Məhkəmə qərarları › İş №2(103)-1001/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1001/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1001/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1636/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu yaşayış mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87.8 m2 -dən ibarət 60 №li mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

2. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən binanın A girişi yaşayış sahəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 87.8 kv/metr olan ümumi dəyəri 50000 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur.

3. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu yaşayış mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 62 m2 dən ibarət 56 №li mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

4. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən binanın A girişi yaşayış sahəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv/metr olan ümumi dəyəri 34100 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur.

5. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqısatqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu yaşayış mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 96.7 m2 -dən ibarət 58 №li mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

6. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən binanın A girişi yaşayış sahəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.7 kv/metr olan ümumi dəyəri 53200 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur.

7. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqısatqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı yaşayış mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87.8 m2 -dən ibarət 36 №li mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

8. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən binanın A girişi yaşayış sahəsinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87.8 kv/metr olan ümumi dəyəri 50000 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur.

9. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(012)-797/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(105)-535/2023 saylı qətnaməsi ilə hüquq və mənafelərinə toxunan şəxslər- X10, X11, X12 və X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi" tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(102)- 29/2024 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-535/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(009)- 58/2024 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil üçün ödənilmiş 34100 manat məbləğində pulun "xxxx" MMC tərəfindən, xx.xx.2021-ci il tarixli mənzil alqısatqısına dair müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil üçün ödənilmiş 50000 manat məbləğində pulun "xxxx" MMC tərəfindən, xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil üçün ödənilmiş 53200 manat məbləğində pulun "xxxx" MMC tərəfindən, xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil üçün ödənilmiş 50000 manat məbləğində pulun, ümumilikdə 187.300 manat məbləğində pulun, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, 187.300 manat məbləğində pulun gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla 3 illik - 28.095 manat məbləğində pulun "xxxx" MMC tərəfindən ona geri ödənilməsinə dair pul öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Tələbdə göstərilib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və 2(105)-535/2023 №li qətnaməsinin apellyasiya instansiyası məhkəməsinin mövqeyi hissəsinin 70-ci bəndində qeyd edilir ki, məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi hüquq normalarını rəhbər tutaraq iş üzrə İddiaçı izah edir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzillərə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hesab edir ki, yuxarıda göstərilən müqavilələr və maliyyə arayışları əsasında 4 mənzil üçün cavabdeh "xxxx" MMCyə ödənilmiş ümumilikdə 187.300 manat pul "xxxx" MMC tərəfindən ona geri ödənilməlidir.

15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1636/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən 187.300 (bir yüz səksən yeddi min üç yüz) manat pulun və dövlət rüsumunun 477.30 (dörd yüz yetmiş yeddi manat otuz qəpik) manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il (iki müqavilə), xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən iddia ərizəsində göstərilən dörd ayrı-ayrı mənzili icraçı "xxxx" MMC payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı, onun tərəfindən 4 mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzillər iddiaçıya təhvil verilməməsi iddia edilərək həmin mənzillərin ona təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin edilsə də, apellyasiya şikayəti əsasında araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəsi gedən mənzillər eyni zamanda "xxxx" MMC tərəfindən ayrı-ayrı vaxtlarda digər şəxslərə, daha doğrusu 10 may 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının A giriş, 10 mərtəbəsində 60 nömrəli 2 otaqdan ibarət, 87.8 kv.m ümümi sahəsi olan mənzil X5; xx.xx.2015-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil X6;. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil X9; xx.xx.2016-cı il tarixli müqavilə ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan iki otaqdan ibarət 56 saylı mənzil isə X1. Bir sözlə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən mənzillər daha əvvəl apellyatorlara (2015-2017-ci illərdə), sonra isə iddiaçıya (2021-ci ildə) satılmışdır. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçının həmin mənzillərin ona təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması barədə iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. Çünki hazırkı halda iddia tələbinin təmin edilməsi apellyatorların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin apellyasiya instansiyası məhkəməsi İddiaçı izah etmişdir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzillərə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddiaçı hazırda apellyasiya instansiyası məhkəməsinin qeyd edilən tövsiyyəsini rəhbər tutaraq yuxarıda göstərilən müqavilələr və maliyyə arayışları əsasında 4 mənzil üçün cavabdeh "xxxx" MMC-yə ödənilmiş ümumilikdə 187.300 manat pulun həmin MMC tərəfindən ona geri ödənilməli olmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. - 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş MMCnin nümayəndəsi iddiaya etirazın əsası kimi müqavilələrin mövcud olsa da iddiaçı tərəfindən ödənişlər edilməməsinə istinad etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsində iştirak etmiş 3-cü şəxs X3 izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də direktor vəzifəsini icra etmişdir. Heç bir zmaan mənzil alqı-satqısını həyata keçirməmişdir. Bu tip işlərlə təsisçilər məşğul olmuşlar. Apellyasiya şikayətlərində istinad olunan müqavilələr və maliyyə arayışlarındakı imzalar onun tərəfindən icra edilməmişdir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən qətnamə ilə hüquq və mənafelərinə toxunan şəxslər - X10, X11, X12 və X13 tərəfindən apellyasiya şikayəti verilmişdir. Yəni, "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verməmiş, MMC iddiaçının adına verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin və maliyyə arayışlarının qanuniliyini bu və ya digər formada mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı adına verilmiş müqavilə və maliyyə arayışlarındakı imzaların (87.8 kv.m-dən ibarət olan 62 nömrəli mənzillə bağlı) xx.xx.2019-cu il tarixli maliyyə arayışındakı imzanın eyni şəxs, yəni direktor X3 tərəfindən icra edilib-edilməməsini müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 4/505 nömrəli ekspert rəyinə əsasən mülki işin 19-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında və xx.xx.2019- cu il tarixli maliyyə arayışında “Direktor” qrafalarında X2 adından olan imzalar-eyni şəxs X3 tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisənin bu halı ekspert rəyi ilə aradan qalxmışdır. Beləliklə də, qanuniliyi şübhə doğurmayan "xxxx" MMC tərəfindən verilmiş: - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzilin ümumi dəyəri 34100 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzilin ümumi dəyəri 53200 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. Məhkəmə hesab edib ki, cavabdeh "xxxx" MMC-i tərəfindən mübahisəli mənzillərə dair ödənilmiş ümumilikdə 187.300 (yüz səksən yeddi min üç yüz) manat pul İddiaçı geri ödənilməlidir. Lakin məhkəmə eyni zamanda hesab edib ki, iddianın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, 187.300 manat məbləğində pulun gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3 illik - 28.095 manat məbləğində pulun ona ödənilməsinə dair öhdəliyin "xxxx" MMC-nin üzərinə qoyulması hissəsi təmin edilə bilməz. Belə ki, qeyd edilən normanın tələbinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə və eyni tarixdə verilmiş maliyyə arayışlarına əsasən iddia ərizəsində göstərilən dörd ayrı-ayrı mənzilin "xxxx" MMC tərəfindən ona təhvil verilməsinə dair kassasiya instansiyası da daxil olmaqla məhkəmə müdafiə hüququndan istifadə etmiş, hətta sonuncu instansiyanın qərarının olmasına baxmayaraq "xxxx" MMCyə qarşı X10, X11, X12 və X13 ilə bağlanmış müqavilələrin və onun əsasında verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə Səbail rayon məhkəməsində qaldırdığı iddia üzrə işin baxılması davam etdirilmiş və 09 fevral 2024-cü il tarixli, 2(009)- 58/2024 saylı qətnamə ilə iddia təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müracət edənədək mübahisə predmeti olmuş məhz mənzillərin təhvil verilməsi ilə bağlı hüquqlarının bərpası istiqamətində məhkəmə müdafiə hüququndan istifadə etməkdə davam etmiş və yalnız hazırkı iddia ilə cavabdehə qarşı pulun qaytarılmasına dair iddia irəli sürmüşdür. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ilə bağlı mübahisəyə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsi tətdiq edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edilib şikayət bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sözügedən müqavilələrdə və maliyyə arayışlarında qeyd olunan və ödənilməsi göstərilən mənzillərə dair məbləglərini həqiqətən iddiaçı tərəfindən ödənilməsini təsdiq edə bilən digər sübutları araşdırmamış, yalnız maliyyə arayışında məbləglərin ödənilməsi barədə qeydə əsaslanmışdır. Məhkəmə tərəfindən əsaslandırılan hal əslində digər sübutların məcmusu ilə qiymətləndirilməli oldugu halda tək maliyyə arayışındakı qeyd həmin faktın təsdiqinə dair nəticəyə gəlməyə əsas verə bilməzdi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

18. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında təqdim etdiyi və birinci instansiya məhkəməsinin qətnaməsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə yazılı etirazında şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

19. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.

24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

26. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

27. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

28. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

29. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından mübahisələndirilən hissədə iddia haqlı sayılır.

30. Belə ki, cavabdeh MMC-nın iddiaçıya zərər vurduğu işin mübahisəsiz halıdır. Çünki bu hal qanuni qüvvəyə minmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə təsdiq edilmişdir. Hətta, qətnamədə iddiaçıya izah edilmişdir ki, həmin iş üzrə iddiasının rədd edilməsi, cavabdehə qarşı mübahisəli mənzillərə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Ona görə də qeyd olunan halların əlavə olaraq yoxlanılmasına əsas və zərurət yoxdur. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmamışdır.

31. Birinci instansiya məhkəməsi də cavabdeh MMC-nin iddiaçıya maddi ziyan vurduğu qənaətinə gələrək iddiasını qismən təmin edib mübahisəli mənzillərə dair ödənilmiş pulun əvəzi olaraq 187.000 (yüz səksən yeddi min) manatın iddiaçıya ödənilməsini qət etmişdir. İddiaçı təmin edilməyən hissəsni mübahisələndirməmişdir. Cavabdeh MMC isə təmin edilən hissənin mübahisələndirib.

32. Cavabdeh MMC şikayətində məhkəmənin sözügedən müqavilələrdə və maliyyə arayışlarında qeyd olunan və ödənilməsi göstərilən mənzillərə dair məbləglərini həqiqətən iddiaçı tərəfindən ödənilməsini təsdiq edə bilən digər sübutları araşdırmadığını, yalnız maliyyə arayışında məbləglərin ödənilməsi barədə qeydə əsaslandığını göstərsə də, əvvəla qeyd olunan sübutlar məhkəmənin düzgün nəticəyə gəlməsi üçün kifayət edən və yetərli idi. Çünki ödənişi təsdiq edən maliyyə arayışıdır ki, onu da cavabdeh MMC özü imzalı və möhürlü şəkildə iddiaçıya təqdim edib. Cavabdeh iddianın əsaslı olması üçün daha hansı sübutların gərək və araşdırılmalı olduğunu isə göstərmir, yalnız maliyyə arayışındakı qeydin həmin faktın təsdiqinə dair nəticəyə gəlməyə əsas verə bilmədiyini göstərir. Ancaq bu dəlilər sırf söz-kəlmə xatirinə işlədilən mülahizələrdir. Çünki bu cür ödənişin edildiyini təsdiq edən yeganə sənəd elə maliyyə arayışı hesab olunur. Əlbətdə ki, MMC bu halları bilməmiş deyil, lakin hüquqdan sui-istifadə etməklə iddiaçıya zərər vurmaqda davam edir. Ən azından ona görə ki, 4 ilə yaxın müddətdə iddiaçıdan mənzillərə görə aldığı vəsaiti də heç bir səbəb göstərmədən qaytarmır yaxud qaytarmaq istəmir.

33. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə mövqeyini və gəldiyi nəticəni əsaslı və düzgün hesab edir. Çünki iddiaçı cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində maddi ziyana düşmüşdür. Bu, iş materialları ilə təsdiqlənən haldır. Ona görə də cavabdeh təqsirli hərəkətlərinin nəticəsi olaraq iddiaçıya dəyən ziyanı qarşılamalıdır. 34.Məhkəmə tərkibi cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi təkrar məhkəmə xətşünaslıq ekspertizanın keçirilməsinə dair vəsatətini də əsassız hesab edir. Çünki qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(105)-535/2023 saylı qətnaməsi ilə təsdiq olunur ki, həmin mülki iş üzrə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış eyni müqavilələr və maliyyə arayışlarındakı imzaların müqavilə bağlanan zaman MMC-nin direktoru olmuş X3 tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Demək ki, hazırkı iş üzrə yenidən eyni müqavilə və maliyyə arayışlarındakı imzaların X3 tərəfindən icra olunub-olunmamasının təkrarən yoxlanılmasına lüzum və zərurət yoxdur. Deməli cavabdeh MMC-nin bu vəsatəti də sırf hüquqdan sui-istifadə xarakteri daşıyır.

35. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh MMC üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

36. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1636/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1636/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar