Məhkəmə qərarları › İş №2(103)-10057/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10057/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10057/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2205/2019 saylı, 24.05.2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçılar iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 335000 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar, tanışı olan cavabdehə birlikdə iş görmək, yəni “Super Market № 1” adı altında marketlər şəbəkəsi açmaq və birgə qazanc əldə etmək üçün 335000 ABŞ dolları məbləğində borca pul vermişlər. Həmin məbləğin 40000 ABŞ dolları İddiaçı2, 295000 ABŞ dolları isə İddiaçı1 məxsus olmuşdur. Cavabdeh bu təklifi edərkən iddiaçıların sadəcə maddi vəsait verməklə dəstək olmayacağını, qalan bütün işləri özünün görəcəyini, lakin əldə olunacaq gəlirin bir hissəsinin iddiaçılara çatacağına söz vermişdir. Hətta aparıb mağazaların olduğu yerlərlə iddiaçıları tanış etmiş və 2 müxtəlif ünvanda yerləşən böyük marketin iddiaçıların verdiyi vəsaitlə işləyəcəyini bildirmişdir. İddiaçılar həmin məbləği cavabdehə verərkən hər hansı yazılı qəbz və ya müqavilə bağlamamışlar. Çünki aralarında olan tanışlıq və dostluq münasibətlərini nəzərə alıb bu rəsmiyyəti özlərinə rəva bilməmişlər. Lakin cavabdeh pulu iddiaçılardan almasına baxmayaraq vədinə əməl etməmiş, pulun müqabilində heç bir iş görməmiş və təbii ki, verdikləri pulun qarşılığında onlar heç bir gəlir əldə etməmişlər. Dəfələrlə Cavabdeh borclarını qaytarmasını tələb etmələrinə baxmayaraq o, borcunu etiraf etsə də, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2205/2019 saylı, 24.05.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “borca verilmiş pulun qaytarılması barədə” iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Əşir Səmədov).

4. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Cavabdeh 295000 ABŞ dolları məbləğində pulun və iddianın verilməsi üçün 30 manat dövət rüsumunun tutularaq iddiaçıya verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar, tanışı olan cavabdehə birlikdə iş görmək, yəni "Super Market № 1” adı altında marketlər şəbəkəsi açmaq və birgə qazanc əldə etmək üçün 335000 ABŞ dolları məbləğində borca pul vermişlər. Həmin məbləğin 40000 ABŞ dolları İddiaçı2, 295000 ABŞ dolları isə İddiaçı1 məxsus olmuşdur. Cavabdeh bu təklifi edərkən iddiaçıların sadəcə maddi vəsait verməklə dəstək olmayacağını, qalan bütün işləri özünün görəcəyini, lakin əldə olunacaq gəlirin bir hissəsinin iddiaçılara çatacağına söz vermişdir. Hətta aparıb mağazaların olduğu yerlərlə iddiaçıları tanış etmiş və 2 müxtəlif ünvanda yerləşən böyük marketin iddiaçıların verdiyi vəsaitlə işləyəcəyini bildirmişdir. İddiaçılar həmin məbləği cavabdehə verərkən hər hansı yazılı qəbz və ya müqavilə bağlamamışlar. Çünki aralarında olan tanışlıq və dostluq münasibətlərini nəzərə alıb bu rəsmiyyəti özlərinə rəva bilməmişlər. Lakin cavabdeh pulu iddiaçılardan almasına baxmayaraq, vədinə əməl etməmiş, pulun müqabilində heç bir iş görməmiş və təbii ki, verdikləri pulun qarşılığında onlar heç bir gəlir əldə etməmişlər. Hazırda isə iddiaçılar dəfələrlə cavabdehdən borclarını qaytarmasını tələb etmələrinə baxmayaraq, o, borcunu etiraf etsə də, lakin müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Apellyasiya şikayətində Mülki Məcəlləsinin 739.1, 739.2; Mülki Prosesual Məcəlləsinin 385.1, 427.3, 449.1, 14.1, 77.1, 88, 384.0.3-cü maddələrinə istinad etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-16043/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsinin İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Məmməd Məmmədov).

7. Həmin qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-4177/2020 saylı, 27.07.20-ci il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 16043/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən: Əhməd Nurməmmədov).

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-570/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Fuad Talışınski).

9. Həmin qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. 10.Ali Məhkəmənin 2(102)-4197/21 saylı, 14.07.2021-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-570/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən: İlqar Xələfov). Tərəflərin izahatları:

11. Kollegiya iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və cavabdeh dən 240000 ABŞ dolları məbləğində pulun tutulub ona ödənilməsini xahiş etdi. 13.Kollegiya iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili F.Qurbanov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Hüquqi dəyərləndirmə: 16.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 18.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. 19.Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. 20.İş materiallarından görünür ki, hazırkı işə birinci dəfə kassasiya qaydasında baxan Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən məhkəmənin tərəflərin qarşılıqlı münasibəti üzrə uyğun maddi hüquq normasını tətbiq etməklə məsələyə hüquqi qiymət verməməsini, işdə olan sübutların tam və hərtərəfli araşdırılmasını təmin etməməsini, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət verməməsini əsas göstərmiş və işə yenidən baxan məhkəməyə həmin nöqsanları aradan qaldırmaq, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq barədə göstəriş vermişdir.» 21.Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 22.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 25.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 26.İşə yenidən apellyasiya icraatı qaydasında baxılarkən Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma zamanı məhkəmə kollegiyasının bir neçə dəfə keçirilən iclası zamanı tərəflərin izahatları hərtərəfli dinlənilmişdir. İddiaçı1 izahatında cavabdehin bibisi oğlunun qonşusu olduğunu, onunla gediş-gəlişinin oludğunu bildirmiş, cavabdehlə yaxın dost münasibətində olsa da, marketlər şəbəkəsi işlətməsi üçün cavabdehlə şərik olmamışdır. İddiaçı həmçinin bildirmişdir ki, cavabdeh borcun verilməsi müqabilində qazancının 5%-ni İddiaçı1 verəcəyini şifahi şəkildə vəd etmişdir. Daha sonra, marketlər şəbəkəsi bağlandığından iddiaçı cavabdehdən borc verdiyi pulu istəmiş, cavabdeh isə borcunun olmasını təsdiq etmiş, lakin borcun qaytarılması üçün ondan 1 il vaxt istəmişdir. Cavabdeh 1 il keçməsinə baxmayaraq pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh borcun əvəzində iddiaçıya Türkan qəsəbəsində torpaq sahəsi təklif etsə də, iddiaçı qəbul etməmişdir. Cavabdehin maddi imkanları borcunun qaytarmasına imkan verməsinə baxmayaraq hazırki vaxta qədər borcundan hər hansı məbləğdə ödəniş etməmişdir. İddiaçı1 izahatında cavabdeh tərəfindən onun ad günündə hədiyyə edilən "Vertu" markalı mobil telefonun dəyəri olan 15000 ABŞ dollarını və market işləyən zaman kassadan müxtəlif vaxtlarda götürdüyü ümumilikdə 40000 ABŞ dolları məbləğində pulun, cəmi 55000 ABŞ dolları məbləğində pulun ümumi borcdan çıxılaraq ona cəmi 240000 ABŞ dolları ödənilməsinə razı olduğunu bildirdi. 27.Digər İddiaçı2 kollegiya iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh onun əmisi oğlunun dayısı oğludur. İddiaçı1 tərəfindən cavabdehə 295 000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Onlar dost olduqlarına görə aralarında notarial razılaşma deyil, inam olmuşdur. Cavabdeh İddiaçı1 pul müqabilində torpaq sahəsi təklif etmişdir. Həmçinin İddiaçı2 apellyasiya şikayəti verməsə də, cavabdehə borc verdiyi 40000 ABŞ dolları məbləğində pulu cavabdehə bağışlamadığını bildirmişdir. 28.İş materiallarında olan 23.10.2020-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin məktubundan görünür ki, 11.06.2020-ci il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqdirləndirilən şəxs qismində cəlb edilməklə digər dövlətin ərazisində tutulub beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya olunması üçün axtarış elan edilmişdir. Eyni zamanda, Cavabdeh barəsində həbs qətimkan tədbiri seçilmişdir. 29.Cinayət Prosessual Məcəllənin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. 30.Kollegiya qeyd edilən hallara və hüquq normalarına əsasən vurğulayır ki, cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən cinayət işinin başlanması ilə bağlı qərar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından həmin şəxsin dələduzluq cinayətini törətməsini deməyə əsas verməsə də, hazırki iddianın predmeti olan məbləğin cavabdeh tərəfindən alınması və iddiaçıya qaytarılmaması faktını təsdiq edir. 31.Kollegiya iclasında cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim olunan videogörüntülərlə bağlı kollegiya qeyd edir ki, həmin videogörüntülərdə İddiaçı1 “№1 supermarket”lər şəbəkəsini işlətdiyini bildirsə də, kollegiya iclasındakı izahatında tanınmış şəxs olduğuna görə marketin fəaliyyətinə kömək göstərmək məqsədilə belə bir müsahibə verdiyini bildirmişdir. 32.Məhkəmə kollegiyası işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına və Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edir ki, İddiaçı1 cavabdehə borc verməsi iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən hazırki vaxta qədər ümumi borc məbləğinin hər hansı hissəsinin ödənilməməsi və iddiaçı tərəfindən 55000 ABŞ dollarının ümumi borc məbləğindən çıxılmasına dair izahatı nəzərə alınaraq, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya 240000 ABŞ dolları məbləğində pul ödənilməlidir. 33.Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 34.Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 35.Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 36.Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: 37.Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2205/2019 saylı, 24.05.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. 38.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2205/2019 saylı, 24.05.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 240.000 (iki yüz qırx min) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı1 ödənilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar