Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-982/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il İŞ № 2(102)-982/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili Vəkil1, Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)-9983/2018 saylı qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(011)5115/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.Ə.Məmmədov) İddiaçı Faiq oğlunun Cavabdeh İB-nə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərə görə 5.000 manat pulun tutulması” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)-9983/2018 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və İ.Ş.Vəliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi qismən işəgötürənin əmrinin etibarsız hesab edilməsi, iddiaçın ın əvvəlki vəzifəsinə bərpa olunması” tələblərinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbləri təmin edilərək, işəgötürənin 13 aprel 2018-ci il tarixli əmri etibarsız hesab olunmaqla iddiaçının cavabdeh təşkilatın X2 İstismar Şöbəsində 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə bərpa edilməsi və 13 aprel 2018-ci il tarixdən işə bərpa olunacağı günə qədər ona məcburi iş buraxma günləri üçün hesablanmış əmək haqqının ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi və vəkili Vəkil2 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və dəymi ş mənəvi zərərə görə 5.000 manat pulun tutulması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki,03 noyabr 2003-cü il tarixdən cavabdeh təşkilatda və onun müxtəlif qurumlarında, regional idarələrində çalışdığını, sonuncu əmək müqaviləsini 10 fevral 2016-cı il tarixdə bağladığını, işlədiyi müddət ərzində xəbərdarlıq və ya töhmət almadığını, intizam məsuliyyətinə cəlb olunmadığını, heç vaxt əmək və icra intizamını pozmadığını, eləcə də vəzifəsinin öhdəsindən tam gəldiyini, mart ayının 7-si kadrlar şöbəsinin rəisinin onu çağıraraq ərizə yazaraq işdən çıxmalı olduğunu bildirdiyini, səbəbini soruşduqda belə məsləhət olduğunu dediyini və heç bir əsaslı səbəb gətirə bilmədiyini, buna görə də ərizə yazaraq işdən çixmayacağını söylədiyini, bundan sonra müəyyən müddət işlədiyini və sağlamlığında yaranmış problemlərlə əlaqədar həkim müayinəsindən keçdikdə işləməyə davam edə bilməyəcəyini söylədiklərini, müalicədə olarkən ona zəng edərək işdən azad olunduğunu bildirdiklərini, əmri alarkən işəgötürənin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etdiklərini öyrəndiyini, onu işdən azad edərkən işəgötürənin heç bir əsas göstərmədiyini, həmkarlar təçkilatının isə heç bir müvafiq araşdırılma aparmadan buna razılıq verdiyini, əmrdə guya onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinin, əmək vəzifələrini kobud şəkildə pozduğunun, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmədiyinin, əmək fəaliyyəti zamanı işdə ciddi nöqsanlara yol verdiyinin, əmək funksiyasına aid olmayan işlərlə məşğul olduğunu n, mart ayının 19-dan heç bir üzrlü səbəb olmadan işə çıxmadığının göstərildiyini, halbuki, intizamlı işçi olmaqla daima iş yerində olduğunu, əmək funksiyalarını icra etdiyini, mart ayının 19-dan işə çıxmamasının sağlamlığında yaranmış problemlərlə bağlı olduğunu, bununla bağlı həkim arayışlarının verildiyini, əmək qabiliyyətinin olmaması vərəqəsini şöbə müdürünə təqdim etsə də, onun bunu götürməkdən imtina etdiyini, bundan sonra həmin sənədləri kuryer vasitəsilə göndərdiyini, lakin onları kuryerdən də almaqdan imtina etdiklərini bildirmiş, buna görə də işəgötürənin 13 aprel 2018-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, vəzifəsinə bərpa olunması, mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. M übahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddaçı İddiaçı vəkili Vəkil 1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kasssasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- əmrin etibarsız hesab edilməsi, işə bərpa tələblərinin rədd edilməsi hissəsində ləğv edib, həmin hissədə iddia tələblərini təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, xəstəliyi ilə əlaqədar olaraq iddiaçının üzrlü səbəblərdən işə çıxmamasına, iddia tələblərini qeyd olunan hissədə rədd etməklə birinci instansiya m əhkəməsinin düzgün nəticəyə gəlməməsinə, qalan hissədə qətnamənin ləğv edilməsi üçün əsasların olmamasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 189-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellya siya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı 03 noyabr 2003-cü il tarixdən etibarən cavabdeh təşkilatda əmək fəaliyyətinə başlamış, adı çəkilən təşkilatın müxtəlif strukturlarında işləmiş, sonuncu dəfə onunla 10 fevral 2016-cı il tarixdə əmək müqaviləsi bağlanaraq cavabdeh təşkilatın X2 İstismar Şöbəsində 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə işə qəbul edilmiş, 13 aprel 2018-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını vicdanla yerinə yetirməməsi, həmçinin əmək vəzifələrini kobud şəkildə pozması əsas tutularaq xitam verilmişdir. İşə əlavə edilmiş 13 aprel 2018-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” işəgötürənin əmrin də də iddiaçının əmək funksiyasını yerinə yetirməməsinin nədən ibarət olduğu və konkret olaraq hansı pozuntuya yol verildiyi üçün işdən azad edilmiş olduğu əsaslandırılmasa da, əmrin əsası kimi göstərilən və işə surətləri əlavə olunmuş cavabdeh təşkilatın Baş direktorunun satış və istismar üzrə müavini R.Əliyevin 14 mart 2018-ci il tarixli və 12 aprel 2018-ci il tarixli xidməti yazısından, cavabdeh təşkilatın Hüquq Departamentinin rəis müavini A.Rzayevin Birliyin Baş direktoru Ə.Hacıyevə ünvanladığı xidməti yazıdan və cavabdeh təşkilatın Həmkarlar İttifaqı Komitəsinin 27 mart 2018-ci il tarixli məktubundan, həmçinin məhkəmə iclasında verilən izahatlardan aydın olur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini, onun “Birliyin rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtın da icra etməməsi, əmək fəaliyyəti zamanı işində ciddi nöqsanlara yol verməsi, əmək funksiyasına aid olmayan işlərlə məşğul olması, bununla bağlı dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq bundan heç bir nəticə çıxarmaması və işində dönüş yaratmaması, eləcə də 19 mart 2018-ci il tarixdən heç bir üzürlü səbəb olmadan işə gəlməməsi” təşkil etmişdir. Birinci instansiya məhkəməsi məhz qeyd olunan sənədlərə əsaslanmaqla iddiaçının göstərilən pozuntulara yol verdiyinin sübuta yetirildiyi və buna görə də əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyə uyğun olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək mü qaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilərkən səbəb kimi göstərilən hallar (əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozduğu və üzrsüz səbəbdən işə gəlmədiyi) sübuta yetirilməmiş və onun əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə hüquqi zəmin olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən h ökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi is tisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “19 mart 2018-ci il tarixdən heç bir üzürlü səbəb olmadan işə g əlməməsi” əsasının qanuni hesab edilə bilməsi üçün, qeyd olunan bu halın heç bir üzrlü səbəb olmadan davam etməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Halbuki, mülki iş materiallarından görünür ki, iddiaçı 19 mart 2018-28 mart 2018-ci il, 29 mart 2018-0 6 aprel 2018-ci il, 09 aprel 2018-22 aprel 2018-ci il tarixlərində ambulator və stasionar müalicədə olmuş, bununla bağlı X1 və 8 saylı şəhər Poliklinikası tərəfindən ona “əmək qabiliyyətinin olmaması barədə” vərəqələr verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının işə gəlməməsi üzrlü səbəbdən olmuşdur. Eyni zamanda, iddiaçının iş yerinə gəlməməsi nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edib h aqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək qabiliyyətsiz olması, yəni onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qadağan edən şəxslər kateqoriyasına aid olması mənasına gəlir. Əmək Məcəlləsinin “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı 79-cu maddəsinə görə, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci hissəinə görə, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İddiaçının, müvafiq üzrlü səbəb barədə cavabdeh təşkilata məlumat verməməsinə d air cavabdeh tərəfin arqumenləri ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı əmək qabiliyyətsiz olması ilə bağlı cavabdeh təşkilatın rəhbərliyinə vaxtında məlumat verdiyini, lakin təqdim etdiyi sənədlərin qəbul olunmadığını bildirmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçının əmək qabiliyyətsiz olmasına dair xəstəlik vərəqələri kuryer vasitəsilə iş yerinə göndərilmiş, lakin həmin göndərişin qəbulundan imtina olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin etirazı ilə razılaşmayıb, haqlı olaraq qeyd etmişdir ki, 19 mart 2018-ci il tarixdən üzrsüz səbəbdən işə gəlmədiyi irəli sürülən iddiaçının əmək müqaviləsinə 13 aprel 2018-ci il tarixdə xitam verilmiş olmasının formalaşdırdığı qənaət, iddiaçının irəli sürdüyü dəli lləri daha inandırıcı, ağlabatan hesab etməyə imkan verir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən digər əsasla (əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması) bağlı isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin hallar əmək müqaviləsinə xitam verilməsinin tamamilə müstəqil əsasıdır və konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə iddiaçının əmək müqaviləsinə bu əsasla xitam verilə bilməz. Mübahisələndirilən əmrdən görünür ki, iddiaçının əmək funksiyasını yerinə yetirməməsinin, yaxud əmək vəzifələrini kobud şəkildə pozmasının hansı hərəkətlərdə ifadə olunduğu göstərilməmiş, bu arqument faktlara deyil, hər hansı sübutlarla öz təsdiqini tapmayan fərziyyələrə əsaslanmışdır. Halbuki Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli ol an başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqavilənin ləğv edilməsinin əsası kimi iddiaçının əmək funksiyasını yerinə yetirməməsi qeyd olunduğu halda, onun hansı əmək funksiyasını pozduğu və pozuntuya dair heç bir sübut göstərilməmişdir. Kollegiyanın qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq int izam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən müəssisədə işləməsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun izahatı da alınmamış, beləliklə Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələbləri pozulmuşdur. Onun, əmək müqaviləsinə xitam verilməmişdən təxminən 1 ay əvvəl – 16 mart 2018-ci il tarixdə verdiyi və “Baş direktorun satış və istismar üzrə müavini Ruslan Əliyevin 13 və 14 mart 2018-ci il tarixli xidməti yazısında qeyd olunanlarla tanış olduğu, qeyd olunanlara heç bir fikrinin olmadığı” məzmunlu izahat onun hər hansı pozuntuya yol verdiyinə dəlalət etməməklə bərabər, “intizam tənbehi verilməmişdən əvvəl alınan izahat” olaraq da qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, mübahisələndirilən əmrə əsas kimi göstərilən sənədlər arasında da iddiaçının izahatının olduğu göstərilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam ver mişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh təşkilat qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmama sını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran fakt ları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)-9983/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanıls ın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-982/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-982/2019
19.02.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver