Məhkəmə qərarları › İş №2(102)-915/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-915/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-915/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X6 Cavabdeh: Bakı şəhər Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Üçüncü şəxs: X.X.X. iddia tələbi: “qiymətləndirilmənin qanunsuz hesab edilməsi, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməklə icranın nəticələrinin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” Açar sözlər: qiymətləndirmənin qanunsuz hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, üçüncü şəxs X.X. X.nın vəkili Vəkil Məmmədağa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2307/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X.X.X. tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarna əlavə edilmiş “Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilmısi Xidməti MMC” tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 101 saylı hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin bazar dəyəri 102.000 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbə sinin icra məmuru Məmməd Bayramovun xx xxxx 2019-cu il tarixli qərarının məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11919/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər X2 və X3 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50.500 manat və həmin mənzilin təmirinə sərf olunmuş 37.912 manat olmaqla, cəmi 88.412 manat məbləğində pulun alınıb iddiaçı X.X.X.na ödənilməsi qət edilmişdir. Borcun könüllü ödənişi təmin edilmədiyindən, Yasamal Rayon Məhkəməsinin 8(004)-1722/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. Həmin mənzil Cavabdeh2 MMCnin 1971 saylı, xx xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95.000 manat məbləğində qiymətləndirilmişdir. Nəticə etibarilə, mübahisəli mənzil icra vərəqəsi üzrə tələbkar X.X.X. tərəfindən alınmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı X6 cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Cavabdeh2nə qarşı qiymətləndirilmənin qanunsuz hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC-nin 1971 saylı, x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz sayılmaqla və Cavabdeh1 xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməklə icranın nəticələrinin aradan qaldırı lması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)5737/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddiaçı X4 cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Cavabdeh2nə qarşı qiymətləndirilmənin qanunsuz hesab edilməsi və s. tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı X6 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2307/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qərardadı ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il ta rixli 2(004)-5737/2019 nömrəli qətnaməsinin qismən ləğv olunması, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməklə, icranın nəticələrinin aradan qaldırılması tələbinə dair iddia üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2307/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-5737/2019 nömrəli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması və Cavabdeh2 MMC-nin 1971 saylı, x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz hesab edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Üçüncü şəxs X.X.X. kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin Cavabdeh2 MMC-nin 1971 saylı, x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz sayılması hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin və onun səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün heç bir tədbir görməmiş, qeyri-obyektiv və qərəzli mövqe nümayiş etdirmiş, üçüncü şəxsin prosessual hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araş dırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5737/2019 nömrəli qətnaməsini ləğv etməklə Cavabdeh2 MMC-nin 1971 saylı, x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı qanunsuz hesab edərkən çıxardığı qətnaməni iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair hesabatlar arasında fərqli qiymətlərin olması ilə əsaslandırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi özü də əmlakın qiymət ləndirilməsi ilə bağlı təkrar qiymətləndirmə ekspertizası keçirsə də, əmlakın qiymətini əks etdirən hansı hesabatın əsas götürülməli olduğuna münasibət bildirməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında üçüncü şəxs X.X.X.nın vəkili Vəkil Məmmədağa oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı X6, cavabdehlər Bakı şəhər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri, üçüncü şəxs X.X.X. hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunununun 7ci maddəsinə əsasən, Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi “Cavabdeh2“ MMC-nin 1971 saylı, 08 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın qanunsuz sayılmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “...İş materiallarında olan “Cavabdeh2" MMC-nin 1971 saylı, xx xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin qiymətləndirilməsi keçir ilmiş və həmin mənzilin qiymətinin 95.000 manat, “Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilmısi Xidməti MMC” tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 101 saylı hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin bazar dəyəri 102.000 manat, daha sonra (Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-2307/2020 saylı qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir) iş materiallarında olan “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, PRM/010-2020 nömrəli hesabatından görünür ki, həmin hesabatla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanı n, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin bazar qiymətinin 105.000 manat, likvid qiymətinin 100.000 manat təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin müəyyən etdikləri bazar qiyməti ilə sonrakı qiymətləndirmə hesabatları ilə müəyyən olunmuş bazar qiymətləri arasında 5.000-10.000 manat fərq olmuşdur.Odur ki,iddia Cavabdeh2 MMC-nin 1971 saylı, x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz sayılmalı hissəsində təmin olunmalıdır ”. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Səlyan şossesi, Yeni şəhər, ev 10, mənzil 9 ünvanındakı yaşayış sahəsinin hazırkı dövrə bazar qiymətinin müəyyən edilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası xxxx MMC tərəfindən verilmiş xx xxxxxx 2019- cu il tarixli, 101 saylı hesabata əsasən qeyd olunan mənzilin bazar dəyərinin 102.000 manat təşkil etdiyi göstərilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qiymətləndirmə hesabatının etibarsızlığına dəlalət edən hər hansı bir əsasın aşkar edilmədiyini, mübahisə obyektinin bazar dəyərinin dəyişməsinə əsas verən halların müəyyən edilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual h üquq normalarına riayət etməsini yoxlayır.Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulmasını qətnamədə əsaslandırmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə istinad etsə də, onun tərəfindən obyektin hansı qiymətə qiymətləndirilməli olması qətnamənin nəticə hissəsində göstərilməmişdir. Bu isə qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-11919/2016 saylı qətnaməsinin icrasını çətinləşdirir və nəticə etibarı ilə həmin qətnamə üzrə iddiaçı X.X.X.nın İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ağlabatan müddətdə işinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Üçüncü şəxs X.X.X.nın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2307/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar