Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10041/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi) qarşı “əmək stajı faktının müəyyən olunması” barədə ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi “əmək stajı faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26.03.1975-ci ildən 26.03.1980-cı ilə qədər olan dövrdə Ermənistan Respublikası, Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Ermənistan Respublikası, Axda rayonunun Axundov kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır. Mənfur ermənilərin məlum deportasiya siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı kimi iddiaçı da ailəsi ilə birlikdə doğma torpaqlarımızdan didərgin düşmüşdür. Əmək fəaliyyəti 2012-ci ilin sonuna qədər davam etmişdir. 26.03.1975-ci ildən 01.01 2006-cı ilə qədər 25 il 06 ay 22 gün iş stajı olmuşdur. İddiaçının Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində 26.03.1975-ci ildən 26.03.1980-cı ilə qədər olan dövr iş stajı əmək kitabçasının 3-cü səhifəsində qeyd edilsə də həmin səhifəyə möhür vurulmamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət olunaraq yaşa görə əmək pensiyası təyin edilməsi xahiş olunmuş, sonuncu tərəfindən **********9 nömrəli, 04.03.2020-ci il tarixli məktubla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə pensiya təyin edilməsinin qanuna zidd olduğu qeyd olunaraq pensiya təyin edilməsindən imtina olunmuşdur. Əmək kitabçasına möhür vurulması mümkün deyil, işlədiyi həmin dövrün qeydiyyata alınmaması nəticəsində iddiaçının yaşa görə əmək pensiyası təyin edilməmişdir. Həmin dövrlərdə iddiaçının harda işləməyi ilə bağlı vəkil tərəfindən Milli Arxiv İdarəsinə sorğu verilmiş və sorğuya 08.09.2020-ci il tarixli, 5/1395 saylı cavab məktubu gəlmişdir. Məktubda məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların iş stajı və başqa sosial-hüquqi xarakterli hər hansı bir sənəd Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə edilmədiyindən qaldırılan məsələ ilə bağlı araşdırma aparılmasının mümkün olmadığı göstərilmişdir. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 ərizə ilə bağlı məhkəməyə rəsmi etiraz təqdim edərək hüquq üzrə mübahisə olduğunu əsas göstərərək, Ərizəçi Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində 26.03.1975-ci ildən 26.03.1980-ci ilə qədər işlədiyi dövrü hüquqi fakt olaraq qəbul etdiyini, sadəcə olaraq əmək kitabçasında həmin dövrdə işləməyi ilə bağlı qeydlər möhürlə təsdiq olunmadığından o müddətin iş stajı kimi qəbul edilmədiyini bildirmişdir. Hüquqi faktla bağlı mübahisə olmadığından Nərimanov rayon Məhkəməsinin 2(005)- 3720/2020 saylı, 12.11.2020-ci il tarixli qərardadı ilə hüquqi faktın müəyyən olunması barədə ərizə baxılmamış saxlanılmış, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək 26.03.1975-ci ildən 01.01.2006-cı ilə qədər 25 il 06 ay 22 gün iş stajı qeydə alınaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuş. 2-1(112)- 3391/2021 saylı iş həmin məhkəmənin hakimi Nəriman Abıyevin icraatına verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsi ilə bağlı məhkəməyə rəsmi təqdim edilərək əmək kitabçasında uyğunsuzluqlar olması və iddiaçının 26.03.1975-ci ildən 26.03.1980-ci ilə qədər işləməyi ilə bağlı qeydlər möhürlə təsdiq olunmadığından həmin dövrlərin ümumi iş stajına əlavə edilə bilməməsi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinə sual verərək: ”Əgər Saabat xanımın 26.03.1975-ci ildən 26.03.1980-ci illər ərzində işlədiyi dövrü nəzərə almayacaqdızsa nə üçün Nərimanov rayon Məhkəməsində hüquqi faktın müəyyən olunması ilə bağlı işə baxılarkən hüquqi faktı qəbul etdiyinizi, lakin onun araşdırılmalı olmasını qeyd etmişdiniz? Hazırda isə qeyd olunan dövr ərzində iddiaçının işləməsini ümumiyyətlə qeyd etmirsiniz.” sualına gülümsəyərək “Nərimanov rayon Məhkəməsində mən yox, digər nümayəndə iştirak etmişdir.” cavabını vermişdir. Nümayəndənin gülümsəyərək suala bu cür cavab verməsi onu göstərir ki, Dövlət Sosial Müdafiə Fondu istənilən vasitə ilə iddiaçıya pensiya təyin edilməsinə mane olmaq niyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2021 saylı, 23 iyul 2021ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qeyd olunan qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən ərizəçi xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi 26.03.1975-ci il tarixdən 26.03.1980-ci il tarixədək Razdan rayonunun Meşə Yaşıllaşdırma idarəsində işlədiyini iddia edir. Ərizəçinin əmək kitabçasında həmin dövrlər qeyd olunsa da möhürlə öz hüquqi təsdiqini tapmamışdır. İşçinin işə daxil olma və işdən çıxması haqqında məlumatlar, əmək kitabçasının doldurulma qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə tənzimlənir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.11 -ci bəndinə əsasən; "Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir”. Göründüyü kimi qaydalarda da əmək kitabçasında işəgötürən tərəfindən möhürün olması öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, Ərizəçi iddia etdiyi işlədiyi illərlə bağlı əmək kitabçası mövcuddur. Deməli, ərizəçinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə xüsusi icraat qaydasında baxılması yolverilməzdir. Həmçinin məhkəmə iclasında Ərizəçi tərəfindən iştirakı təmin edilmiş X9 və X10 şahid qismində dinlənilmişdir. Şahid qismində cəlb olunmayan lakin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən X4 aid əmək kitabçasının surətinə əsasən 22.03.1961-ci il tarixdən 17.01.1981-ci il tarixə kimi Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işlədiyi müəyyən olunmuşdur. Məhkəmə şahid qismində dindirilən X6 işlədiyi müddətlə (1961-1976) ərizəçinin iddia etdiyi müddətin (1975-1980) tam uyğun olmamasına, X1 şahid qismində dindirilməməsinə qiymət verməmişdir. Təqdim edilmiş şahid ifadəsi (X10) və şahid qismində cəlb edilməyən X5 aid əmək kitabçası ərizəçinin iş stajını müəyyən edən sübut qismində qəbul edilə bilməz. Məhkəmə ərizəni təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi işdə olan sübutlara istinad edərək eyni zamanda Ərizəçi 1975-ci ildən 1980-ci ilədək olan dövrdə Ermənistan Respublikası Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktını şahid ifadələri ilə sübuta yetirə bildiyini qeyd etməklə ərizəni təmin etmişdir. Kollegiya birinci isntansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, prosessual qanunvericilik hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin xüsusi prosessual qaydasını - “Xüsusi icraat” qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Məcəllənin 307.2-ci maddəsi xüsusi icraat qaydasında müəyyən edilməli olan faktların konkret siyahısını əks etdirir və 307.2.11-ci maddə nəzərdə tutur ki, məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olması bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçi hazırki ərizəsində 26.03.1975-ci ildən 26.03.1980-cı ilə qədər olan dövrdə Ermənistan Respublikası, Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin mahiyyəti ondan ibarət olmuşdur ki, ərizəçinin Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində 26.03.1975-ci ildən 26.03.1980-cı ilə qədər olan dövr iş stajı əmək kitabçasının 3-cü səhifəsində qeyd edilsə də, həmin səhifəyə möhür vurulmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qeyd olunan normalara əsasən işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd kimi əmək kitabçası nəzərdə tutulur, ərizəçi də iş materiallarına özünə məxsus olan əmək kitabçasının surətini əlavə etmiş və yuxarıda göstərildiyi kimi 26.03.1975-ci ildən 26.03.1980-cı ilə qədər olan dövrdə Ermənistan Respublikası, Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunması barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi öz ərizəsinə müəyyən olunmasını xahiş etdiyi faktı təsdiq edən rəsmi sənədi əlavə etdiyindən həmin ərizəyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən işin icraatına xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq sənədlərlə pensiyanın təyin edilməsini həyata keçirən orqana müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2021 saylı, 23 iyul 2021ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi (maraqlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi) qarşı “əmək stajı faktının müəyyən olunması” barədə ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10041/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10041/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver