Məhkəmə qərarları › İş №2(103)-1005/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1005/2024

30.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1005/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əsədova (Davudova) Rəvanə İskəndər qızının cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş kirayə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ödənilməmiş kirayə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-2726/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş kirayə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-2726/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

4. İddiaçı birinci instansiya məhkəməsində maddi və mənəvi ziyan qismində ümumilikdə 70000 manat təzminat tələb etsə də, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi yazılı ərizə təqdim edərək, həmin məbləğin açılqlamasını vermiş və cavabdehdən 27873 manat mənəvi zərər tələb etdiyini bildirmişdir. Birinci apellyasiya icraatı:

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2517/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - kirayə haqqının ödənilməsi tələbi ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, kirayə haqqının ödənilməsi hissəsində iddia qismən təmin edilmiş, 5100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı:

7. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4008/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı (hakimlər X4 (məruzəçi), X1 və X7 ibarət tərkibdə) ilə iddiaçı Əsədova (Davudova) Rəvanə İskəndər qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2517/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi qismən - mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirablar keçirmiş, ümidsizliyə qapılmış, səhhətində problemlər yaranmış, əməliyyat olunmuş, bir neçə dəfə kirayə qaldığı mənzili dəyişmişdir, cavabdeh bu günə kimi mənzili tikib təhvil verməmişdir, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili 28 iyul 2016-cı il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır;

11. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı, faktiki olaraq onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən mənzilini boşaldaraq "xxxx" MMC-nə təhvil verməyi, "xxxx" MMC isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada İddiaçı mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməkə, 90,25 kv.m təmirli mənzili Əsədova onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, eyni zamanda İddiaçı yeni binanın tikinti başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Cəmiyyət yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür.

12. İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 №-li mənzil 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir.

13. İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 25 avqust 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 56,5 kv.m olan, 254 №-li mənzil 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m üçün 1000 AZN təyin edilir. Cəmi 56,5 kv.m sahəsi üçün 56500 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, yəni 16760 AZN məbləğində ödənilmişdir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir.

14. İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan, 67 №-li mənzil 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Müqavilə üzrə məzilin dəyəri bir kv.m üçün 850 AZN təyin edilir. Cəmi 55,6 kv.m sahəsi üçün 47260 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 35% miqdarında, yəni 16760 AZN məbləğində ödənilmişdir. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir.

15. 18.03.2020-ci il tarixli 10 saylı kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən ona məxsus oan ünvan 4 ünvanında yerləşən mənzili kirayəçi Davudov Kənana kirayəyə vermişdir. Kirayə verilmiş mənzilin aylıq kirayə haqqı 550 manat məbləğində razılaşdırılmışdır.

16. AZ-İ seriyalı, 416904 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 mart 2022-ci il tarixdə 90 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Əsədova soyadı verilmişdir;

17. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının İ müavini tərəfindən İddiaçı elektron poçt ünvanına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı qıının ünvan 5 ünvanda “İnşaat Konstruksiyaları" MMC tikinti şirkəti tərəfindən aparılan tikinti işlərinin nə zaman başa çatacağı barədə Yasamal rayon İcra Hakimiyyətinə daxil olmuş elektron müraciətinə baxılmışdır. Bildirilir ki, A.M.Şərifzadə küçəsi 33 ünvanda hal-hazırda binanın 1, 2 və 4-cü girişlərində dəmir-beton işləri başa çatıb, 3-cü girişdə 18-ci mərtəbədə davam etdirilir. Ardıcıl olaraq hörgü və digər işlər aparılır, “İnşaat Konstruksiyaları" MMC-nin rəhbərliyinin verdiyi məlumata əsasən şirkətlə aralarında bağlanmış müqavilə şərtlərindəki ölçülərə uyğun olaraq, sakinlərə mənzilin verilməsi təmin ediləcəkdir. Tikintinin geçikməsi ilə bağlı vətəndaşların müraciətlərini nəzərə alaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 31 may 2020-ci il tarixdə sakinlərin nümayəndələri ilə şirkətin rəhbərliyinin görüşü təşkil edilmişdir. Həmin görüşdə vəziyyət araşdırılmış, ilin sonuna qədər tikinti işlərinin əsasən tamamlanmasına və təmir işlərinə başlanması barədə ümumi razılıq əldə edilmişdir. Lakin tikintidə geriləmə davam etməkdədir. Yaranmış vəziyyətlə bağlı tikinti şirkətinin rəhbərliyi ilə əlaqə saxlanılmış, xx.xx.2021-ci il tarixdə İcra Hakimiyyətinə dəvət olunmuş, işlərin sürətləndirilməsi və tezliklə başa çatdırılmasının vacibliyi bir daha onların diqqətinə çatdırılmış, məsələnin həlli İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülmüşdür. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İcra Hakimiyyətində payçıların nümayəndələri ilə şirkət rəhbərinin görüşü təşkil edilmişdir. Eyni zamanda bildirilir ki, müqavilə üzrə MMC üzrərinə götürdüyü vəzifəni yerinə yetirmədiyi təqdirdə tərəflərindən öhdəliyin icra edilməsi tələbi barədə iddialarlar məhkəməyə müraciət edilə bilər.

18. Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 15.04.022-ci il tarixli 680-Ş-22 saylı məktubun surətindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilməsi nəzərdə tutulmuş yüksək mərtəbəli yaşayış binasının 4-cü blok 16-cı mərtəbəsindən ümumi sahəsi 56.5.25 kv.m olan bir otaqdan ibarət mənzilin əvvəlki mənzilin əvəzində pay kimi verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli müqavilə bağlamış, lakin sonradan binanın inşasının başa çatdırılmaması və həmin yaşayış binasından pay kimi ona verilən mənzilin tikilib təhvil verilməməsi barədə Yasamal rayon prokurorluğuna daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası MPMnin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hiiquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə da maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 50.2-ci və 306.3-cü maddələrinin tələblərinə görə prokurorun mülki mühakimə icraatında iştirakı yalnız təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənadeyinin müdafiəsi üçün iddia qaldırdığı, xüsusi icraat qaydasında ərizə verdiyi hallarda mümkündür. Ona izah edilir ki, müraciətində göstərdiyi xüsusatlar mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən mülki qaydada, həmin Məcəllənin 35-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları vardır.

19. İddiaçı birinci instansiya məhkəməsində maddi və mənəvi ziyan qismində ümumilikdə 70000 manat təzminat tələb etsə də, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi yazılı ərizə təqdim edərək, həmin məbləğin açılqlamasını vermiş və cavabdehdən 27873 manat mənəvi zərər tələb etdiyini bildirmişdir. Tətbiq edilən maddi hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı Bənd 9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Bənd 8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bənd 10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

23. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Tətbiq edilən prosessual hüquq normaları:

24. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

26. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4008/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2517/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi qismən – mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərildiyindən, iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin mənəvi zərərin təmin olunmaması hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, mənəvi zərər tələbi qismən təmin edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

30. Apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin 2(102)-4008/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının 70-ci bəndində qeyd edilmişdir ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə cavabdeh 2016-cı ildə iddiaçı ilə bağladığı müqavilə əsasında onun uzun illər yaşadığı binada yerləşən və mülkiyyətində olan mənzili sökərək, 16 ay müddətində həmin binanın yerində inşa ediləcək yeni binada onu mənzillə təmin etməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğdə kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı sökülən mənzildən əlavə yeni tikilən binada ayrıca mənzilə dair də cavabdehlə müqavilə bağlamış və ona pul ödəmişdir. Cavabdeh bir müddət kirayə pulunu ödəsə də, sonradan həmin vəsaiti ödəməkdən əsassız imtina etmiş və mənzilləri təhvil verməklə bağlı müqavilə öhdəliklərini hal-hazıradək yerinə yetirməmişdir. Qərarın 71-ci bəndində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi mənəvi ziyan tələbinin təmin olunmamasını belə əsaslandırmışdır ki, iddiaçı dəqiq hansı məhrumiyyətlərlə üzləşdiyini, mənəvi təzminatın məbləğini hansı qaydada hesabladığını əsaslandıra bilməmişdir. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş sadalanan halları əsasında iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara, mənfi psixoloji reaksiyaya məruz qaldığı aşkardır. Mövcud vəziyyətdə birinci və apellyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi (tələbini əsaslandıra bilmədiyi) əsası ilə həmin tələbin təmin olunmaması yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil (bənd 72).

31. Kollegiya həmin göstərişləri nəzərə alaraq mənəvi zərərlə bağlı aşağıdakıları qeyd edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) .

32. Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, cavabdeh 2016-cı ildə iddiaçı ilə bağladığı müqavilə əsasında onun uzun illər yaşadığı binada yerləşən və mülkiyyətində olan mənzili sökərək, 16 ay müddətində həmin binanın yerində inşa ediləcək yeni binada onu mənzillə təmin etməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğdə kompensasiya ödəməyi öhdəsinə götürsə də, eyni zamanda iddiaçı sökülən mənzildən əlavə yeni tikilən binada ayrıca mənzilə dair də cavabdehlə müqavilə bağlayaraq və ona pul ödəsə belə, cavabdehin bir müddət kirayə pulunu ödəməsi, sonradan həmin vəsaiti ödəməkdən əsassız imtina etməsi və mənzilləri təhvil verməklə bağlı müqavilə öhdəliklərini halhazıradək yerinə yetirməməsi nəticəsində yaranmış çətinliklər və sıxıntılar səbəbindən, iddiaçının ümidsizliyə qapılması, mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Bu baxımdan, habelə işin diqqətəlayiq digər hallarını nəzərə alaraq Kollegiya hesab edir ki, hazırkı halda pozuntunun müəyyən olunması mənəvi zərəri tam əvəz etmir, ona görə də mənəvi zərərə görə müəyyən məbləğdə əvəzin ödənilməsi təmin olunmalıdır.

33. İddiaçı birinci instansiya məhkəməsində maddi və mənəvi ziyan qismində ümumilikdə 70000 manat təzminat tələb etsə də, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi yazılı ərizə təqdim edərək, həmin məbləğin açılqlamasını vermiş və cavabdehdən 27873 manat mənəvi zərər tələb etdiyini bildirmişdir.

34. Kollegiya hesab edir ki, hazırkı işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq - 4500 (dörd min beş yüz) manat pulun tutulması ədalətli və ağlabatandır.

35. Beləliklə, iddia tələbi mənəvi zərər hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 4500 manat tutulmalı, mənəvi zərərə dair qalan hissədə iddia tələbi təmin edilməməlidir. Nəticə:

36. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, mənəvi zərərin əvəzi kimi 4500 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, mənəvi zərərə dair qalan hissədə iddia tələbi təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

38. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 159,71 (bir yüz əlli doqquz manat yetmiş bir qəpik) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-2726/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx" MMC-dən 4500 (dörd min beş yüz) manat pul vəsaiti alınaraq iddiaçı İddiaçı verilsin, mənəvi zərərə dair qalan hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 159,71 (bir yüz əlli doqquz manat yetmiş bir qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar