Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10043/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 12 saylı Notariat ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və “X5” MMC-yə qarşı “qeyriyaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “X5” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanması” tələbinə dair iddia ərizəsi ilə 02.07.2020-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh “X5” MMC-nin üzərinə onunla Bakı şəhəri, Ə.Ələkbərov 89 ünvanında yerləşən “Mirvari Park” yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən yeraltı qarajdan 174 nömrəli bir ədəd parking yerinin mövcud bazar qiymətləri ilə alğı-satqısına dair müqavilənin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 16.02.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək Cavabdeh2 MMC və fiziki şəxs Cavabdeh3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 12 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" MMC-nin 395 nömrəli, 25.10.2019-cu il tarixli məktubunun, AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-nin adına verilmiş 27.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40- 05301-083147 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 08.06.2020-ci il tarixli, 4Ə-1048 reyestr nömrəli alğı-satqı müqaviləsinin və AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, 17.06.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və İddiaçı ilə cavabdeh "X4" MMC arasında eyni şərtlərlə alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "X4" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda “Mirvari Park" yaşayış kompleksinin D1 bloku, 24 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçı pay haqqını tam ödəməklə “Gilan X4" MMC-dən 2014-cü il tarixdə satın almışdır və 2017-ci il tarixdən sözügedən mənzildə yaşayır. Ailəsinə məxsus nəqliyyat vasitəsinin saxlanılması üçün qaraja ehtiyacı olduğundan onun tərəfindən 01 iyul 2017-ci il tarixdə “Gilan X4" MMC ilə “Mirvari Park" yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən yeraltı qarajdan 174 nömrəli 1 ədəd parkinq yerinin aylıq ƏDV daxil 100 manat icarə haqqı ödənilməklə, icarəyə götürülməsinə dair 022/2017 nömrəli icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsi hal-hazırda qüvvədədir və həmin icarə müqaviləsi əsasında iddiaçı üç ildir ki, aylıq icarə haqqını ödəməklə qarajda parkinq yerindən istifadə edir. Bundan əlavə, onun tərəfindən hər ay cavabdeh təşkilata kommunal xərclərə və ümumi əmlakın saxlanılmasına görə aylıq 175 AZN pul ödənilir. İddiaçıya yaxın vaxtlarda məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən binanın qarajında olan parkinq yerləri satılır. Qaraj sahəsini satın almaq üçün cavabdehə müraciət etsə də, cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan parkinq yerini alğı-satqı müqaviləsi bağlamaqla iddiaçıya satmaqdan imtina etmişdir. Binanın qarajında yerləşən parkinq yeri icarə müqaviləsi üzrə iddiaçının sahibliyində və istifadəsində olduğundan sözügedən parkinq yerini satın almaqda iddiaçının üstünlük hüququ vardır. Lakin cavabdeh tərəfindən bu hüququnun həyata keçirilməsi təmin edilmir. Bu səbəbdən hüquqlarının təmin olunması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və “X5” MMC-yə qarşı cavabdeh "xxxx" MMC-nin 395 nömrəli, 25.10.2019-cu il tarixli məktubunun, AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-nin adına verilmiş 27.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-05301-083147 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 08.06.2020-ci il tarixli, 4Ə-1048 reyestr nömrəli alğı-satqı müqaviləsinin və AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, 17.06.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və İddiaçı ilə cavabdeh "X4" MMC arasında eyni şərtlərlə alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh "X4" MMC-nin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddiaçının qeyri-yaşayış sahəsinə dair icarə hüquqlarının pozulması faktına, iddiaçının satın almaqda üstünlük hüququnun pozulması faktına hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC-nin adına rəsmiləşdirilməsinin hüquqi etibarlılığını və iddiaçının qanunvericilikdən irəli gələn satın almaqda üstünlük hüququnun pozulması ilə Cavabdeh2 MMC və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığını ümumiyyətlə araşdırmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə tam və hərtərəfli araşdırma aparmamış, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İcarəyə verən qismində “Gilan X5” MMC ilə icarəyə götürən qismində İddiaçı arasında bağlanmış 01.07.2017-ci il tarixli, MPP 022/2017 saylı icarə müqaviləsinə əsasən icarəyə verən - “Gilan X5” MMC Bakı şəhəri, Ə.Ələkbərov 89 ünvanında yerləşən “Mirvari Park” yaşayış kompleksinin -1 mərtəbəsində yerləşən yeraltı qarajdan 174 nömrəli bir ədəd parking yeri İddiaçı 100 manat müqabilində icarəyə verməyi, icarəyə götürən isə müqavilədə nəzərdə tutulan icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 1 il müddətinə bağlanılmış, müqavilənin müddəti bitdikdə tərəflərdən heç biri xitam niyyəti barədə yazılı müraciət etmədikdə, müqavilə eyni müddətə uzadılmış hesab olunur. - Cavabdeh2 MMC ilə “X5” MMC arasında bağlanmış 30.12.2017-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən tərəflər Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 129, 133, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 ünvanında yerləşən 5 bina, 7 blok, 485 mənzildən ibarət yaşayış kompleksinin, müvafiq kompleksə aid olan qeyri-yaşayış sahələrinin, zirzərmi sahələrinin idarəçiliyini təşkil edərək bununla bağlı təsərrüfat fəaliyyəti həyata keçirməyi, birgə təsərrüfatın “X5” MMC-nin tam təsərrüfat ixtiyarında olmasını razılaşdırmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 27.11.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır. - Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında bağlamış AN-İ ******* nömrəli, 08.06.2020-ci il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən ünvan 3 ünvanında yerləşən ümimi sahəsi 19,05 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC tərəfindən Cavabdeh3 23.750 manata satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 587088 nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 17.06.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil 05.04.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı “Mirvari Park” yaşayış kompleksində mənzil mülkiyyətçısıdır və orada yaşayır. Mübahisəli qeyri-yaşayış sahəsi (qeyd edilən yaşayış kompleksində avtomobil üçün parking yeri) Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş, 01.07.2017-ci il tarixdə iddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən ona icarəyə verilmiş, 08.06.2020-ci il tarixdə isə mülkiyyətçi Cavabdeh2 MMC tərəfindən Cavabdeh3 satılmışdır. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin, yəni qarajın barəsində alğı-satqı üzrə üstünlük hüququnun olduğunu qeyd edərək, onunla həmin yaşayış sahəsinin alğı-satqısı barədə müqavilə bağlanmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin müəyyən olunmuş o hallarına istinad etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş, sonuncu öz mülkiyyətində olan əmlakı barəsində sərbəst sərəncam verərək satmış və bu hərəkəti ilə iddiaçının hər hansı hüquqlarını pozmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin müəyən edilmiş halarından və qanunvericiliyin yuxarıda sadalanan müddəalarından bu qənaətə gəlmək olur ki, mübahisəli qeyri–yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 MMC öz əmlakı üzərində sərəncam verməkdə sərbəst olmuş, məhz bu hüququndan çıxış edərək həmin əmlakı 2017-ci ildə iddiaçıya kirayəyə vermiş, 2020-ci ildə isə digər Cavabdeh3 satmışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 01.07.2017-ci il tarixli müqavilədə onun icarə müqaviləsi olduğu qeyd edilsə də, müqavilənin predmeti olan əmlakın təyinatından, habelə bu müqavilənin bağlanmasının məqsədlərindən və tərəflərin hüquqi vəziyyətindən müəyyən edilir ki, əslində tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsinin barəsində əmlak kirayəsi müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı həmin qeyri-yaşayış sahəsindən gəlir əldə etmək və ya bəhərindən yararlanmaq məqsədi ilə deyil, yalnız öz avtomobilini park etmək üçün istifadə etmişdir. Bu münasibətlərin hüquqi əsasını isə Mülki Məcəllənin 675-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 699.3-cü maddəsinə əsasən əgər kirayəyə verilən əşya yaşayış otağıdırsa və kirayəçiyə verildikdən sonra kirayəyə verən tərəfindən onun ailəsinə mənsub olmayan hər hansı üçüncü şəxsə satılırsa, kirayəçi satın almaqda üstünlük hüququna malikdir. Göründüyü kimi, mülki qanunvericilik əmlak kirayəçisinin kirayə verilən əmlakın özgəninkiləşdirilməsi zamanı yalnız bir halda üstünlük hüququnu müəyyən etmişdir ki, bu da kirayə verilən əşyanın yaşayış otağı olduğu haldır. Hazırkı mülki mübahisənin predmetini isə qeyri-yaşayış sahəsi təşkil edir. Bunlarla yanaşı, iddiaçının özünün də bildirdiyi kimi, onun istifadəsində olan mübahisəli qeyri-yaşayış sahəsi satış məqsədi ilə mülkiyyətçi tərəfindən ilk növbədə ona təklif edilmiş, lakin iddiaçı satış qiymətinin onun təklif etdiyi məbləğdən çox olduğu səbəbi ilə təklifi qəbul etməmişdir. Yalnız bundan sonra həmin qeyri-yaşayış sahəsi digər Cavabdeh3 satılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiya bu qənaətə gəlir ki, cavabdeh MMC tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsi özgəninkiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş və bu əqd üçüncü şəxslərin, o cümlədən iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətli təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10043/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10043/2021
25.11.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver