Məhkəmə qərarları › İş №2(102)-910/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-910/2022

22.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-910/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh XXXna qarşı iş üzrə QƏRARİ № 2(102)-910/22 (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Bakı şəhəri, 22 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7240/2021 nömrəli, 27.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı

1. Ağdam Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli, 2(013)-737/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 30.03.2017-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 716 nömrə ilə qeydə alınmış nikahın pozulması, 09.01.2018-ci il tarixdə anadan olmuş Məmməd adlı uşaq yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanılması, 07.05.2020-ci il tarixindən başlayaraq, Cavabdeh 09.01.2018-ci ildə anadan olan Məmməd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.

2. İddiaçı cehiz əşyalarının Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1-də yerləşən özbaşına inşa olunmuş fərdi yaşayış evində olması və həmin evə gəlin köçərək orada yaşaması əsası ilə hazırki mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı, xəstə oğlu ilə birlikdə cavabdehin Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1-də yerləşən özbaşına inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1379/2021 nömrəli, 02.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özb aşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının gəlin köçməsi ilə əlaqədar ailə münasibətləri çərçivəsində orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinsipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Həmçinin cavabdehin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Kazımov sədrlik edən və məruzəçi, A.İsgəndərov və İ.Kərimli) 2(103)-7240/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1379/2021 nömrəli, 02.04.2021 -ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.

8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin, bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Əks halda, bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər.

9. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşı na tikiliyə) iddiaçının yaxud onunla rəsmi nikahda olmuş Cavabdeh hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin inşa olunmasında keçmiş əri Cavabdeh da iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, işdən, o cümlədən apellyasiya baxışı zamanı üçüncü şəxsin izahatından görünür ki, mübahisəli ev (özbaşına tikili) tərəflər nikaha girməmişdən uzun illər əvvəl cavabdehin atası üçüncü şəxs Məmməd Məmmədov tərəfindən inşa edilmişdir. İddiaçı isə bu evə bundan xeyli sonra, yəni 2017-ci ildən gəlin köçərək yaşamağa başlamış, həmin evin tikintisi yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilməmişdir.

10. İddiaçı 10 avqust 2021- ci il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək gəlin köçəndən sonra atasının maliyyə vəsaiti hesabına mübahisəli ünvanda əlavə bir otaq və qarşısında böyük dəhlizi olan artırma inşa olunduğunu göstərmişdir. Lakin, həmin vaxta qədər iddiaçı heç vaxt bu cür fikir söyləməmişdir. Hətta, 09 avqust 2021-ci il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq hazır evə gəlin köçdüyünü, evin qaynatası və keçmiş əri tərəfindən tikildiyini, özünün və valideyninin bu evin inşa və təmir olunmasında heç bir rolunun olmadığını göstərmişdir. Təbii ki, bu iclasdan sonra peşəkar vəkil tərəfindən təmsil olunduğu üçün qeyd olunan məzmunlu ərizə ilə sonradan məhkəməyə müraciət etməsi anlaşılan olsa da, hüquqa uyğun və mötəbər sübut kimi qəbul edilə bilməz. Ən azından ona gö rə ki, iddiaçı həmin vaxta qədər heç vaxt bu hallara istinad etməmişdir. Ona görə də, sonradan belə bir ərizə ilə müraciət edilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

11. İkincisi, iddiaçı üçüncü şəxs Məmməd Məmmədovun ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından qeydə alınmasa da, həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş qaynatası Məmməd Məmmədovun bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mübahisə predmeti olan evi inşa edən və ona faktiki sahiblik edən Məmməd Məmmədov isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Məhz bu əsasa görə də iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

12. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı artıq cavabdehin ailə üzvü deyil. Apellyasiya baxışı zamanı da müəyyən edilmişdir ki, tərəflər keçmişdə ərarvad münasibətlərində olsalar da, onlar arasında, eləcə də, iddiaçı ilə cavabdehin ailə üzvləri a rasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli evdə hal-hazırda cavabdehin atası, anası və bacısı birgə yaşayır. Demək, iddiaçının həmin evə (özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onun təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırıcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır.

13. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, mülki işin yenidən baxılması üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Belə ki, Konstitusiyaya əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Sözügedən norma subyekt dairəsi baxımından ümumi normadır, mənzildən qanunsuz məhrumetməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. İddiaçının evə köçürülməsinə qayınatanın, qayınananın, baldızın rəsmi etirazı olmamışdır. İddiaçı autizm xəstəsi olan övladı ilə evdən getməyə məcbur olmuş, evi özbaşına tərk etməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozuntusu ilə müşahidə olunur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şik ayətinə qarşı Cavabdeh etirazı daxil olmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

18. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

27. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halı bundan ibarətdir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olmaqla, 2001-ci ildə cavabdehin atası tərəfindən inşa edilmişdir. Ona görə mübahisəli tikiliyə iddiaçının keçmiş qayınatası Məmməd Məmmədovun gözlənilən hüququ var.

29. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zamanzaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericili k özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (§18).

30. Lakin, həmin tikiliyə çəkilən xərclərin tikintini aparan şəxsə məxsus olması və ondan bəhrələnmək hüququnun da məhz həmin şəxsə məxsus olması istisna deyil. Mübahisəli evin inşasına çəkilən vəsait Məmməd Məmmədovun vəsaiti olmuşdursa, iddiaçının ondan bəhrələnmək hüququ vəsaitin sahibinin icazəsi ilə baş tuta bilər. 31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

32. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7240/2021 nömrəli, 27.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar