Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-961/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 mart 2019-cu il İŞ № 2(102)-961/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X2 və Cavabdeh MMC-nin vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)-8933/2018 saylı qətnaməsindən İddiaçı və vəkili X2nun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 ap rel 2018-ci il tarixli, 2(005)-157/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra cavabdeh təşkilat) qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)-8933/2018 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili xx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2000 kv.metr torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair onun adına 10 noyabr 2004-cü il tarixli Şəhadətnamə verilmişdir. Torpaq sahəsini 03 oktyabr 2014-cü ildən 03 oktyabr 2015-ci il tarixədək xxx ya, 04 aprel 2015-ci ildən 04 aprel 2016-cı il tarixədək Səlimxan Kardaşevə icarəyə vermişdir. 13 noyabr 2016-cı ildən 14 noyabr 2016-cı il tarixə keçən gecə cavabdeh təşkilatın əməkdaşları mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsinə ağır texnika ilə özbaşına girərək orada olan elektrik, mexaniki, avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmışlar. Həmçinin cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona məxsus olan 75 metr uzunluğunda daş hasar uçurulmuş və dəmir darvaza sındırılmışdır. Bundan başqa həmin ünvanda ayrı-ayrı icarədarlara məxsus olan əmlaklar da tam yararsız hala salınmışdır. Hazırda torpaq sahəsinə cavabdeh təşkilatın qanunsuz müdaxiləsi davam edir və ona məxsus olan torpaq sahəsinin daxilində hasar inşa olunur və bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh təşkilat tərəfindən torpaq sahəsinin zəbt edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil və c avabdeh təşkilatın bu hərəkətləri nə məhkəmə aktına, nə də digər hüquq müəyyənedici sənədlərə əsaslanmır. Ona görə də mülkiyyətində olan 2000 kv.metr torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdeh təşkilatın çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş hasarın həmin təşkilatın vəsiti hesabına sökülməsi və cavabdeh təşkilatın adına verilmiş 13 sentyabr 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət ver məmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh MMC-nin vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmıyıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrüsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyas ı məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apelly asiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, ümumi sahəsi 2000 kv.metr olan torpaq sahəsinin iddiaçının, ümumi sahəsi 1,2345 ha olan torpaq sahəsinin isə cavabdeh təşkilatın mülkiyyətində olmasına, “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” material üzrə verilmiş ekspert rəyinə görə cavabdeh təşkilatın mülkiyyətində olan, lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsinin 0,0467 hektar hissəsindən iddiaçının istifadə etməsinə, həmin təşkilatın mülkiyyətçi statusu ilə torpaq sahəsindən məneəsiz istifadə hüququna malik olmasına, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün iddiaçının məhkəməyə heç bir sübut təqdim etməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla, iddiaçı iddia edib ki, cavabdeh təşkilat onun mülkiyyətində olan 2000 kv.metr torpaq sahəsinin müəyyən hissəsini zəbt edib və o, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə ünvan 2 ünvanda yerləşən 2000 kv.metr torpaq sahəsinin onun mülkiyyətində olmasına dair 10 noyabr 2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamənin surətini, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikinti altı sahəsi 89,8 kv.metr, ümumi sahəsi 67,4 kv.metr, əsas sahəsi 60,7 kv.metr, köməkçi sahəsi 6,7 kv.metr olan qeyri-yaşayış sahəsinə-yanacaq doldurma məntəqəsinə dair 07 dekabr 2004-cü il tarixli Texniki Pasportun surətini təqdim etmişdir. Eləcə də işə əlavə edilmiş 13 sentyabr 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa və 13 sentyabr 2017-ci il tarixdə tərtib edilmiş “əmlak kompleksi kimi müəssisənin” Texniki Pasportuna görə ünvan 2 ünvanda yerləşən, 1.2345 ha torpaq sahəsi və ümumi sahəsi 7280,6 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdeh təşkilatın adına qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin mülkiyyətində olan torpaq sahələrinin yer ində sənəd üzrə, eləcə də faktiki ölçülərini, sərhədlərini, kordinatlarını və sair müəyyən etmədən, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə məhkəmə tikinti-texniki, məhkəmə torpaqşünaslıq ekspertizaları təyin edib müvafiq əsaslandırılmış rəylər almadan, eləcə də iddiaçının bu barədə vəsatətini əsassız olaraq təmin etmədən, yalnız istintaq orqanının “cinayət işi üzrə icraata xitam verilməsinə dair” 10 may 2017-ci il tarixli qərarına və həmin cinayət işi üzrə alınmış məhkəmə mühəndis-texniki ekspertizasının 10 may 2017-ci il tarixli rəyinə əsaslanaraq, cavabdeh təşkilatın iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi, əksinə iddiaçının həmin təşkilata məxsus olan 0,0697 ha torpaq sahəsinin 0,0467 ha hissəsini zəbt etməsi barədə səhv nəticəyə gəlmişdir. Ha lbuki, sözügedən rəydə iddiaçının mülkiyyətində olan 2000 kv.metr torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh təşkilat tərəfindən zəbt edilib-edilməməsi məsələsi ekspert tədqiqatının predmeti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi və MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmək üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərmədən, sözügedən ekspert rəyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən 2000 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə, Texniki Pasport və işdə iştirak edən şəxslərin izaha tları ilə müqayisəli şəkildə təhlil edib tədqiq etmədən, həmin sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 218.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, istintaq orqanının sözügedən qərarının hazırkı mülki iş üzrə tərəflər üçün predyusial əhəmiyyət daşımamasını nəzərə almadan, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmədən, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, sadalanan normaların mənasına görə, qətnamə çıxarıldıqda məhkəmə ilk növbədə sübutları qiymətləndirməli və onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Nəzərə alınmalıdır ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya in stansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (Azərbaycan Respublikası MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklə r və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb edən istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər. Ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə, rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz v ə ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Azərbaycan Respublikası MPM-nin 101.3 və 205.1-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini pozaraq öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdikləri dəlillərlə, onların verdiyi izahatlarla, həmçinin bilavasitə məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla əsaslandırmadan, eləcə də iddiaçının bütün tələblərinə hüquqi qiymət vermədən, yalnız cavabdeh təşkilata məxsus torpaq sahəsinə dair istintaq orqanına verilən ekspert rəyinin kserosurətinə istinad etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı ba rəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilm əli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili X2nun kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)8933/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-961/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-961/2019
12.03.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver