Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-994/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğluna və Cavabdeh4 qarşı “tikintilərin sökülməsi və torpağın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)-1687/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(012)-246/2018 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunan 70,2 kv.metr, Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metr, Cavabdeh3 tərəfindən zəbt olunan 37,7 kv.metr və Cavabdeh4 tərəfindən zəbt olunan 25,2 kv.metrinin cavabdehlər tərəfindən boşaldılması, eləcə də zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metr sahəsinin və cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğlu və Cavabdeh4 tərəfindən onların vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğlu və Cavabdeh4 tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə İddiaçı qaytarılması qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(105)-1687/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafarinin və T.Q.Məmmədovun iştirakı ilə) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(012)-246/2018 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qətnamədən Cavabdeh2 adından Vəkil kassasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2(105)-1687/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
4. Cavabdeh2 nümayəndəsi, vəkil X2 vasitəsi ilə təkrarən kassasiya şikayəti vermiş və şikayətinə müddətin bərpasına dair ərizə əlavə etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(105)-1687/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(105)-1687/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla n əzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilmiş və kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyindən qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(105)-1687/2022 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər kassasiya məhkəməsinin göstərişlərinə əsasən geri qaytarılmışdır.
8. Cavabdeh2 Sumqayıt A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020ci il tarixli, 2(105)-1687/2020 nömrəli qətnaməsindən növbəti dəfə kassasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)1687/2022 nömrəli qərardadı ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovun və F.Ə.Məmmədovun iştirakı ilə) kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
9. Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)-1687/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsindən cavabdehin kassasiya şikayəti Mülki Prosess ual Məcəllənin 407.1-ci maddəsinə uyğun tərtib edilmiş, apellyasiya məhkəməsi həmin şikayəti qaytarmaqla MPM-in 408-ci maddəsinin tələblərini pozmuşdur.
11. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində digər məsələlərlə bağlı şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya insta nsiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Cavabdehin kassasiya şikayətini geri qaytaran apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, kassasiya şikayəti işin hallarının formal sadalaması ilə tərtib edilmiş, lakin şikayətdə işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir.
15. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.
16. Belə ki, iş materiallarına əlavə olunmuş 25 noyabr 2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmiş kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirərkən Mülki Məcəl lənin 152.1, 157.4-cü maddələrini maddi hüquq normalarının pozuntusu kimi qeyd etmiş və göstərmişdir ki, onun tərəfindən iddiaçının torpaq sahəsi zəbt edilməmişdir. Həmçinin cavabdeh Mülki Prosessual Məcəlləsinin 77.1 və 385.2-ci maddələrinin tələblərinin pozulmasını iddia edərək göstərmişdir ki, ona aid torpaq sahəsi qanunla müəyyən olunmuş qaydada sənədləşdirilmiş və qeydiyyata alınmış, lakin apellyasiya məhkəməsi onun iddiaya etirazla bağlı verdiyi sübutları nəzərə almamışdır.
17. Məhkəmə kollegiyası cavabdehin apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərinin əsaslılığına hüquqi qiymət vermədən hesab edir ki, kassasiya şikayətində MPM-in 407.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddia olunan maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmiş və şikayətin bu əsasla qaytarılmasına dair apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır.
18. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən kassasiya şikayətinin geri qaytarılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərardadı 04 oktyabr 2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilməklə kassatorun vəkilinə rəsmi qaydada verilmişdir. Cavabdeh hazırki kassasiya şikayətini 25 noyabr 2022-ci il tarixdə vermiş və şikayətə müddətin bərpasına dair ərizə əlavə etmişdir.
19. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və qətnamədən verilm iş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-403, 405-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə müddətin bərpasına dair cavabdehin ərizəsinə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)-1687/2022 nömrəli qərardadı ləğv edilsin və iş materialları qətnamədən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-403, 405-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.