Məhkəmə qərarları › İş №2(102)-997/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-997/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-997/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4886/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC və cavabdehlər Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixli, 1999/15 nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh2 18 ay müddətinə, illik faiz 10 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh1 xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.

3. Buna baxmayaraq əsas borclu borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir.

4. İd diaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

5. Bank xx.xx.2019-cu ildə aşağıdakı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı LPO İddiaçı ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1999/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 47.540,74 ABŞ dolları əsas borcu, 5.595,69 ABŞ dolları faiz borcu, 12.191,94 ABŞ dolları cərimə borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5.273,40 ABŞ dolları borcu olmaqla, cəmi 70.601,77 ABŞ dolları borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; tutmanın - Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85.9 kv.m. olan 157 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 cəmi 70.601,77 ABŞ dolları borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait q ətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 və onun ailə üzləri olan X4, X1, X2 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85.9 kv.m. olan 157 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və onun ailə üzləri olan X4, X1, X2 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılması və Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin i crasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetlərinə yönəldilməlidir.

8. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5.273,40 ABŞ dollarının tutulması hissəsində iddianı əsassız hesab edir. O, əsas və faiz məbləğini 1 ABŞ dollarının 1,05 manat ekvivalenti ilə ödəməyə etiraz etmir.

9. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə təyin edilən qiymətləndirmə üzrə “xxxx” MMCnin xx.xx.2020-ci il tarixli, LP-001/20 nömrəli hesabatına əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində ye rləşən 4 otaqlı ümumi sahəsi 85.9 kv.m. olan 157 nömrəli mənzilin bazar dəyəri - 150.000 manat, likvid dəyəri (ilkin satış) - 135.000 manat müəyyən edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(004)187/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1999/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 47540,74 ABŞ dolları əsas borcu, 5595,69 ABŞ dolları faiz borcu (müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixədək yaranmış), 200 ABŞ dolları cərimə olmaqla, cəmi 53336,43 (əlli üç min üç yüz otuz altı ABŞ dolları qırx üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc, həmçinin bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin verilm əsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzilinə yönəldilməsi, bazar qiyməti – 150000 (yüz əlli min) manat, likvid (ilkin satış) qiyməti 135000 (yüz otuz beş min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh2 53336,43 (əlli üç min üç yüz otuz altı ABŞ dolları qırx üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcu və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzili açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 və onun ailə üzləri olan X4, X1, X2 və Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq yeni alıcıya təhvil verilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit razılaşması və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4886/20 nömrəli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-187/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, yəni gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi, dəbbə puluna aid his sədə dəyişdirilməsi, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış faiz borcunun tutulması hissəsində iddia təmin edilməsi, Cavabdeh2 müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 5273,40 ABŞ dolları faiz borcu və 4700 ABŞ dolları məbləğində dəbbə pulu (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, qətnamə digər mübahisələndirilən hissələrdə, yəni əsas və faiz borcunun (müqavilə müddətinin son tarixinə) tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikas ı Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

14. LPO İddiaçı ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üz rə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. Belə ki, İpoteka müqaviləsi tərəflər arasında xx xxxxxx 2015-ci il tarixində bağlanmışdır. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən mübahisəli mənzil “xxxx” MMC tərəfindən qiymətləndirilmiş və onun bazar dəyəri 105.000 manat, likvid dəyəri isə 90.000 manat müəyyən edilmişdir. Həmin vaxtdan 5 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində, xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Həmçinin, bankın qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən araşdırmaları nəticəsində verdikləri rəydə qeyd olunur: Qiymətləndirməyə təqdim edilm iş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yəni, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal - 1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzilin hazırki bazar və likvid qiyməti aşağıdakı kimi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal - 1 yaşayış massivi ünvanda yerləşən, 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzilin hazırki bazar qiyməti 111.700 manat, likvid dəyəri isə 95.000 manat müəyyən edilir. Bundan əlavə, daşınmaz əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alaraq, tərəfimizdən daşınmaz əmlakların satışı üzrə internet satış sayıtlarından araşdırılıb, müqayisələndirilib və müəyyən olunub ki, həmin ərazidə anoloji mənzillərin bazar dəyəri məhkəmə tərəfindən müəyyən edilmiş məbləğlərdən aşağıdır. Belə olan halda məhkəmənin ekspert rəyini sübut kimi qiymətləndirərək Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal - 1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzilin bazar qiymətini 150.000 manat, likvid (i lkin satış) qiymətini - 135.000 manat müəyyən etməsi düzgün olmayan nəticəyə gəlməyə səbəb olmuşdur. Dəbbə pulunun kredit müqaviləsi üzrə 4700 ABŞ dolları müəyyən edilməsi 12191,94 ABŞ dolları dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır.

16. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC qarşısında olan kredit öhdəliyini baş vermiş devolvasiya səbəbindən yerinə yetirə bilməmişdir. O, sözügedən kredit məbləğini biznesin i inkişaf etdirmək məqsədilə götürmüşdür. Məhz baş vermiş devolvasiya onu olduqca ağır maddi vəziyyətə salmış, mövcud biznes fəaliyyəti sıradan çıxmış və kreditorları qarşısında borcları yaranmışdır. Belə olan təqdirdə Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş cərimə məbləğinin 200 ABŞ dolları məbləğindən 4700 ABŞ dollarına tənasübsüz (yəni əsas borcun 10% həcmində) artırılmaqla məhkəmə onun hazırkı durumunu nəzərə almamış, bununla da ədalətsiz mövqe nümayiş etdirərək "İddiaçı" ASC-nin mövqeyindən çıxış etmişdir. Məhkəmə yuxanda qeyd edilənləri (yəni devolvasiya, onun biznesinin sıradan çıxmasını, bunun nəticəsində hazırda maddi baxımdan olduqca ağır durumda olmağını), nəzərə almamış, işin bu kimi hallarına qiymət verməmiş, nəticədə tənasübsüz yanaşm a ilə MM-nin maddi normalarını işin faktiki hallarına uyğun tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsi məhkəmə iclasını Cavabdeh2 iştirakı olmadan keçirilmişdir. Həmin iclasa dair məhkəmə bildirişi şəxsən ona və ya ailə üzvlərinə verilməmişdir. Məhkəmə qərarı çıxarıldıqdan sonra ona məlum olmuşdur ki, ona verilməli məktubu başqa şəxsə vermişdir. Onun apellyasiya şikayətindən xəbəri olmamış və həmin hallarla bağlı məhkəmədə fikir bildirə bilməmişdir. Odur ki, məhkəmə qərarım qeyri-obyektiv hesab edir. Çünki apellyasiya şikayətində də bildirdiyim kimi mənə məxsus mənzilin qiymətləndirilməsi qeyri-obyektiv keçirilmişdir. Qiymətləndirmənin nəticəsinin tam olaraq əsassız olduğu qənaətindədir. Mənzilin satış qiyməti kimi likvid dəyərinin 135.000 manat müəyyən edilməklə açıq hərracda satılması nı isə heç cür razı deyil. Çünki onun mənzilinin hazırkı dəyəri ilkin satış qiymətindən də bazar qiymətindən də çoxdur. Odur ki, bu məsələlər (mənzilin qiyməti, onun qiymətinin səciyələndirən hallar və.s.) yenidən araşdırılmalıdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili Vəfa Qədirova məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə mə lumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

24. Maddə 445.7. Borclu pul məbləği nin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

25. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan a) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli, 01 nömrəli Qərardadı: 28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddə sinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

29. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

30. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

32. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh2 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini (o cümlədən faizləri) ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı, ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetlərinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§21-23, 25-27, 30-32).

40. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin yuxarıda göstərilən qaydada təmin edilməsi qanuni və əsaslı olmuşdur.

41. Kollegiya, kassasiya şikayətlərinin ipoteka predmetinin ilkin satış qiymətinə dair dəlillərini əsaslı hesab etmir ona görə ki, həmin qiymət məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünl üyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

42. İddiaçının cərimə məbləğinə dair dəlili də əsaslı deyil, ona görə ki, tənasübsüz surətdə yuxarı məbləğdə hesablanmış cərimənin məhkəmə tərəfindən azaldılması qanunda nəzərdə tutulmuşdur. Odur ki, qətnamə həmin hissədə maddi hüquq normalarına uyğundur (§ 25).

43. Eyni zamanda Kollegiya borca hesablanmış illik 5% məbləğinin tutulmalı olmadığına dair cavabdehin mövqeyi ilə razılaşmır. Çünki, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi halda, müqavilə müddəti bitdikdən və öhdəlik pozulduqdan sonra icra edilməmiş əsas borc öhdəliyinin ən azı illik 5 faizini ödəməlidir. Çünki banklar əsasən bağladıqla rı kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, onun faizlərinin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanmış gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz (§ 24).

44. Kollegiya onu da nəzərə alır ki, tərəflərin həm poçt bildirişləri, həm də elektron sms sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına dair sənədlər işə əlavə olunmuşdur.

45. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4886/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar