Məhkəmə qərarları › İş №2(103)-10/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10/2025

07.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-10/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “zəbt edilmiş torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətin bərpa edilməsi ”tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi, əldən çıxmış faydanın və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı Seyı dov Elnur Rafiq oğlunun, Cavabdehin nümayəndəsi və vəkili X3, vəkili X2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən onun mülkiyyətində olan qeyri-qanuni zəbt olunmuş 150 kv.m. torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda iddiaçı iddianın təmin tədbirinin tətbiqi barədə ərizə verərək, iddia ərizəsi üzrə yekun məhkəmə aktı çıxarılanadək, ünvan 1 məhəllədə yerləşən qeyri-yaşayış sahəsində hər hansı tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 məhəllədə yerləşən qeyri-yaşayış sahəsində hər hansı tikinti işlərinin aparılmasının “xxxx” MMC-yə qadağan edilməsi qərara alınmışdır.

4. Iddiaçı daha sonra iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə verərək, qeyriqanuni zəbt olunmuş torpaq sahəsi üzərində inşa edilmiş və cavabdeh tərəfindən sökülmüş tikilinin real bazar qiymətinin müəyyən edilərək dəyərinin və dəymiş mənəvi ziyana görə 10000 (on min) manat pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı bir daha iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “xxxx” MMC tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan kimi 500000 (beş yüz min) manat ödəməklə, zəbt edilmiş torpaq sahəsinin cavabdeh “xxxx” MMC-nin mülkiyyətinə keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı yenə iddia tələbinin dəqiqləşdirilməsi və dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə “cavabdeh “xxxx” MMC tərəfindən ona məxsus zəbt edilmiş ərazinin boşaldılması, tikintinin sökülməsi, 2 il ərzində əmlakdan istifadə edə bilmədiyi üçün 100.000 manat pulun, əmlakın bazar dəyəri dəyərsizləşdirildiyinə görə 500.000 manat pulun cavabdeh “xxxx” MMC-dən tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi (hakim Fuad Abdıyev) ilə iddia tələbləri təmin edilməmişdir.

8. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

9. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Qətnamə prosessual forma baxımımdan qanunun tələblərinə cavab vermir. Qətnamənin əsaslandırıcı hissəsini müəyyən etmək mümkün deyil, əsasən tərəflərin izahatlarından, iş materiallarında olan sənədlərin sadalanması və bir neçə hüquqi müddəalardan ibarətdir. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu, 1-ci və 3-cü ekspertiza rəylərindən də açıq-aydın görünür ki, iddiaçıya məxsus torpaq zəbt edilib. Hətta 2-ci ekspertizanın rəyindən iddiaçıya məxsus faktiki torpaq sahəsinin hüquqi sənəd üzrə torpaq sahəsindən azlıq təşkil etdiyi müəyyən olur. Odur ki, qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı ##.##.2021-ci il tarixdə yazılı vəsatət verərək, Binəqədi rayon Icra Hakimiyyətinin ## ###### 2017-ci il tarixli *** saylı sərəncamının Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında “xxxx” MMC-yə ayrılmış torpaq sahəsi üzrə “Nərgiz” Kafesinin torpaq sahəsi ilə kəsişdiyi hissədə ləğv edilməsi” tələbinə Bakı Inzibati Məhkəməsinin icraatında iş olduğunu bildirmiş və həmin inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. 11.

12. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçı Seyı dov Elnur Rafı q oğlunun cavabdeh Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı ”sərəncamın qismən ləğv ediməsi və s.” tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(103)-38/2024-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə mülki işin dayandırılmasına səbəb olan hal aradan qalxdığından iş üzrə icraat təzələnmişdir.

14. Iddiaçı ##.##.2024-cü il tarixdə vəsatətlə Məhkəməyə müraciət edərək Binəqədi RIH-in ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə Iddiaçına dəymiş 1402715,00 manatın ödənilməsi öhdəliyinin Binəqədi Rayon Icra Hakimiyyəti üzərinə qoyulması barədə inzibati qaydada qəbul ediləcək məhkəmə qərarı qüvvəyə minənə qədər bu iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2024-ci il tarixli qərardadı ilə Bakı Inzibati Məhkəməsinin icraatında olan Binəqədi RIH-in ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə Iddiaçına dəymiş 1402715,00 manatın ödənilməsi öhdəliyinin Binəqədi Rayon Icra Hakimiyyəti üzərinə qoyulması barədə *-*(***)-*****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

16. Bakı Inzibati Məhkəməsindən ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli məktub daxil olmuş, həmin məktubdan müəyyən olur ki, Bakı Inzibati Məhkəməsinin icraatında olan Binəqədi RIH-in ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə Iddiaçına dəymiş 1402715,00 manatın ödənilməsi öhdəliyinin Binəqədi Rayon Icra Hakimiyyəti üzərinə qoyulması barədə iddia mümkünsüz sayılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.

18. Bundan sonra keçirilən növbəti məhkəmə iclasında həm iddiaçı, həm də cavabdeh ayrıayrılıqda vəsatətlər verərək bildirmişlər ki, iddiaçı Iddiaçı eyni mübahisə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə qarşı ziyanın ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Odur ki, Bakı Inzibati Məhkəməsinin icraatında olan *- *(***)-*****/**** saylı iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişlər.

19. Iddia ərizəsindən görünür ki, Binəqədi RIH-in ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə Iddiaçına dəymiş 1402715,00 (bir milyon dörd yüz iki min yeddi yüz on beş) manatın ödənilməsi öhdəliyinin Binəqədi Rayon Icra Hakimiyyəti üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

20. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli sərəncamından görünür ki, iddiaçı Iddiaçı Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə qarşı ziyanın ödənilməsi tələbinə dair inzibati işin hazırlıq iclası ##.##.2026-cı il tarixə, saat 10:15-ə təyin edilmişdir. Tərəflərin izahatı:

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq da göstərdi ki, o yenidən Binəqədi IH qarşı inzibati məhkəmədə onun hazırkı işdə tələb etdiyi zərərin vurulmasına səbəb olan hərəkətlərindən doğan zərərin əvəzinin ödənilməsinə dair iddia vermişdir, hesab edir ki, hazırda cavabdehdən tələb etdiyi bütün zərərin yaranmasının əsas səbəbkarı məhz Binəqədi IH ilə bağlı olmuşdur, odur ki, həmin inzibati işə baxılanadək bu iş üzrə icraat yenidən dayandırılmalıdır. Bundan əlavə olaraq iddiaçı göstərdi ki, həmin ünvanda olan “Nərgiz” kafesinə aid tikililər onun xüsusi mülkiyyətində olsa da, tikililərin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, onun müddətsiz istifadəsindədir.

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Y.Allahverdiyev, vəkili A.Verdiyeva apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin əsassız olduğunu bildirdilər və təmin edilməməsini xahiş etdilər və Y.Allahverdiyev əlavə olaraq da göstərdi ki, rayon məhkəməsi mahiyyət etibarı ilə düzgün qənaətə gəlmişdir, iddiaçı yenidən Binəqədi IH qarşı inzibati məhkəmədə zərər tələbi ilə bağlı iddia vermişdir və bu işin icraatının dayandırılmasını da xahiş etmişdir, onlar da vəsatət verərək icraatın dayandırılmasını xahiş etmişlər, çünki iddiaçının izahatından da məlum olduğu kimi, o Binəqədi IH qarşı inzibati məhkəmədəki tələbində eyniylə hazırkı tələbində onlardan istədiyi zərəri tələb edir və özü də izahatında bildirdi ki, ona vurulmuş bütün zərərlərə görə IH cavabdehdir. Demək ki, iddiaçının onlara qarşı hazırkı tələbi hər bir halda əsassızdır və təmin edilə bilməz.

23. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

24. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

25. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, ##.##.2009-cu il qeydiyyat tarixli çıxarışdan müəyyən olur ki, ünvan 1 məhəllədə istifadədə olan 0.07028 ha. torpaq sahəsində yerləşən 569.6 kv.m ümumi, 456.6 kv.m. əsas, 113 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (“Nərgiz” kafesi) tam mülkiyyət hüququ üzrə iddiaçı Iddiaçı mülkiyyətindədir.

26. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi Idarəsi tərəfindən ##.##.2009-cu il tarixdə tərtib edilmiş Texniki pasporta əsasən sənəd üzrə torpaq sahəsi 0.12623 ha, tikintialtı sahə 0.07133 ha, digər sahələr isə 0.0549 ha təşkil edir.

27. Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2017-ci il tarixli, *** saylı “Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” Sərəncamına əsasən “Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" ## ###### 2016-cı il tarixli * saylı Qərarı rəhbər tutularaq Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud olan qaraj sahələrinin və fərdi yaşayış evlərinin qəzalı olması və rayonun memarlıq görünüşünə xələl gətirməsi səbəbindən sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinin “xxxx” MMC tərəfindən təmin edilməsi, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud qaraj sahələrinin və yaşayış evlərinin yerləşdiyi 1485 m2 torpaq sahəsinin “xxxx” MMC-nin istifadəsinə ayrılması, tikinti işləri başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin qanunda nəzərdə tutulmuş qaydada sənədləşdirilməsinin “xxxx” MMC tərəfindən təmin edilməsi, “xxxx” MMC ərazinin və hündürmərtəbəli yaşayış binasının memarlıq planlaşdırması həllini layihələndirilmə ərəfəsində Binəqədi Rayon Icra Hakimiyyəti ilə razılaşdırması, tikinti işləri aparılarkən sahədə aşkar olunmamış mühəndis kommunikasiya xətləri qeydə alınarsa, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin və ərazidə mövcud yaşıllıqların köçürülməsinin aidiyyəti qurumlarla razılaşdırılmaqla “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanması məqsədi ilə “xxxx” MMC-yə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud qaraj və fərdi yaşayış evlərinin sahibləri ilə qarşılıqlı razılaşma əsasında kompensasiya ödənilməsi və ya yeni mənzil və qeyriyaşayış sahəsi ilə əvəzlənməsi şərtilə “xxxx” MMC-nin vəsaiti hesabına sökülməsi, aparılacaq söküntü işləri nəticəsində yaranmış bərk məişət tullantılarının xüsusi poliqona daşınmasının “xxxx” MMC tərəfindən təmin edilməsi, Sərəncamın İ və II bəndlərinin tələbləri “xxxx” MMC tərəfindən tam yerinə yetirildikdən sonra tikinti işlərinə başlanılmazdan əvvəl hündürmərtəbəli yaşayış binasının tikinti layihəsinə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumlardan müvafiq rəylərin alınmasım və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınmasının təmin edilməsi, tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsində yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılmasının Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılması qərara alınmışdır.

28. Binəqədi Rayon Icra Hakimiyyətinin *** saylı ## ###### 2017-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında yerləşən 1485 kv.m. torpaq sahəsinə dair **/** saylı ayrıc aktı tərtib edilmişdir. Həmin ayrıc aktına əsasən torpaq sahəsinin uzunluğu 45,0 metr, eni 33,0 metr təşkil edir.

29. Binəqədi rayon Icra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş cavabdeh “xxxx” MMCyə yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” ##.##.2018-ci il tarixli, *** nömrəli Sərəncamı ilə “Pilot Layihə” çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 64 ünvanında cavabdeh “xxxx” MMC-yə 1 ədəd 1 bloklu 2 səviyyəli zirzəmili, 16 mərtəbəli (+mansarda) yaşayış binasının inşasına icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən ayrıc aktı, tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan tərtib edilmişdir. Həmin binanın tikintisi ilə bağlı layihə tərtib edilərək, aidiyyəti qaydada razılaşdırılmış və təsdiq edilmişdir. Tikintinin aparılması üçün bütün sənədləşmə işi aparılmış və icazələr alınmışdır.

30. Dövlət Şəhərsalma və Arkitektura Komitəsinin 001649 seriya nömrəli şəhadətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 64 ünvanında yerləşən tikinti obyekti “xxxx” MMC-yə verilir.

31. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2018-ci il tarixli, G-**/**-*** nömrəli mütəxəssis rəyindən müəyyən olur ki, ünvan 1 məhəllə ünvanında istifadədə olan 0,0702 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının sökülmüş “C” tikilisinin qiyməti 13.500 manat təşkil edir

32. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubundan aydın olur ki, «xxxx» MMC adlı şirkət tərəfindən qeyri-yaşayış sahəsinin yanında çoxmərtəbəli yaşayış binasının inşası aparılarkən Iddiaçına məxsus 0.02273 ha=2.273 sot=227.3 kv.m. torpaq sahəsi zəbt olunub.

33. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2019-cu il tarixli, ************ nömrəli məktubundan müəyyən olur ki, iddiaçının mülkiyyətində olan ünvan 1 məhəllədə yerləşən qeyri-yaşayış binasının yerləşdiyi, istifadədə olan 0,07028 ha torpaq sahəsinin yerinin naturada müəyyən edilməsinə dair ərizəsinə əsasən mütəxəssislər tərəfindən torpaq sahəsinə texniki baxış keçirilmiş və torpaq sahəsinin sənəd üzrə 0,12623 ha, fktiki sahəsinin isə 0,1035 ha olduğu, həmin torpaq sahəsində yerləşən C tikilisinin tam olaraq, A tikilisinin isə bir hissəsi sökülmüşdür və başqa vətəndaşın istifadəsindədir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2019-cu il tarixli, ***** nömrəli ekspert rəyinə əsasən, çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsi ilə Iddiaçı mülkiyyətində olan torpaq sahəsi arasında olan sərhəd hasarının texniki pasport sənədində B literli tikilidə yerləşən ** saylı otağın xarici divarı boyunca dəmirdən olmaqla uzunluğu 31,6 metr təşkil edir və texniki pasport sənədində A literli tikilidən 4.9 metr aralıda yerləşir. Mülki iş materiallarında “xxxx” MMC-nin istifadəsində olan torpaq sahə\sinin daxilində qazıntı işləri aparıldığını və tikinti tullantıları olduğunu, “xxxx” MMC-yə ayrıımış torpaq sahəsnə aid hər hansı hüquqmüəyyənedici sənəd olmadığından həmin torpaq sahəsinin sənəd və faktiki sahəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hazırlanmış ************ nömrəli məktuba əsasən ünvan 2 3677 ünvanında yerləşən Iddiaçı mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə 0,1263 ha, faktiki sahənin isə 0,1035 ha olduğu müəyyən edilmişdir. Iddiaçı mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə 0,1263 ha, faktiki olaraq isə 0,1035 ha olduğunu nəzərə alaraq, E.Seyidovun mülkiyyətində olan torpaq sahəsinin 228 kv.m hissəsində qazıntı, söküntü işləri aparılmaqla “xxxx” MMC tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur.

35. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli mütəxəssis rəyində ünvan 2 3677 ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahəsinin 1 sot sahə üçün hazırki bazar dəyərinin 18.000-20.000 manat olduğu göstərilmişdir.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2021-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən Iddiaçı mülkiyyətində olan qeyriyaşayış binası faktiki olaraq 36 tikilidən ibarətdir. Baxış zamanı qeyri-yaşayış binasına dair tərtib edilmiş texniki pasportun məlumatları ilə tikililərin faktiki vəziyyəti müqayisə edilərkən, həmin tikililərin faktiki vəziyyətdə planlı yerləşməsinin və ölçülərinin texniki pasportun məlumatlarına uyğun olduğu, lakin texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən 37 və ** saylı tikililərin faktiki olaraq söküldüyü müəyyən edilmişdir. Çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün cavabdehə ayrılmış torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan və ünvan 2 3677 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında metal şiferdən quraşdırılmış çəpərin uzunluğu 35,1 metr təşkil etdiyi, faktiki vəziyyətdə həmin sahələrin bir-birinə bitişik yerləşdiyi, sənəd üzrə cavabdehə ayrılmış torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan sahə arasıdakı məsafənin bir tərəfdən 3.39 metr, digər tərəfdən 3.75 metr olduğu, eləcə də cavabdeh tərəfindən inşa edilmiş hündürmətəbəli yaşayış binasının Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2017-ci il tarixli, *** saylı sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmiş, çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün cavabdehə ayrılmış torpaq sahəsinin sənəd üzrə 1485 kv.m, faktiki 1506 kv.m, iddiaçının mülkiyyətində olan və ünvan 2 3677 ünvanında yerləşən əmlakın sənəd üzrə 569,6 kv.m 37 və ** saylı tikililərin sökülməsi səbəbindən faktiki olaraq 548,2 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyri-yaşayış binasının 37 və ** saylı tikililərin sökülməsi nəzərə alınaraq, iddiaçının mülkiyyətində olan sahənin hər hansı hissəsinin hazırda cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilməmişdir.

37. “xxxx” MMC-nin ##.##.2021-ci il tarixli, **-***/** nömrəli mütəxəssis rəyindən müəyyən olur ki, Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən ## ###### 2017-ci il tarixli *** saylı sərəncamla Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda “xxxx” MMC-yə ayrılmış 1485 kv.m torpaq sahəsinin həcmi və koordinatları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi idarəsi tərəfindən “Nərgiz” kafesinə (hüquq subyekti Iddiaçı) verilmiş ## ####### 2009-cu il tarixli 11/276 inventar nömrəsi olan texniki pasportda göstərilmiş torpaq sahəsinin həcmi və koordinatları ilə kəsişir. Binəqədi rayon Icra Hakmiyyəti tərəfindən ## ###### 2017-ci il tarixli *** saylı sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda “xxxx” MMC-yə ayrılmış 1485 kv.m torpaq sahəsinin cizgisində (topoqrafik planı) “Nərgiz” kafesinə məxsus tikililər göstərilməyib, lakin göstərilməli idi. Əgər 1 -ci sual üzrə torpaq sahəsi kəsişirsə, onda “Nərgiz” kafesinə məxsus tikililər və torpaq sahəsini əvvəlki vəziyyətini bərpa etmək mümkün deyil.

38. “xxxx” MMC-nin ##.##.2026-ciı il tarixli, № *** qiymətləndirmə rəyinə əsasən, ünvan 2 3677 ünvanında istifadədə olan 0,07028 ha torpaq sahəsinin ümumilikdə real bazar dəyəri 422000 (dörd yüz iyirmi iki min) manat, 1 kv.metrinin real bazar dəyəri isə 600 (altı yüz) manat məbləğində müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları:

39. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.III. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139-1.1.10.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 154.2. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin: 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir; 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihəsmeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Tətbiq edilən prosessual hüquq normaları:

42. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

45. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Mülki iş materiallarından müəyyən olduğu kimi, iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi, dəyişdirilməsi barədə ərizələr vermişdir. Hazırda iddiaçının sonuncu dəqiqləşdirmə barədə ərizəsindən sonra iddia tələbləri “zəbt edilmiş ərazinin boşaldılması, tikilinin sökülməsi, əldən çıxmış faydanın və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələblərindən ibarətdir ki, bu da mahiyyət etibarı ilə əvvəlki vəziyyətin bərpasını ehtiva edir.

47. Məhkəmə araşdırmaları zamanı müəyyən olmuşdur ki, ünvan 1 məhəllədə istifadədə olan 0,07028 ha torpaq sahəsində yerləşən 569.6 kv.m. ümumi, 456.6 kv.m. əsas, 113 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (Nərgiz kafesi) tam mülkiyyət hüququ üzrə Iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin qeyri-yaşayış binasına dair (Nərgiz kafesi) ##.##.2009-cu il tarixli texniki pasport tərtib edilmiş, xüsusi mülkiyyət hüququna dair verilmiş MH seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1 mərtəbəli qeyri-yaşayış binası 38 tikilidən ibarət olmaqla, ümumi sahəsi 569,6 kv.metr təşkil etmişdir. Binəqədi Rayon Icra Hakimiyyəti başçısının *** saylı ##.##.2017ci il tarixli sərəncamı ilə “xxxx” MMC-ə ayrılmış torpaq sahəsində “xxxx” MMC tərəfindən tikintiquraşdırma işləri aparılmiş və həmin ərazidə çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur.

48. Ekspert (mütəxəssis) rəylərinə görə, iddiaçının mülkiyyətində olan “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və ** saylı tikililərin yerləşdiyi torpaq sahəsi Binəqədi rayon Icra Hakimiyyəti Başçısının *** saylı ##.##.2017-ci il tarixli sərəncamına əsasən “xxxx” MMC-ə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür, üst-üstə düşən hissədə faktiki olaraq “Nərgiz” kafesinə məxsus tikililər hazırda mövcud olmasa da, həmin torpaq sahələrinin üst-üstə düşdüyünü nəzərə alaraq sənəd üzrə “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi mümkün deyil.

49. Məhkəmə mülki iş materiallarındakı ekspert, mütəxəssis rəylərini nəzərdən keçirərək qeyd edir ki, Binəqədi rayon Icra Hakimiyyətinin sərəncamı ilə “xxxx” MMC-ə ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binası tikilmişdir. Iddiaçının mülkiyyətində olan “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş 37 və ** saylı tikililərin yerləşdiyi torpaq sahəsi ilə həmin çoxmərtəbəli yaşayış binasının sahəsinin bir hissəsi üst-üstə düşsə də, iddiaçıya məxsus tikililər hazırda mövcud olmadığından əvvəlki vəziyyətin bərpa edilməsi, beləliklə də iddia tələblərinin təmin edilməsi faktiki mümkünsüzdür.

50. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın tutulması” və “maddi zərərin əvəzinin ödənilməsi” hissələri ilə bağlı da rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, iddiaçı əldən çıxmış fayda kimi 100.000 (yüz min) manat tələb etsə də, ümumiyyətlə hər hansı məbləğdə faydanın əldə edilməsinin mümkünlüyünü əsaslandırmamış, əldə edilməsi mümkün olan faydanın mənbəyinə dair sübutlar təqdim etməmişdir. Iddiaçı əmlakın bazar dəyəri dəyərsizləşdiyinə görə 500.000 (beş yüz min) manat tələb etməsi üçün də əsaslar müəyyən edilmir.

51. Məhkəmə iddiaçı və cavabdehin mülki iş üzrə icraatın dayandırılması üzrə ayrı-ayrılıqda verdikləri vəsatətlərlə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, hazırda baxılan mülki iş üzrə iddia ərizəsi rayon məhkəməsinə ##.##.2018-ci ildə daxil olmuş, iddiaçının vəsatətləri əsasında mülki iş üzrə icraat bir neçə dəfə dayandırılmışdır. Sonuncu vəsatətlərdən müəyyən olur ki, Bakı Inzibati Məhkəməsinin icraatında iddiaçı Iddiaçı cavabdeh Binəqədi rayon Icra Hakimiyyətinə qarşı ziyanın ödənilməsi tələbinə dair inzibati iş vardır.

52. Məhkəmə hesab edir ki, hazırkı mülki işə məhkəmələrdə uzun müddət baxılması tərəflərin - xüsusilə də iddiaçının davranışı və vəsatətləri (xahişləri) səbəbindən baş vermiş olsa da, bu faktın özü də hazırkı işə ağlabatan müddətdə baxılması tələbinə xələl gətirməməlidir. Məhz buna görə də iddiaçı və cavabdehin iş üzrə icraatın dayandırılması barədə sonuncu vəsatətləri təmin edilməməlidir.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Beləliklə, Məhkəmə qeyd edir ki, rayon məhkəməsi mahiyyət etibarilə düzgün nəticəyə gələrək iddia tələblərini təmin etməmişdir. Iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

56. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

57. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyəti etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçıya aid edilməlidir.

60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar