Məhkəmə qərarları › İş №2(103)-10006/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10006/2021

28.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10006/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və vəkili və nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı “01 oktyabr 2019-cu il tarixli 131 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, onun laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı Humanitar Kollecinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Humanitar Kollecinin 01 oktyabr 2019-cu il tarixli 131 nömrəli əmrinin ona dair hissəsində ləğv edilməsi, onun laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə keçmiş adı Bakı Məktəbəqədər Texnikumu, hazırkı adı Bakı Humanitar Kollec olan müəssisəyə laborant vəzifəsinə işə qəbul olunmuşdur. 2010-cu ildən indiyədək Kollecin “Tələbə Məzun” sistemində operator işləyir. Eyni zamanda Təhsil Nazirliyində DTS-də diplomlar üzrə kollecin məsul şəxsi təyin edilmişdir. 30 iyul 2019-cu il tarixdən isə Kollecdə yaranmış Tələbə şöbəsində ictimai əsaslarla işləmişdir. 2019-cu ilin sentyabr ayında Kollecin keçmiş direktoru Vaqif Əmiraslanov başqa şəxsi onun yerinə təyin etmək üçün onu çağırıb işdən getmək barədə ərizə yazmağını tələb etmişdir. Əlbəttə ki, bununla razılaşmamış və işinə davam etmişdir. Lakin, bu günlərdə, yəni, 08 iyun 2021-ci il tarixdə özünün əmrini istədikdə məlum olmuşdur ki, onu 01 oktyabr 2019-cu il tarixli 131 nömrəli əmr ilə xadiməçilik işinə keçirmişlər. O, faktiki olaraq bu günə kimi başqa işləri yerinə yetirmiş və heç vaxt xadimə kimi işləməmişdir. Göründüyü kimi, Kollecin keçmiş direktoru əmək qanunvericiliyini kobud şəkildə pozaraq onun hüquqlarına xələl gətirmişdir. Qanunvericilik bir müəsissə daxilində işçinin digər vəzifəyə keçirilməsi üçün işçinin hüquqlarına təminat verən şərtlər müəyyən etmişdir. Əmək Məcəlləsi bu şərtləri ona görə müəyyən etmişdir ki, başqa işə keçirmə mahiyyətində yeni əmək münasibətlərinin yaranmasına səbəb olur, çünki işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi həvalə olunur. Belə ki, ilk növbədə işçi yazılı şəkildə razılıq verməlidir. Razılıq könüllü şəkildə ondan alınmalıdır. Əmək Məcəlləsinin 59.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Başqa işə keçirilmə barədə razılıq verildikdən sonra onunla yeni əmək müqaviləsi bağlanmalı və ya əmək müqaviləsinə dəyişiklik edilməli idi. Əmək Məcəlləsinin 59-cu maddəsində qeyd olunur ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı və həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanmaqla yol verilir. Lakin, onun əmək müqaviləsinə hər hansı dəyişiklik edilməmiş və ya onunla yeni əmək müqaviləsi bağlanmamışdır. Ola bilər ki, yeni işə keçirmə barədə əmr verilib, lakin yeni əmək müqaviləsi bağlanmadan və ya müqaviləyə dəyişikliklər edilmədən sadəcə əmr verilməklə başqa işə keçirilmə rəsmiləşdirilə bilməz, keçirilsə belə bu qanunsuzdur. Qanunvericlilik əmək müqaviləsi bağlanmadan yaxud müqaviləyə dəyişiklik edilmədən belə bir əmrin verilməsi qadağan edilir. Əmək Məcələsinin 81.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Əmək qanunvericiliyi ilə belə hallarda əmrlə bərabər mütləq şəkildə həm 59-cu maddədə, həm də 82-ci maddədə əmək müqaviləsinin bağlanılmasını və ya ona dəyişiklik edilməsini tələb edir. Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsini, habelə, əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişiklik edilməsi qaydalarına mütləq əməl edilməlidir. Başqa işə keçirilmə barədə əmr verilməli və işçiyə təqdim edilməlidir. Lakin, ona bu barədə əmr təqdim edilib imzalatdırılmamışdır. Halbuki, Kollecin direktoru əmrin surətini ona təqdim etməli idi. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisəsinin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə ediməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və .ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. O, Təhsil Nazirliyində DTS-də diplomlar üzrə kollecin məsul şəxsi təyin edilmişdir, qanunla "TələbəMəzun” sisteminin operatoru olduğu üçün Kollecə qəbul olunmuş tələbələrin qeydiyyatını aparır. Xadimə vəzifəsinə necə keçirilə bilərdi ki, faktiki olaraq digər işlə məşğul olmuşdur və bu günədək də yenə həmin işləri icra edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı Humanitar Kolleci tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli, 131 nömrəli əmrin İddiaçı aid hissələrdə ləğv edilməsi, İddiaçı Bakı Humanitar Kollecində “laborant” vəzifəsinə işə bərpa edilməsi, Bakı Humanitar Kolleci tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilərkən 01 oktyabr 2019-cu il tarixindən “xadimə” vəzifəsi üzrə ona ödənilmiş əmək haqqlarının məbləğlərinin nəzərə alınması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinin xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəflərin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı Bakı Məktəbəqədər Pedoqoji Texnikumunun direktoruna ünvanlanmış 14.05.2008-ci il tarixli ərizəsindən görünür ki, 0.5 ştat vahidində qiyabi şöbəyə katibə vəfizəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı Məktəbəqədər Texnikumunun direktoru V.T.Əmiraslanovun 15.05.2008-ci il tarixli 53 saylı əmri ilə İddiaçı həmin tarixdən əmək haqqının ştat cədvəli üzrə ödənilməsi tələbi göstərilməklə 0.5 ştat vahidində qiyabi şöbənin makinaçısı vəfizəsinə təyin edilmişdir; əmrə əsas kimi iddiaçının ərizəsi göstərilmişdir. İddiaçı Bakı Məktəbəqədər Pedoqoji Texnikumunun direktoruna ünvanlanmış 20.05.2008-ci il tarixli ərizəsindən görünür ki, katibə makinaçı vəzifəsindən tədris işləri üzrə katibə vəfizəsinə keçirilməsini xahiş etmişdir. Bakı Məktəbəqədər Texnikumunun direktoru V.T.Əmiraslanovun 22.05.2008-ci il tarixli 58 saylı əmrindən görünür ki, qiyabi şöbənin makinaçısı olan İddiaçı həmin tarixdən tədris işləri üzrə katibə vəzifəsinə təyin edilmiş, əmək haqqının ştat cədvəli üzrə ödənilməli olduğu müəyyən edilmişdir; əmrə əsas kimi iddiaçının ərizəsi göstərilmişdir. İddiaçı Bakı Məktəbəqədər Pedoqoji Texnikumunun direktoruna ünvanlanmış 03.09.2008-ci il tarixli ərizəsindən görünür ki, katibə vəzifəsindən azad edilərək lobarant vəfizəsinə təyin olunmasını xahiş etmişdir. Bakı Məktəbəqədər Texnikumunun direktoru V.T.Əmiraslanovun 08.09.2008-ci il tarixli 98 saylı əmrinə əsasən, İddiaçı ilə tədris işləri üzrə katibə kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilərək onun sosial məzuniyyətdə olan Reyhan Nuriyevanın yerinə “Biologiya” kabinetinə lobarant təyin edilməsi qərara alınmışdır; əmrə əsas kimi iddiaçının ərizəsi göstərilmişdir. Bakı Məktəbəqədər Texnikumunun direktoru V.Əmiraslanovun 01.10.2019-cu il tarixli 131 saylı əmrin İddiaçı aid hissəsindən aydın olur ki, İddiaçı ilə lobarant kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən ƏM-nin 68-ci maddəsinə (öz ərizəsi ilə) əsasən xitam verilmiş və onunla son haqq-hesab edilməsi tapşırılmışdır. Əmrdəki digər göstərişlə isə İddiaçı əmək haqqının ştat cədvəli üzrə ödənilməsi müəyyən olunmaqla həmin tarixdən xadimə təyin edilmişdir; əmrə əlavə edilmiş 01.10.2019-cu il tarixli ərizələrdən görünür ki, iddiaçı bir ərizə ilə lobarant vəzifəsindən azad edilməsini, digəri ilə isə texniki işçi kimi işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 15.05.2008-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə texnikum arasında qiyabi şöbədə katibə vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. Sonradan “qiyabi şöbədə katibə” söz birləşməsindən sonra defis işarəsi qoyularaq qarşısına “xadimə” sözü yazılmışdır. Müqavilənin sonunda isə “Dəyişiklik edilib: 01.10.2019” qeydi düşülmüşdür. Bakı Məktəbəqədər Pedoqoji Texnikumunun direktoru Vaqif Əmiraslanov tərəfindən imzalanmış vəsiqənin surətindən görünür ki, İddiaçı vəzifəsi laborantdır. İddiaçı tərəfindən Bakı Humanitar Kollecinə ünvanlanmış 08 iyun 2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, xadimə işinə keçirilməsi ilə bağlı əmrin surətinin rəsmi olaraq ona təqdim edilməsini sonuncudan xahiş etmişdir. İcazə.e-gov.az saytından çıxarışdan görünür ki, İddiaçı iş yeri Bakı Humanitar Kollec, vəzifəsi isə xadimədir. Mygov.az portalından əldə edilmiş çıxarışlara əsasən: İddiaçı əsas iş yeri: Bakı Sosial Pedoqoji Kolleci, müqavilənin tarixi 15 may 2008 - 30 mart 2018-ci il olmaqla vəzifəsi laborant (fizikimexaniki sınaqlar üzrə), xitam tarixi: 09 mart 2018, xitam səbəbi: dövlət orqanı ləğv edildikdə, əmək haqqı 119 manatdır. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 09 mart 2018 - 26 yanvar 2019-cu il olmaqla vəzifəsi laborant, əmək haqqı 152 manatdır. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 09 mart 2018 - 12 may 2019-cu il olmaqla vəzifəsi laborant, 155 manatdır. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 09 mart 2018 - 12 dekabr 2019-cu il olmaqla vəzifəsi laborant, 211 manatdır. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 09 mart 2018 - 26 mart 2020-ci il olmaqla vəzifəsi laborant, 260 manatdır. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 01 oktyabr 2019cu il olmaqla vəzifəsi xadimə, əmək haqqı 260 manatdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsində verilən anlayışlara görə, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir; işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir; əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məcəllənin 9-cu maddənin “a” bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əmək müqaviləsi üzrə əsas hüquqlarındandır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, işin mübahisəsiz hallarına görə, hazırkı adı Bakı Humanitar Kolleci olan Bakı Məktəbəqədər Pedoqoji Texnikumu ilə İddiaçı arasında 15 may 2008-ci il tarixli əmək müqaviləsi bağlanaraq sonuncu qiyabi şöbədə katibə vəzifəsinə qəbul edilmişdir. Bundan sonra, iddiaçı öz razılığı ilə işəgötürən tərəfindən tədris işləri üzrə katibə vəzifəsinə, daha sonra isə laborant vəzifəsinə təyin edilmişdir. Mygov.az portalından əldə edilmiş məlumatlardan, habelə iş materiallarında olan əmrlərdən müəyyən olunur ki, iddiaçı 2008-ci ildən 01 oktyabr 2019-cu il tarixədək laborant vəzifəsində çalışmışdır. Bununla belə, cavabdeh qurumun direktorunun 01.10.2019-cu il tarixli 131 saylı əmri ilə İddiaçı ilə lobarant kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən ƏM-nin 68-ci maddəsinə (öz ərizəsi ilə) əsasən xitam verilmiş və onunla son haqq-hesab edilməsi tapşırılmışdır. Əmrdəki digər göstərişlə isə İddiaçı əmək haqqının ştat cədvəli üzrə ödənilməsi müəyyən olunmaqla həmin tarixdən xadimə təyin edilmişdir. Əmrə əsas kimi iddiaçının ərizələri göstərilmişdir. Əmrə əlavə edilmiş 01.10.2019-cu il tarixli ərizələrdən görünür ki, iddiaçı bir ərizə ilə lobarant vəzifəsindən azad edilməsini, digəri ilə isə texniki işçi kimi işə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, sözügedən əmrlə iddiaçı ilə lobarant kimi əmək münasibətlərinə xitam verilərək onun başqa vəzifəyə (xadimə) təyin edilməsi təsbit olunsa da, mahiyyət etibarilə həmin əmr iddiaçının başqa işə keçirilməsinə (ona başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilməsinə) dairdir. Halbuki, Əmək Məcəlləsinin 59-cu maddəsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İndiki halda isə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi və ya xadimə vəzifəsi üzrə onunla yeni əmək müqaviləsinin bağlanılması, o cümlədən məhz xadimə vəzifəsinə təyin edilməsinə dair razılığının mövcudluğu müəyyən olunmur. Bu isə, onun laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsini istisna edir. Bu mənada Əmək müqaviləsi bildirişinin mövcudluğu da fərqli qənaətə gəlməyə əsas vermir. Çünki Məcəllənin verdiyi anlayışa görə, Əmək müqaviləsi bildirişi – əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. İşin hallarından və tərəflərindən izahatlarından da göründüyü kimi, iddiaçı heç bir zaman xadimə vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirməmişdir. Bunu cavabdeh qurumun nümayəndəsi tərəfindən təqdim edilən Aktlar və təqdimat da təsdiq etməkdədir: 01 iyun 2021-ci il tarixdə Bakı Humanitar Kollecinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini X6, Həmkarlar İttifaqının sədri X7, komendantı X8, xadimələr X4 və X5 tərəfindən tərtib edilmiş və imzalanmış “əmək funksiyasından imtina” barədə aktın təsdiq edilmiş surətindən görünür ki, kollecin xadiməsi İddiaçı vəzifəsi üzrə əmək funksiyası tapşırılmışdır. Buna baxmayaraq xadimə vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirməkdən imtina edir. 18 iyun 2021-ci il tarixdə Bakı Humanitar Kollecinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini X6, Mədəni - maarif şöbəsinin müdiri X1, Həmkarlar İttifaqının sədri X7, komendantı X8 tərəfindən tərtib edilmiş və imzalanmış “əmək funksiyasından imtina” barədə aktın təsdiq edilmiş surətindən görünür ki, kollecin xadiməsi İddiaçı bir neçə dəfə xəbardarlıq edilməsinə baxmayaraq, xadimə vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirmir və iş vaxtı Mədəni–maarif şöbəsində oturaraq şöbənin iş prosesinə maneəçilik törədir. Bununla bağlı izahat yazmaqdan imtina edir. Bakı Humanitar Kollecinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini A.Ağayeva 22 iyun 2021-ci il tarixdə kollecin direktoruna təqdimat verərək bildirmişdir ki, kollecin xadiməsi vəzifəsində çalışan İddiaçı, may ayının son günlərindən başlayaraq bu günə kimi bir dəfədə olsa öz vəzifə borclarını yerinə yetirməmişdir. Dəfələrlə ona şifahi xəbərdarlıq etsə də, nizam – intizam qaydalarına riayət etmir və izahat yazmaqdan da boyun qaçırır. Bununla bağlı aktlar tərtib olunmuşdur. Bunları nəzərə alaraq müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İddiaçının laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsinin qanunsuzluğu onunla cavabdeh qurum arasında laborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin xitamını da istisna edir. Məhkəmə xüsusilə vurğulayır ki, hətta 01.10.2019-cu il tarixli 131 saylı əmrin İddiaçı aid hissələrinin biri digərindən müstəqil olduğu irəli sürülərək fərziyyə olaraq qəbul edilsə belə, yenə də onunla lobarant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin qanunvericiliyin tələblərinə müvafiq olaraq xitam olunduğu qənaətinə gəlmək mümkün olmayacaqdır. Çünki həmin əmr iddiaçı ilə lobarant kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən ƏM-nin 68-ci maddəsinə (öz ərizəsi ilə) əsasən xitam verilməsi hissəsində də qanunun tələblərinə müvafiq verilməmişdir. Belə ki, iddiaçının ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilməmiş, bununla belə o, məhz elə ərizənin verildiyi tarixdə işdən azad edilmişdir (hərçənd iddiaçı tarix yazısının özünə aid olmadığını da bildirir). Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bəndinə görə, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddənin 4-cü bəndə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. 5-ci bəndində isə deyilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh Bakı Humanitar Kolleci tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar