Məhkəmə qərarları › İş №2(103)-10015/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10015/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10015/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3377/2021 saylı iş üzrə qəbul etdiyi 03 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs kimi X1 adından ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 18 fevral 2016-cı il təvəllüdlü X3, 20 noyabr 2017-ci il təvəllüdlü X2 və 20 noyabr 2017-ci il təvəllüdlü X5 adlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələr yaradılmasının Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3377/2021 saylı iş üzrə qəbul etdiyi 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən - İddiaçı 18 fevral 2016-cı il təvəllüdlü X3, 20 noyabr 2017-ci il təvəllüdlü X2 və 20 noyabr 2017-ci il təvəllüdlü X5 adlı övladları ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələrin yaradılmasının Cavabdeh qadağan edilməsi hissəsində təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs kimi X1 adından ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, qətnamə ilə maraqlarına toxunan şəxsin adından verilmiş apellyasiya şikayəti Cavabdeh tərəfindən imzalanmışdır. Lakin Cavabdeh apellyasiya şikayətinin imzalanması üçün səlahiyyət verilməsi barədə qanuni nümayəndə eləcə də etibarnamə ilə nümayəndə olmasını təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Odur ki, qeyd edilən vəziyyəti nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilə maraqlarına toxunan şəxsin adından imzalanmış apellyasiya şikayəti, onun adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə MPM-nin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə eyni zamanda cavabdehin apellyasiya şikayətini və mülki iş materiallarını nəzərdən keçirib, apellyasiyanın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti MPM-nin tələblərinə uyğun olaraq tərtib edilmiş, apellyasiya şikayəti buna hüququ olan şəxs tərəfindən və qanunda nəzərdə tutulmuş müddətdə verilmişdir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Belə olan halda hesab edilməlidir ki, apellyasiya icraatı cavabdehin apellyasiya şikayətinə münasibətdə mümkün olsa da, qətnamə ilə maraqlarına toxunan şəxsin adından verilmiş apellyasiya şikayətinə münasibətdə qeyri-mümkündür. Apellyasiya qətnamə ilə maraqlarına toxunan şəxsin adından verilmiş apellyasiya şikayətinə münasibətdə qeyri-mümkün olduğundan işin apellyasiya baxışına təyin edilməsi hazırki mərhələdə mümkün deyil. Buna görə də, qətnamə ilə maraqlarına toxunan şəxsin adından verilmiş apellyasiya şikayətinin qaytarılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilməli, bu qərardadda göstərilən nöqsan qətnamə ilə maraqlarına toxunan şəxs tərəfindən aradan qaldırıldıqdan sonra və yaxud nöqsan aradan qaldırılmadığı halda şikayətin qaytarılması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra iş, cavabdehə aid hissədə apellyasiya şikayətinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Odur ki, Kollegiya hesab edir ki, Ə.Əzizovun apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3377/2021 saylı iş üzrə qəbul etdiyi 03 avqust 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X1 adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar