Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10021/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (atası) Məmməd Qurbanovun, iddiaçının vəkili Vəkil4, Cavabdeh1 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququnun tanınması, mənzilin sahibliyə verilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə 2 əşya ilə bağlıdır: 1) Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev № 33-də yerləşən 6 №-li mənzil (bundan sonra – mənzil); 2) “Hunday İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil). İddiaçı və 1-ci Cavabdeh1 keçmiş ər-arvaddır. Onların nikahı 28.10.2011-ci ildə bağlanıb, 14.09.2021-ci il tarixli qətnamə ilə pozulub. Nikahdan 07.09.2012-ci il təvəllüdlü 1 uşaq var. Nikahın pozulması barədə qətnamə ilə qət olunub ki, nikahın pozulmasından sonra uşaq ananın yanında qalsın və uşağın saxlanması üçün atadan aliment tutulsun. Mənzil nikah müddətində əldə olunub, ər-arvadın ümumi mülkiyyəti sayılıb, lakin dövlət reyestrində iddiaçının (ərin) adına qeydə alınıb. 19.03.2021-ci ildə iddiaçı ilə 1-ci cavabdehin (ər-arvadın) arasında mənzilə dair bağışlama müqaviləsi bağlanıb və mənzil üzərində 1-ci cavabdehin mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Bundan 2 ay sonra – 19.05.2021-ci ildə 1-ci cavabdeh mənzilə dair 2-ci Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq mənzili ona satıb. İddiaçı mənzilin satılmasına yazılı formada razlıq verib. Avtomobil nikah müddətində əldə olunub, ər-arvadın ümumi mülkiyyəti sayılıb, lakin dövlət reyestrində 1-ci cavabdehin (arvadın) adına qeydə alınıb. 01.05.2021-ci ildə 1ci cavabdeh avtomobilə dair 3-cü cavabdeh – öz bacısı Cavabdeh3 ilə alqı-satqı müqaviləsi bağlayıb. Tələb və onun həlli: İddia ərizəsində mənzil və avtomobillə bağlı tələb irəli sürülüb. Mənzilə münasibətdə tələb olunub ki, mənzilə dair iddiaçı ilə 1-ci cavabdehin arasında bağlanmış 19.03.2021-ci il tarixli bağışlama müqaviləsi və 1-ci cavabdeh ilə 2-ci cavabdehin arasında bağlanmış 19.05.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, mənzil üzərində iddiaçının mülkiyyət hüququ tanınsın, mənzil iddiaçının sahibliyinə və istifadəsinə verilsin. Avtomobilə münasibətdə tələb olunub ki, avtomobilə dair 1-ci cavabdeh ilə 3-cü cavabdehin arasında bağlanmış 01.05.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, avtomobilə dair alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, avtomobil üzərində 1-ci cavabdehin mülkiyyət hüququ bərpa edilsin, iddianın qalan hissəsi rədd edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın rədd edilən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi Məmməd Qurbanov və iddiaçının vəkili Vəkil4 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh1 vəkili Vəkil3 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin avtomobilə aid hissəsi mübahisələndirilmədiyinə görə həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmır. Qətnamənin mənzilə aid hissəsi qismən – bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilməli, bağışlama müqaviləsi etibarsız sayılmalı, qalan hissədə – alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçının sahibliyinə verilməsi barədə tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı bildirir ki, mənzilə dair 1-ci cavabdeh (arvadı) ilə ona görə bağışlama müqaviləsi bağlayıb ki, ailəni qoruyub saxlaya bilsin. Belə ki, bağışlama müqaviləsi bağlanana qədər münasibətləri çox gərgin olmuş, hətta boşanma həddinə qədər gəlib çatmışdır. Ona görə də arvadına demişdir ki, ailəni qoruyub saxlamaq üçün nə istəyirsə, ona razıdır. Arvadı isə demişdir ki, mənzili onun adına keçirsin. Mənzili arvadına bu şərtlə bağışlamışdır ki, arvadı ondan boşanmayacaq. Lakin bağışlamadan qısa müddət sonra arvadı boşanmaq üçün məhkəməyə müraciət etmişdir. O isə arvadına demişdir ki, mənzili bu şərtlə bağışlayıb ki, boşanma olmayacaq. Arvadı isə ona bildirmişdir ki, mənzili satıb, pulu yarı bölərlər. O, arvadının təklifi razılaşmış, mənzilin satılmasına razılıq vermiş, lakin arvadı mənzilin satışından əldə edilən pulun yarısını ona verməmiş, pulu bütünlüklə özünə götürmüş və ondan ayrılmışdır. Bağışlama müqaviləsi uydurma əqddir, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanıb. Mülki Məcəllənin 340.1-ci maddəsində qeyd olunub: “Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir”. Bağışlama müqaviləsinin uydurma olduğu aşağıdakılarla təsdiq olunur: Bağışlama müqaviləsi 19.03.2021-ci ildə bağlanmış, bundan 19 gün sonra – 08.04.2021-ci ildə 1-ci cavabdeh nikahın pozulması üçün məhkəməyə iddia ərizəsi vermiş, 2 ay sonra - 19.05.2021-ci il tarixdə isə mənzili başqasına satmışdır. Bağışlamadan sonra qısa zaman fərqi ilə 2 hadisənin - boşanma üçün müraciətin və alqı-satqının baş verməsi onu təsdiq edir ki, bağışlama görünüş üçün bağlanıb. Nəzərə alınmalıdır ki, bir sıra əqdlər, xüsusilə əvəzsiz əqdlər (bağışlama, vəsiyyətnamə və s.) mənəvi dəyərlərə əsaslanır. Əgər bir şəxs öz əmlakını başqasına verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, əqdin əsasında mənəvi dəyər dayanır. Lakin 1-ci cavabdehin bağışlama müqaviləsinin bağlanmasından 19 gün sonra ona mənzil hədiyyə edəndən boşanmaq üçün məhkəməyə müraciət etməsi, 2 ay sonra isə mənzili satıb bütün pulu özünə götürməsi onu təsdiq edir ki, bağışlamanın əsasında mənəvi dəyər dayanmayıb. Əgər ər-arvadın son məqsədi mənzili satıb bütün pulu 1-ci cavabdehə (arvada) vermək olubsa, bu halda mənzilin bağışlama yolu ilə ərin adından arvadın adına keçirilməsinə zərurət yox idi, ər mənzili satıb pulunu arvadına bağışlaya bilərdi. Əgər bağışlamadan sonra arvadın niyyəti ərindən ayrılıb uşağı ilə birlikdə mənzildə yaşamaq olubsa, bu da baş verməyib, o, mənzili satıb və bütün pulu özünə götürüb. Nəticədə isə ər həm mənzildən (yaşayış yerindən), həm də puldan məhrum olub. Halbuki, bağışlama olmasayıdı o, mənzilin ər-arvadın ümumi əmlakı kimi bölünməsi və ya mənzilin satış pulunun yarısının ona verilməsini tələb edə biləcəkdi. Göründüyü kimi, bağışlama müqaviləsi əhəmiyyətsiz əqd olaraq etibarsızdır. Alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur. Belə ki, mənzilin dövlət reyestrində kimin (ərin və ya arvadın) adına qeydə alınmasından asılı olmayaraq o, ər-arvadın ümumi birgə mülkiyyəti sayılır, mənzilin satılması ər-arvadın hər ikinsin iradəsi əsasında baş tutub, yəni arvad alqı-satqı müqaviləsini satıcı kimi imzalayab, ər isə mənzilin satılmasına razılığını ifadə edərək notariusa bu barədə ərizə verib. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Alqı-satqı müqaviləsi bağlanarkən bu normanın tələbi pozulmayıb. Ona görə də bağışlama müqaviləsinin etibarsız sayılması həmin müqavilədən sonra bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olmur. Bağışlama müqaviləsinin etibarsızlığı ərə (iddiaçıya) hüquq verir ki, alqı-satqı müqaviləsi üzrə əldə edilən pulun ər-arvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilməsi və payına uyğun pulun keçmiş arvadından alınaraq ona verilməsi barədə tələb irəli sürsün. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb təmin olunsun. 19.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev № 33-də yerləşən 6 №-li mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-152 nömrəli reyestrdə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab olunsun. Qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10021/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10021/2021
03.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver