraq, sözügedən qətnamə üzrə müəyyən edilmiş halları nəzərə almamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə va sitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə e tməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

28. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin mübahisəli evdən istifadə hüququ mövcud deyil.

39. Belə ki, cavabdeh iddiaçının oğlu Afiq Rüstəmli ilə 2012-ci ildə rəsmi nikaha daxil olsa da, bu nikah xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

40. Yaşayış sahəsinə dair mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

41. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, Cavabdeh mübahisəsi gedən mənzilin qanuni sahibi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda isə cavabdehin mənzildə yaşamaq hüququnun olmadığı qənaətinə gəlinməlidir.

42. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildi kdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 24-25).

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipin ə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5277/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar