Məhkəmə qərarları › İş №2(103)-1005/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1005/2023

26.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1005/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, kompensasiya məbləğinin apellyasiya baxışı zamanı artırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 (İddiaçı1 digər iddiaçıların da nümayəndəsidir), cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndələri (vəkilləri) Vəkil iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində yerləşən 87 saylı ev paylı mülkiyyət hüququ üzrə İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 mülkiyyətindədir (hər birinin payı ¼ hissə olmaqla).

2. Həmin evin 2 yaşayış otağından ibarət “A” tikilisinin ümumi sahəsi 32,6 kv.m., yaşayış sahəsi 22,4 kv.m., köməkçi sahəsi 10,2 kv.m., açıq eyvan 5,0 kv.m., tikinti altı sahəsi 31,2 kv.m., 3 yaşayış otağından ibarət “B” tikilisinin ümumi sahəsi 67,3 kv.m., yaşayış sahəsi 32,8 kv.m., köməkçi sahəsi 29,5 kv.m., tikinti altı sahəsi 35,4 kv.m. təşkil edir.

3. Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Müslüm Maqomayev küçəsində yerləşən 87 saylı evdə pasport qeydiyyatındadırlar.

4. ünvan 1 ünvanında qeydiyyatda olan və daimi yaşayan X1, Rəsulov Ağa- X10, X2 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta görə, evin 2 ayrı-ayrı otağı yaşam şəraitinə uyğun olaraq aylıq 100 manat və 120 manat olmaqla ayrı-ayrı şəxslərə kirayəyə verilmişdir.

5. İddiaçı1 sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, ünvan 2 ünvanında istifadədə olan 0,00666 ha torpaq sahəsi üzərində yerləşən 94,9 kv.m. sahəli, 5 otaqlı fərdi yaşayış evinin yerləşdiyi ərazi üzrə, həmin yaşayış evinə oxşar yaşayış evlərinin aylıq kirayə dəyəri 450-500 manat təşkil edir.

6. “Google” internet (axtarış) portalında olan məlumatlara görə, Bakı şəhərinin “İçərişəhər” ərazisində 1-2 otaqlı evlərin kirayə haqqı 1000-1700 manat həddindədir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərin hər birinə ərazi üzrə bazar qiymətinə müvafiq olaraq kompensasiya ödənilməsi şərtilə onların ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və müvafiq olaraq həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

8. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evi onların ümumi paylı mülkiyyətindədir, ev tarixi abidə statusunu daşıyır, cavabdehlər isə sözügedən ünvan üzrə qeydiyyatda olmaqla həmin yaşayış sahəsindən istifadə hüququna sahibdirlər. Lakin uzun müddətdir ki, hər iki cavabdeh (ana və övlad) fərdi yaşayış evinin satışına, satışdan əldə edilən gəlirin həm mülkiyyətçilər, həm də yaşayış sahəsindən istifadə hüququ olan digər şəxslər arasında ədalətli şəkildə bölünməsinə qərəzli maneçilik göstərirlər. Bu məqsədlə hətta tarixi abidə statusu daşıyan yaşayış sahəsinin xarici estetik görünüşünün qanunsuz olaraq dəyişdirilməsini, bununla əlaqədar mülkiyyətçilərin icazəsi olmadan yaşayış sahəsində satış prosesinə əngəl yaradacaq cari təmir işlərinin aparılmasını belə təşkil ediblər. Faktla əlaqədar tarixi abidənin mühafizəsinə mükəlləf olan “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi” tərəfindən onlara məlum olan Cavabdeh1 barəsində 2 dəfə akt tərtib edilib və ona qanunsuz təmir işlərinin dayandırılması haqqında xəbərdarlıq olunub. Lakin müvafiq xəbərdarlıqlara məhəl qoymayan cavabdehlər təmir işlərini davam etdirib və yaşayış sahəsinin xarici estetik görünüşünü əhəmiyyətli sürətdə dəyişərək daxili eyvanın taxta materialdan olan pəncərələrini plastik pəncərələrlə əvəz ediblər. Müvafiq icra qurumunun təkrar xəbərdarlığına, qeyd olunan faktla bağlı fiziki tədbirlər görmək təşəbbüsünə baxmayaraq hər iki cavabdeh qadın olmalarından sui-istifadə edərək qanuni tədbirlərin icrasına, yəni plastik pəncərələrin sökülməsinə ciddi cəhdlə maneçilik törədiblər. Hər iki şəxs birmənalı olaraq yaşayış sahəsindən birgə istifadə qaydalarını kobud surətdə pozmaqdadırlar. Qeyd edilənləri həmin yaşayış sahəsində yaşayan və istifadə hüququ olan digər şəxslər də şahid qismində təsdiq edə bilərlər. Hər iki cavabdeh mülkiyyət üzərində sərəncam vermək, ondan sərbəst və səmərəli istifadə etmək hüquqlarını ciddi cəhdlə pozurlar. Buna görə də, hər iki cavabdehin sözügedən yaşayış sahəsindən istifadə hüququna ərazi üzrə daşınmaz əmlakların kirayə bazar qiymətinə uyğun olaraq məhkəmənin müəyyən edəcəyi kompensasiya miqdarının ödənilməsi şərti ilə xitam verilməlidir.

9. Sonradan iddiaçılar iddia tələblərini dəqiqləşdirmiş, cavabdehlərin bir yerdə yaşamaları və ana-övlad olmaları nəzərə alınmaqla onların hər birinə 8500 manat, ümumilikdə 17 000 manat ödənilməklə sözügedən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. Məhkəmədə işə baxılarkən izahatı alınmış İddiaçı1 (o, eyni zamanda digər iddiaçıların nümayəndəsidir) və İddiaçı2 iddia tələbini müdafiə etməklə yanaşı, hakim tərəfindən kompensasiya məbləği kimi təklif olunan 28 000 manatla razı olduqlarını bildirmişlər.

11. Cavabdehlərin məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxslər 28 000 manat kompensasiya məbləğini qəbul etmirlər və yalnız iddiaçılar tərəfindən onlara həmin ərazidə 1-2 otaqlı mənzil alıb verilməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsinə razılıq verə bilərlər.

12. Birinci instansiya məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Bakı şəhəri, Səbail rayonu, Müslüm Maqomayev küçəsində yerləşən 87 saylı ev üzrə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına 28 000 (iyirmi səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

13.1. Bakı şəhəri, Səbail rayonu,Müslüm Maqomayev küçəsində yerləşən 87 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların (hər birinin ¼ hissə) mülkiyyətindədir. İş üzrə cavabdehlər həmin ünvanda xx.xx.2000-ci il tarixdən əvvəl qeydiyyatda olmaqla yaşayırlar. 13.2. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onların paylı mülkiyyətində olan fərdi yaşayış evi tarixi abidə statusunu daşıyır. Cavabdehlər həmin ünvan üzrə qeydiyyatda olmaqla həmin yaşayış sahəsindən istifadə hüququna sahibdirlər. 13.3. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları xx.xx.2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçıların irəli sürdüyü tələbə, yəni cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir. 13.4. Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin qüvvəyə mindiyi tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından istifadə hüququ əldə etmiş ailə üzvünün istifadə hüquqlarına xitamı qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından həll edilməlidir. İddiaçılar birmənalı şəkildə cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarına sahib olmalarını bildirərək, həmin hüquqların kompensasiya verilməklə xitamı barədə tələb irəli sürmüşlər. 13.5. Qanunvericiliyin norması, o cümlədən Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, kompensasiyanın məbləği şəxsə müəyyən müddət ərzində əvvəlki yaşayış sahəsinə uyğun sahədə yaşamağa imkan versin, yəni kompensasiya verilməsi elə əvəzləşdirməni nəzərdə tutmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. 13.6. İddiaçılar tərəfindən cavabdehlərin istifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiya məbləği 17 000 manat təklif olunmuşdur. 13.7. İddiaçılar bu tələblərini paylı mülkiyyətlərində olan evin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğinin 450-500 manat həddindən olmasını, cavabdehlərə ödəniləcək 17 000 manat məbləğində kompensasiyanın üç ilə yaxın müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitli mənzildə yaşamağa imkan verməsi ilə əsaslandırmışlar. Bunu təsdiq edən sübut kimi məhkəməyə "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin kirayə dəyərinin müəyyən edilməsi barədə arayış təqdim etmişlər. 13.8. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində “Google” internet portalından evlərin kirayə verilməsinə dair çıxarışla müəyyən olunmuşdur ki, İçərişəhər ərazisində 1-2 otaqlı evlərin kirayə haqqı 1000-1700 manat həddindədir. Bu səbəbdən məhkəmə, "xxxx" MMC tərəfindən 5 otaqlı mübahisəli evin kirayə haqqının 450-500 manat məbləğində olması barədə gəldiyi nəticəni bazar qiymətinə uyğun olmaması səbəbindən əsaslı hesab etmir və həmin arayışı mötəbər sübut kimi qiymətləndirmir. 13.9. Məhkəmə iddiaçılara cavabdehlərə ödəniləcək kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq 28 000 manat həddində müəyyən edilməsi barədə razılıqlarının olub-olmamasına dair fikirlərini öyrənərkən iddiaçılar həmin məbləğlə razılaşmışlar. 13.10.Məhkəmə iddiaçıların paylı mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğini və məhkəmə tərəfindən real bazar qiymətinə uyğun cavabdehlərə təklif olunan kompensasiya məbləğini (28 000 manat), həmin məbləğin ödənilməsi barədə mülkiyyətçilərin razılığını nəzərə alaraq hesab edir ki, həmin məbləğ cavabdehlərə 2 il 4 ay müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Məhkəmə cavabdehlərə təklif olunan kompensasiya məbləğinin hətta müəyyən müddət ərzində başqa yaşayış sahəsində yaşamağa imkan verməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğ ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur. 13.11. Məhkəmə cavabdehlərin nümayəndəsinin cavabdehlərin istifadə hüququna xitam verilməsini mülkiyyətçilər tərəfindən onlara 1-2 otaqlı mənzil alınması yolu ilə mümkünlüyünə dair dəlillər üzrə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə istifadə hüququna xitam şəxsə daimi yaşamaq üçün mənzil alınması yolu ilə deyil, onların müəyyən zaman çərçivəsində yaşamasının təmin edilməsi məqsədi ilə verilən kompensasiya yolu ilə həll olunmalıdır.

14. Mövqeyini əsaslandırarkən məhkəmə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı, 87-ci, 123-cü, Mülki Məcəllənin 228.2-ci, 228.5-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Qərarlarına istinad etmişdir.

15. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdehlər onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı, təklif olunan kompensasiya məbləğinin yetərsiz olduğu, iddiaçıların mənzili qanunsuz yolla mülkiyyətlərinə keçirdikləri, 120 000 manat kompensasiya müqabilində evdən istifadə hüquqlarına xitam verilməsinə razı olacaqları arqumentləri ilə əsaslandırmışlar.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

16. İddiaçılar tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz göndərilmiş, etirazda şikayətin əsassız olduğu, formal mülahizələrlə əsaslandırıldığı, qətnamənin icrasını ləngitməyə yönəldiyi bildirilmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar

17. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 və Cavabdeh2, habelə onların nümayəndələri (vəkilləri) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 (İddiaçı1 digər iddiaçıların da nümayəndəsidir) şikayətin əsassız olduğunu bildirmişlər.

18. Məhkəmə kollegiyası tərəfindən iddiaçılara (onların hamısının nümayəndəsi olan İddiaçı1) kompensasiyanın məbləğinin müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli olduğu izah olunaraq kompensasiya məbləğini artırmaq təklif edilmiş, bundan sonra o(nlar), müvafiq məbləği 54 000 manata qədər artıra biləcəklərini bildirmişlər.

19. Cavabdehlər (onların vəkilləri) həmin təklifi müzakirə etmək istədiklərini bildirdiklərindən tərəflərə barışıq əldə etmələri üçün vaxt verilmiş, lakin növbəti məhkəmə iclasında razılaşma əldə edilmədiyi müəyyən olunmuşdur.

20. İddiaçılar (onların hamısının nümayəndəsi olan İddiaçı1) yazılı ərizə təqdim edərək cavabdehlərə təklif olunan kompensasiya məbləğinin 54 000 manat müəyyənləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir.

21. Cavabdehlər 120 000 manat məbləğində kompensasiyaya razı olacaqlarını, əgər həmin məbləğ verilərsə iddiaçılarla razılığa gələcəklərini bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində yerləşən 87 saylı ev paylı mülkiyyət hüququ üzrə iddiaçıların mülkiyyətindədir (hər birinin payı ¼ hissə olmaqla).

37. Cavabdehlər iddiaçıların qohumlarıdırıar və iddiaçıların özlərinin bildirməsinə görə onlar (cavabdehlər), 1988-ci ildən sözügedən yaşayış evində pasport qeydiyyatında olmaqla orada yaşayırıar.

38. Cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində yerləşən 87 saylı evə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçıların müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadıqlarının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçılar, cavabdehlərə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşlar.

39. Beləliklə, cavabdehlərə qarşı yönələn iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təklif olunan 28 000 manat kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyinə dair gəldiyi nəticə əsaslı deyildir. Əksinə, iş üzrə müəyyən olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olmadığı qənaətinə gəlməyə əsas verir.

41. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdehlər 2 nəfər yetişkin şəxs(lər) olmaqla başqa yaşayış sahəsinə malik deyillər və bu hal veriləcək kompensasiya məbləğinə təsir edən amil kimi nəzərə alınmalıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddiaçılar özləri sözügedən evdə yaşamırlar və orada uzun illərdir məhz cavabdehlər yaşamaqla bu müddət ərzində evdə təmir işləri həyata keçirmiş, onu abadlaşdıraraq yaşamaq üçün yararlı hala gətirmişlər.

42. Birinci instansiya məhkəməsinin əsas götürdüyü, internet resurslarından əldə olunmuş məlumatlarda mübahisəsi gedən evin yerləşdiyi ərazidə 1-2 otaqlı evlərin aylıq kirayə haqqlarının 1000 -1700 manat həddində olduğu göstərilmişdir – hansı ki, bu hal həm iddiaçılar, həm də cavabdehlər tərəfindən qəbul olunmaqdadır. Bu isə o deməkdir ki, hətta orta rəqəm olaraq 1500 manat əsas götürülərsə, cavabdehlərin ikisinə birlikdə təxminən 54 000 manat (3 illik müddət üçün) kompensasiya təklif olunsa idi, iddia tələbinin təmin olunması ağlabatan hesab edilə bilərdi.

43. Göstərilən kirayə haqqının reallığa uyğun olduğu cavabdehlər tərəfindən mübahisələndirilməmiş, bununla belə onlan, evin dəyərinin yüksək olduğunu, buna görə də evin satış qiyməti əsas götürülməklə onlara kompensasiya ödənilməli olduğunu bildirmişlər.

44. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya baxışı zamanı iddiaçı(lar) cavabdehlərə təklif etdikləri kompensasiyanın məbləğini artıraraq onların istifadə hüququna 54 000 manat müqabilində xitam verilməsini istəmişlər.

45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”.

46. Kollegiya hesab edir ki, iddiaçı(lar)ın apellyasiya baxışı zamanı təklif etdikləri kompensasiya ilə birlikdə yaşayan cavabdehlər (ana və qızı) təqribən 3 il, həmin məbləğ onlara mütənasib bölünməklə verilərsə ayrı-ayrılıqda təxminən 1,5 il müddətində oxşar yaşayış sahəsi ilə təmin edilmiş olurlar, bu isə ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlər hər ikisi əmək qabiliyyətlidirlər və göstərilən müddət ərzində özlərinə məxsus yaşayış sahəsi əldə edə bilərlər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir.

47. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə kollegiya hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları eyni vaxtda icra olunmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2120/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh1 və Cavabdeh2 54 000 (əlli dörd min) manat kompensasiya (hər birinə 27 000 manat olmaqla) ödənilməklə onların Bakı şəhəri, Səbail rayonu, Müslüm Maqomayev küçəsində yerləşən 87 saylı evdən istifadə hüquqlarına xitam verilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 54 000 (əlli dörd min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 və Cavabdeh2 verilməsi (hər birinə 27 000 manat olmaqla) ilə onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar