Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10044/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı16, İddiaçı1, İddiaçı6, İddiaçı8, İddiaçı3, İddiaçı10, İddiaçı7, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, Cavabdeh1, İddiaçı17 və X4 Cavabdeh2 qarşı Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(002)-1464/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyriləri Cavabdeh2 qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində cavabdeh tərəfindən özbaşına, qanunsuz inşa olunmuş daş hasarın onun öz hesabına sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, cavabdehin vəsaiti hesabına ərazinin əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumu və mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun cavabdehdən tutularaq “Yaşat” Fondunun hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, 20 nömrəli binanın qarşısında xeyir-şər mağarı vardır. Həmin tikilinin arxa hissəsi Zahid Qasımov küçəsi tərəfə düşür. Xeyir-şər evinin arxa hissəsi vaxtilə çox bərbad vəziyyətdə olmaqla demək olar ki, zibilliyə döndərilmişdir. Həyətin sakinləri oranı təmizləyib, abadlaşdırma işləri apararaq ağacları budayıb, dəmir tor hasara almışdır ki, həmin yer bir daha zibilliyə çevrilməsin. Ərazidə uşaqların əylənməsi, oynaması, sakinlərin istirahət etməsi üçün gözəl bir guşə yaradılmış, qeyd olunan ərazidə binaya gələn əsas su xətti və onun siyirtməsi də mövcuddur. Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi ilə Z.Qasımov küçəsinin kəsişməsində Cavabdeh2 dəmir vaqonda dərzi emalatxanası var idi. Cavabdeh həmin emalatxananın sahəsini genişlədərək daşdan tikmiş, daha sonra isə 2020-ci ildə emalatxananı eninə bir qədər də böyüdərək həmin sahədə ikimərtəbəli böyük bir ev tikmiş və 1-ci mərtəbəsini “SOLİTON” mağazalar şəbəkəsinə icarəyə vermişdir. 2020-ci ilin mart ayının əvvəlində cavabdeh camaatın abadlaşdırıb, istirahət mərkəzinə çevirmək istədiyi əraziyə də göz dikərək oranı zəbt etməyə başlamışdır. Belə ki, cavabdeh tərəfindən vaxtilə onların çəkdikləri dəmir tor sökülmüş, yerində 09 mart 2021-ci il tarixdən daş hasar hördürməyə başlamışdır. Cavabdehin apardığı qanunsuz tikinti işləri həmin ərazidə yaşayan bina sakinləri üçün təhlükə yaradır. Belə ki, həmin ərazidən bir sıra kommunikasiya xətləri keçir ki, aparılan tikinti işləri nəticəsində dəhşətli faciə baş verə bilər. Bir sözlə yüzlərlə insanın həyat və sağlamlığını heçə sayan cavabdehə dəfələrlə etmiş olduqları xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(002)- 1464/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində Cavabdeh2 tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması və həmin ərazinin onun hesabına əvvəlki vəziyyətinə qaytarılması, habelə 10 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçılara ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, 04.08.2000-ci il tarixli sərəncam ilə həmin ünvanda yerləşən 40,0 kv.m ölçüdəki “Səbuhi” məişət xidməti obyektində rekonstruksiya-tikinti işlərinin aparılmasına icazə verilmişdir. Həmin ünvana hesabat cədvəli 2012-ci il tarixdə onun adına verilmişdir. İddiaçılar tərəfindən heç bir əsas olmadan məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsi xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ticarət obyektinin sahibi Cavabdeh2dur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04 avqust 2000-ci il tarixli 731 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 36-cı mənzilində yaşayan Cavabdeh2 Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 17 ünvanında yerləşən 40,0 kv.m ölçüdəki “Səbuhi” məişət xidməti obyektində rekonstruksiya-tikinti işlərinin aparılmasına icazə verilmişdir. Sahil qəsəbəsi XDS-nin 02.08.1987-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Cavabdeh2 1987-ci ilin sentyabr ayından bir il müddətinə dərzi kimi fərdi əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. İş materiallarında olan X5, X1, X8, X7 və X2 tərəfindən tərtib edilmiş 27.04.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən də Cavabdeh2 2020-ci ilin mart ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində camaatın abadlaşdırıb, istirahət mərkəzinə çevirmək istədiyi ərazini zəbt etmiş, vaxtilə çəkdikləri dəmir toru sökmüş, əvəzində 09 mart 2021-ci il tarixdən daş hasar hördürməyə başlamış və qanunsuz tikinti işləri aparmışdır. İş materiallarında olan fotoşəkillərdən və fotoşəkillər üzərində aparılan yazılı qeydlərdən görünür ki, mübahisəli tikinti işləri açıq həyət sahəsində aparılmışdır. 10.04.2021-ci il tarixdə hasar sökülərək mişar daşları xeyir-şər mağarının arxa tərəfinə yığılmışdır. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən 40 kv.m əraziyə sənəd verilmişdir, cavabdehin sahibliyində olan binanın faktiki sahəsi isə 175 kv.m-dir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdehin qeyd olunan ərazidə tikinti işləri aparmasına icazə verən hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04.08.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, cavabdehə yalnız 40 kv.m ölçüdə “Səbuhi” məişət xidməti obyektində tikinti işləri aparmasına razılaşdırılmış layihə əsasında icazə verilmişdir. Halbuki, tərəflərin izahatlarından, aktdan, fotoşəkillərdən aydın olur ki, mübahisəli tikinti işləri ümumi istifadədə olan açıq həyət sahəsində aparılmışdır, həmin sahənin cavabdehə ayrılmasına və orada tikinti işlərinin aparılmasına dair isə hər hansı qanuni sənəd mövcud deyidir. Həmçinin, "xxxx" MMC-nin tərtib etdiyi hesabat cədvəli hüquqmüəyyənedici sənəd hesab oluna bilməz. Qeyd olunanları və hazırda mübahisəli hasarın faktiki söküldüyünü nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, özbaşına tikinti ilə bağlı iddia tələbi qismən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində Cavabdeh2 tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması və həmin ərazinin onun hesabına əvvəlki vəziyyətinə qaytarılması hissəsində təmin edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi cavabdehin qeyd olunan ərazidə tikinti işləri aparmasına icazə verən hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdehin istinad etdiyi Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04.08.2000-ci il tarixli sərəncamı ilə isə ona yalnız 40 kv.m ölçüdə “Səbuhi” məişət xidməti obyektində tikinti işləri aparmasına razılaşdırılmış layihə əsasında icazə verilmişdir ki, cavabdeh də həmin sərancam əsasında 175 kv.m ölçüdə yeni tikili inşa etmişdir. Cavabdeh apelyasiya şikayətində hər hansı konkret dəlilə əsaslanmamış, fikrini ümumi sözlərlə ifadə etmişdir. Apelyasiya şikayəti əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1464/2021 saylı iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10044/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10044/2021
25.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver