Məhkəmə qərarları › İş №2(102)-962/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-962/2019

06.02.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-962/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli 2(103)8249/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.F.Babayev, iş № 2(004)-4015/2018) İddiaçı cavabdeh Bakı şəhəri 286 saylı tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və m əcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Bakı şəhəri Yasamal rayonunda yerləşən 286 saylı tam orta məktəbdə 1992-ci ildən kitabxanaçı, 2005-ci ildən isə kitabxana müdiri vəzifəsində işləmiş və məktəb direktorunun 05 mart 2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İşdən çıxarılmasını əsassız hesab edən İddiaçı 2018-ci ilin aprel ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh və üç üncü şəxsin nümayəndələri məhkəmə iclasına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq vəkilsiz gəldiklərindən mülki işin baxılmasında onların iştirakı mümkün hesab edilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, 13 mart 2017-ci il tarixdə aparılmış inventarizasiya zamanı iddiaçının müdiri işlədiy i 286 saylı tam orta məktəbin kitabxanasında dəyəri 1779,31 manat olan 847 ədəd kitabın çatışmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən məktubla məktəbin direktoruna müraciət edilərək kitabxananın müdiri İddiaçı barəsində tədbir görülməsi və nəticəsi barədə Təhsil İdarəsinə məlumat verilməsi tapşırılmışdır. Məktəbin direktoru Təhsil İdarəsi müdirinin həmin məktubuna əsaslanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsi barədə 05 mart 2018-ci il tarixdə əmr vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi pozula bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması əmək vəzifələrinin kobud şəkildə pozulması sayılır. Kollegiya hesab edir ki, iddiaçı kitabxanada olan kitabların qorunmasını və salamatlılığını təmin etməməklə əmək funksiyasını yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən onun barəsində həmin maddədə nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə, o cümlədən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi i lə ləğv edə bilər. İddiaçı tərəfindən törədilməsi müəyyən olunmuş pozuntu onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından onun ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar