Məhkəmə qərarları › İş №2(103)-10045/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10045/2021

05.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10045/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1986/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Heydər Hüseynovun 03 may 2021-ci il tarixli 21 saylı əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının və son haqq-hesabın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsilli olmaqla 2008-ci ildən 8 nömrəli Bakı Peşə Liseyində işləyir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən iki fəxri fərmanla mükafatlandırılmışdır. Əmək vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş, ayağında ağır cərrahiyyə əməliyyatı keçirilmişdir. 2014-cü ildən şəkərli diabet xəstəsi olmaqla ikinci qrup əlildir. Buna baxmayaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Heydər Hüseynovun 03 may 2021-ci il tarixli 21 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən 03 may 2021-ci il tarixdən xitam verilmişdir. Hesab edir ki, cavabdeh 8 nömrəli Bakı Peşə Liseyinin 03 may 2021-ci il tarixli 21 saylı əmri qanunsuz və əsassızdır. Belə ki, 03 may 2021-ci il tarixli 21 saylı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərinin, 58-ci maddəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin, 77-ci maddəsinin 2-ci və 3-cü hissəsinin, 78-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinin, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinin və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1986/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fuad Hüseynov).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1986/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ali təhsillidir. Uzun illərdən bəri 2008-ildən hal-hazırki vaxtadək 8 №-li Bakı Peşə Liseyində işləyir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən 2 Fəxri fərmanla mükafatlandırılmışdır. Əmək vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş, ayağında ağır cərrahiyyə əməliyyatı keçirmişdir. 2014-cü ildən şəkərli diabet xəstəsi olmaqla ikinci qrup əlildir. Bunlara baxmayaraq üzərinə düşən vəzifələri həmişə olduğu kimi, layiqincə yerinə yetirmişdir. 8 №-li Bakı Peşə Liseyinin direktoru Heydər Hüseynovun 03 may 2021-ci il tarixli 21 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) əsasən 03 may 2021-ci il tarixdən xitam verilməsi qərara alınmışdır. İş üzrə keçirilən məhkəmə iclaslarından iddiaçının məlumatı olmamış, göndərilən məhkəmə bildirişləri yaşadığı ünvana gec çatdığından, buna görə də hüququnu müdafiə etməkdən məhrum olmuşdur. Məhkəmə öz qətnaməsində qeyd edir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-712/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsil üzrə Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı əmrin ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Həmçinin, məhkəmə öz qətnaməsində qeyd edir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-679/2021 saylı 23 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsil üzrə Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı intizam tədbirinin ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Eyni zamanda məhkəmə öz qətnaməsində qeyd edir ki, iddiaçı X1 apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5501/20 saylı 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)- 712/2021 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, öz qətnaməsində istinad olunan sözügedən məhkəmə aktları iddiaçı tərəfindən mübahisələndirilmiş və məhkəmə qətnamələri ləğv olunmuşdur (məhkəmə qərarlarının surətləri). Məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehin mövqeyindən çıxış edərək, əks tərəfin iştirakını təmin etməyərək, iddiaçı tərəfindən təqdim edilən sübutları ümumiyyətlə nəzərə almadan qanuna zidd qətnamə qəbul etmiş və qətnamədə göstərmişdir ki, iddiaçı hansı səbəbdən işdən azad olunması barədə məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsionə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 03.05.2021-ci il tarixli, 21 saylı əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikə) əsasən 03 may 2021-ci il tarixdən xitam verilməsi, əmrdən irəli gələn vəzifələrin icrasının baş mühasibə tapşırılması əmr edilmişdir. Əmrə əsas kimi rəsmi xəbərdarlıq məktubları, aktlar, təqdimat, Həmkarlar İttifaqının qərarı qeyd olunmuşdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 seriyalı, 074621 saylı arayışdan görünür ki, 1958- ci il təvəllüdlü İddiaçı ikinci qrup əlildir.

11. İş materiallarında olan 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X2 8 nömrəli Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı məktubun surətindən görünür ki, 8 nömrəli Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyat müəllimi İddiaçı 2020-2021-ci tədris ilindən başlayaraq vəzifə funksiyalarını yerinə yetirməkdən imtina etməklə məktəbin daxili nizam-intizam qaydalarına riayət etmir və əlavə olaraq məktəbin fəaliyyətinə bir mənalı şəkildə qərəzli maneçilik törədir. Bu barədə İddiaçı 07.10.2020-ci il tarixində yazılı xəbərdarlıq, 18.11.2020-ci il tarixində töhmət verilmişdir. Hətta Nazirlər Kabinetinin tədrisin əyani formada təşkil edilməsi ilə bağlı qərarına əhəmiyyət verməyərək 16.10.2020-ci tarixində 235 nömrəli qrupda Azərbaycan dili fənnini əyani tədris etməli olduğu halda tədris etməmiş və həmin qrup üzrə tədrisin fəaliyyəti pozulmuşdur. Təhsil alanların fənlər üzrə summativ qiymətləndirməsi tədris jurnallarında qeyd olunmamış, summativ qiymətləndirmənin keçirilməsi üzrə faktiki sənədləşmə aparılmamışdır. Bu da öz növbəsində tələbə və valideynlərin haqlı narazılığına səbəb olmuşdur. Sözügedən bu problemlər həm Liseyin, həm də X8 fəaliyyətinin düzgün qurulmasına birmənalı şəkildə mənfi təsir göstərməkdədir. Qeyd olunan hallarla bağlı İddiaçı xəbərdarlıqlar edilmiş, onun tədrisə cəlb olunması ilə bağlı bütün mümkün vasitələrdən istifadə edilmişdir. Edilən xəbərdarlıqlardan heç bir nəticə alınmamış, 12 aprel 2021-ci il tarixdə İddiaçı yenidən töhmət verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.

12. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının 100 nömrəli 28.04.2021-ci il tarixli protokolunun surətindən görünür ki, 8 saylı Bakı Peşə Liseyinin “Azərbaycan dili” və “Ədəbiyyat” fənn müəllimi İddiaçı Əlumuxtar oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etirazın olmadığı qərara alınmışdır. Həmin protokolda İddiaçı nə əyani, nə distant formada heç bir dərs keçmədiyi, tələbələrin qiymətləndirilməsi uçotunu aparmadığı, 1 ildə 1 dəfə olsun məktəbə gəlmədiyi, əsas fənnlər hesab olunan həmin fənnlər üzrə qiymətləndirmə aparmadığı üçün X8 yekun qiymətləndirməni müəyyən edə bilmədiyi, fəaliyyətsizliyi ilə Liseyə zərər vurduğu qeyd olunmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 07.10.2020-ci il tarixli, 69 nömrəli intizam tənbehinin tətbiqi barədə əmrinin surətindən görünür ki, əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə müəllim İddiaçı Əlumuxtar oğluna yazılı xəbərdarlıq verilməsi əmr edilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 18.11.2020-ci il tarixli, 79 nömrəli intizam tənbehinin tətbiqi barədə əmrinin surətindən görünür ki, əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 8 saylı Bakı Peşə Liseyinin Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə müəllim İddiaçı Əlumuxtar oğluna töhmət elan edilməsi əmr edilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 12.04.2021-ci il tarixli, 15 nömrəli intizam tənbehinin tətbiqi haqqında əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir.

16. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin direktoru Fizuli Talıbov tərəfindən liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış 19.11.2020-ci il tarixli müraciət məktubunun surətindən görünür ki, iddiaçıdan proqramları təsdiq etdirməsi və tədris etdiyi fənlər üzrə qrup jurnallarını yazması tələb edilmişdir.

17. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin direktoru tərəfindən həmin Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış 05.02.2021-ci il tarixli, 17 saylı məktubun surətindən görünür ki, iddiaçıya 2020/2021-ci tədris ilində tədris etdiyi heç bir fəndən summativ qiymətləndirmə aparmadığı bildirilmiş, dərs dediyi qruplardə təcili olaraq İ yarımilin son dərs saatında summativ qiymətləndirmə (test, şifahi sorğu, inşa, yaradıcılıq) aparmaqla onların video və ya audio görüntülərini məktəbə təqdim etməsi, məktəbə gələrək jurnalları yazması xahiş olunmuşdur.

18. İş materiallarında olan 8 saylı Bakı Peşə Liseyinin direktoru H.Hüseynov tərəfindən həmin Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ünvanlanmış 17.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, o, bu günə qədər hələ də tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməmişdir. TİMS platformasında dərslərini tədris etmək üçün (PT001731 pese.com.az) və parol:CY AJ3001 22.01.2021-ci il tarixində şəxsi whatsapp nömrəsinə məlumat göndərilmiş, lakin bu tarixədək dərsləri dərs cədvəlinə müvafiq keçməmişdir. Sonuncu dəfə xəbərdarlıq edilməklə Liseyə gələrək proqramları təsdiq etdirməsi, summativ qiymətləndirmə (test, şifahi sorğu, inşa, yaradıcılıq) aparmaqla onların video və ya audio görüntülərini məktəbə təqdim etməsi, jurnalları yazması xahiş olunmuşdur.

19. İş materiallarında olan X7, X6, Əhədov Vidadi Vəkilağa oğlu, X10, X4 və X3 öz imzaları ilə təsdiq etdikləri 03.02.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı onların rəhbərlik etdikləri qruplarda dərs cədvəlində olan dərsləri 16.09.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək özü tədris etməmiş, onun əvəzində ixtisası uyğun olmayan laborant X11 tərəfindən dərslər keçirilmişdir.

20. İş materiallarında olan 01.09.2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə R.S.Quliyev adına 8 nömrəli Bakı Peşə Liseyi (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmışdır, əmək müqaviləsinin 2-ci bəndinə görə, işçi əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və daxili davranış qaydalarına əmək etmək öhdəliklərini də daşıyır.

21. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, 22.10.2020-ci il tarixdə sistemə daxil edilən məlumatlara əsasən İddiaçı 8 saylı Bakı Peşə Liseyində müəllim vəzifəsində işləyir.

22. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-712/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh 8 saylı Bakı Peşə Liseyinin direktoruna qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

23. İş materiallarında olan Bak şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-679 saylı, 23.04.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

24. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-682/2021 saylı, 26.04.2021-ci tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı məktubun ləğv edilməsi, əmək haqqının artırılması və ödənilməmiş hissəsinin hesablanaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

25. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2020-ci il tarixli, 2(103)-5501/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-648/2020 saylı mülki iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hüquqi dəyərləndirmə:

26. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:

27. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən, təhsilverənlərin (o cümlədən müəllimlərin) vəzifələri aşağıdakılardan ibarətdir: təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək və s.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq işçinin əsas vəzifələridir.

29. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur.

30. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

32. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

33. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

34. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq qeyd edir ki, İddiaçı, cavabdeh 8 saylı Bakı Peşə Liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, lakin o, 14.01.2020-ci il tarixdən 03.05.2021-ci il tarixədək Liseyə gəlməmiş, tədris etdiyi fənlərin proqramlarını təsdiq etdirməmiş, tədris ili başlayandan nə distant formada, nə də əyani formada dərs keçməmiş, summativ qiymətləndirmə aparmamış və jurnalları yazmamışdır.

35. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin öz qətnaməsinin hüquqi əsası kimi iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-712/2021 saylı 11 fevral 2021-ci il tarixli, 2(002)-679/2021 saylı 23 aprel 2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5501/20 saylı 29 sentyabr 2020-ci il tarixli məhkəmə qətnamələrinə istinad etməsi və həmin qətnamələrin ləğv edilməsini qeyd etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi öz mövqeyinin əsası kimi həmin məhkəmə qətnamələrinə deyil, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi hallarına istinad etmişdir.

36. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi qətnamələrin ləğv edilməsi məsələsinə kollegiya münasibət bildirərək qeyd edir ki, ləğv edilmiş qətnamə intizam tənbehinin tətbiqi barədə 1 əmrin (07.10.2020-ci il tarixli) ləğv edilməsi ilə bağlı olmuşdur. İş materiallarında olan İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında 03.05.2021-ci il tarixli, 21 saylı əmrdən (i.v. 48) görünür ki, iddiaçı onun barəsində intizam tənbeh tədbirlərinin tətbiq edilməsi, ona xəbərdarlıq və töhmət verilməsinə baxmayaraq, bundan sonra da öz vəzifələrini yerinə yetirməməyə davam etmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının işdən çıxarılmasına səbəb onun barəsində tətbiq edilən intizam tənbeh tədbirləri deyil, onun intizam tənbeh tədbirlərindən sonra da öz vəzifələrini icra etməməsi olmuşdur. Belə olan halda, intizam təbneh tədbirlərinin tətbiqi ilə bağlı əmrlərin məhkəmə qaydasında ləğv edilməsi iddiaçının işdən çıxarılması barədə əmrin də ləğv edilməsi üçün əsas deyildir. Çünki, intizam tənbeh tədbirinin tətbiqi barədə əmr işdən çıxarma barədə əmrin əsasını təşkil etmir. İşdən çıxarma barədə əmrdə iddiaçının sonradan da öz vəzifələrini yerinə yetirməməsi qeyd edilmiş və onun işdən çıxarılmasının əsasını da bu təşkil etmişdir. Qeyd edilən hallara əsasən, kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə vurğulayır ki, intizam tənbehinin tətbiqi barədə əmrin ləğv edilməsi ilə bağlı məhkəmə qətnaməsi hazırki işin həll edilməsində hər hansı rol oynamır.

37. Bundan başqa, iddiaçı intizam tənbehinin tətbiqi ilə bağlı digər 2 əmrin də (12.04.2021 və 18.11.2020-ci il tarixli) ləğv edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.

38. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

41. Kollegiya iclasının vaxtı barədə iddiaçıya Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə SMS bildiriş göndərilmiş, həmçinin telefon əlaqəsi saxlanılsa da, iddiaçı kollegiya iclasında iştirak etməmiş və öz vəzifələrinin yerinə yetirməməsi ilə bağlı hallara açıqlama gətirməmişdir.

42. Kollegiya mülki iş üzrə sübutlara əsasən iddiaçının Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək funksiyalarını yerinə yetirmədiyini və bunun əksinin iddiaçı tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hazırda əmək müqaviləsinə xitam verilməsi barədə 03 may 2021-ci il tarixli 21 saylı əmrin ləğv edilməsi üçün hüquqi əsas yoxdur.

43. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanunu və əsaslı olmuşdur və iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

46. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1986/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar