Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçılar İddiaçı10, İddiaçı8 və İddiaçı3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2016 saylı, 09 fevral 2016-cı il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2016 saylı, 09 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı12 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı « torpaq sahəsinin zəbt edilməsinə son qoyulması və torpaq sahələrinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər hansı maneənin aradan qaldırılması » tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İddiaçılar tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 may 2017-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmənin təşəbbüsü ilə və əldə olunmuş aidiyyəti məhkəmə sorğularına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmənin təşəbbüsü ilə və əldə olunmuş aidiyyəti məhkəmə sorğularına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1/2024 saylı, 24 fevral 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1/2025 saylı, 15 avqust 2025-ci il tarixli qərardadı ilə məhkəmənin təşəbbüsü ilə və əldə olunmuş aidiyyəti məhkəmə sorğularına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahələri 2022ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansından alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansına verilmişdir və məhkəmə kollegiyasının 05 noyabr 2025-ci il tarixli iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı10, İddiaçı8 və İddiaçı3 ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini qeyd edərək bildirmişlər ki, 2022-ci ildən ərazidə yaradılan maneələr aradan qaldırılmışdır və hal-hazırda mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadə edə bilirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə2 hazırkı iş üzrə mübahisə qalmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2022-ci ildən həmin ərazilər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır və hazırda mülkiyyətçilərin həmin torpaq sahələrinə keçidinə heç bir maneə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, ərizələri və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2016 saylı, 09 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki halda hazırki iş üzrə heç bir mübahisə mövcud olmadığından bu iş üzrə olan tələbə məhkəmə qaydasında baxıla bilməz. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2016 saylı, 09 fevral 2016-cı il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1/2025
05.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver