Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10061/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Müseyibova Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Müseyibova Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə, X3 və X6 qarşı "yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma " tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)- 552/2019 saylı qətnaməsindən cavabdeh Müseyibova Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh Müseyibova Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı "yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Müseyibova Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakm Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, 09 iyun 2012-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin 39.1 kv.m-dən yaşayış, 8.2 kv.mdən ibarət köməkçi sahələrindən ibarət tikili onun mülkiyyətindədir. Cavabdeh Müseyibova Cavabdeh oğlu ilə rəsmi nikahlarına 2018-ci ü tarixdə xitam verilmişdir. Cavabdeh Müseyibova Cavabdeh mübahisə edilən fərdi yaşayış evinə hər hansı forma hüquqi bağlılığı olmamış, mənzil üzərində istifadə hüququ yaranmamışdır. Belə hal son nəticədə mübahisə edilən mənzil üzrə onun fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
3. Daha sonra iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Müseyibova Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin naturada qaydasında ayrılmış ½ hissəsinin 3 otaqdan ibarət, yaşayış sahəsi 39,1 kv.m, köməkçi sahəsi 8.2 kv.m olan sahələrinə dair istifadə hüququnun olmaması və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)- 552/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Müseyibova Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmayan hesab edilməklə, həmin evdən çıxarılması, bu halın cavabdehin qeydiyyatdan çıxarılmasına əsas olması, dövlət rüsumu olaraq ödənilmiş 10 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Vahid Sadıqov) 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Müseyibova Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 yanvar 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh Müseyibova Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9957/2019 nömrəli iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4872020 saylı, 23.01.2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9957/2019 nömrəli iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-314/21 saylı, 04.03.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-552/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddianın rədd olunması, apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 100 (bir yüz) manatın iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləöv edilməsini xahiş etmişdir.
11. Ali Məhkəmənin 2(102)-3371/2021 saylı, 09.08.2021-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-314/2021 nömrəli iş üzrə 04 mart 2021ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətləri və dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəminin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv olunmalı, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. O, iddiaçı X1 İsmayıl Tofiq oğlu ilə 29 yanvar 1999-cu ildə ailə quraraq iddiaçının razılığı ilə onun mülkiyyətində olan Yasamal rayonu Qədirli küçəsi 1/5 saylı fərdi yaşayış evinə gəlin köçərək cehizlərini də gətirmiş, iddiaçının razılığı ilə həmin evə qeydiyyata düşmüşdür. Həmin evdə 2001-ci ildə qızı Şahnaz, 2007-ci ildə oğlu Murad anadan olmuş onları da iddiaçının razılığı ilə qeydiyyaa salmışlar və hal hazıradək uşaqları ilə orada yaşayır. Bu fakt Yasamal rayou Qədirli küçəsi 1/5 saylı evdə qeydiyyatda olan qonşular, iddiaçının qohumları X21, X19, X12 notariatda verdikləri aktla da təsdiq olunur. İşə baxan zaman ona heç bir məhkəmə bildiriş, iddia ərizəsinin surəti göndərilməmişdir. O belə bir qətnamənin olmasını 24 may 2019-cu ildə məhkəmə icraçısı tərəfindən zəng edilərkən bilmişdir. Qətnamə tamamilə qanunsuz, əsassız, heç bir qanuna istinad etmədən qəbul edilmişdir. Nikahları bağlandıqdan sonra həyat yoldaşının anası İddiaçı Niftalı qızı ilə bir ailə üzvü kimi yaşamış, 19 il birgə təsərrüfat aparmışlar. Həmin evdə yaşayan digər mülkiyyətçilər ilə payları dəqiq müəyyən edilsə də, eyni ünvanda müxtəlif giriş-çıxış qapıları olmaqla ayrı yaşamışlar, kommunal xidmətlərin haqqı onun vəsaiti hesabına ödənilmişdir. Məhkəmə qətnaməsində qeyd edilən yaşayış evinin 39.1 kv.m hissəsində qaynanası Müseybova Züleyxa yaşamış, digər 32 kv.m sahədə isə o oilə üzvləri ilə birgə yaşamışlar. Yaşadığı evin həmin hissəsi 2000-ci ildə onun vəsaiti hesabına tikilmişdir. Həmin evin tikintisinə tərəfindən 1500 manat pul xərclənmiş, həmin mənzilin qapı pəncərəsi anası tərəfindən Yevlaxdan göndərilmişdir. Yaşadığı evin həmin hissəsi özbaşına tikili olmaqla heç bir hüquqmüəyyənedici sənədi mövcud olmamışdır. Ev özbaşına tikili olsa da, həmin özbaşına tikildə uzun müddət yaşadığından, həmin evdən istifadə hüququ yaranmışdır. Belə olan vəziyyətdə mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmasa da mübahisəyə analogiya üzrə baxılıb onun pozulmuş hüquqlarını bərpa edilməlidir. X4 yekinlik yaşına çatmasına baxmayaraq məhkəməyə dəvət edilməmiş və işə cəlb edilməmişdir. Tərəflərin izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X.Müseyibova və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
15. Kollegiya iclasının vaxtı və yeri barədə 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxslər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
17. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
18. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 paylı mülkiyyətdədir.
19. Üçüncü şəxslər qismində işə cəlb edilmiş paylı mülkiyyətçilər X8 və X9 tərəfindən verilib iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, sonuncular cavabdehlərin mənzilə olan istifadə hüququnun itirilib evdən çıxarılmasına etiraz etmirlər.
20. İş materiallarına əlavə edilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 15.09.2018-ci il tarixli, 53 saylı arayışdan görünür ki, Müseyibova Cavabdeh 24 may 2003cü il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Hüquqi dəyərləndirmə:
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
23. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
24. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, kollegiya həmin göstərişlərlə razılaşaraq, onları nəzərə alır.
25. İş materiallarından, apellyasiya şikayətinin dəlillərindən və tərəflərin izahatlarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir. Həmin evin 1 otaqdan ibarət olan y/s 20,0 kvadrat metr ½ hissəsi 16.08.2007-ci il tarixdə X7, 2 otaq ½ hissədə X13, 2 otaq B tikilisi X2, ½ hissədə X5, ibarət 3 otaqdan ibarət y/s 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr ½ hissədən 09.05.2012-ci il tarixdə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdeh Müseyibova iddiaçının keçmiş gəlinidir və qeyd edilən fərdi yaşayış evində pasport qeydiyyatındadır. İddiaçı hazırki iddia tələbində cavabdehin yuxarıda qeyd edilən ünvanda yerləşən paylı mülkiyyətin ona məxsus olan ½ hissədən ibarət 3 otaq y/s 39,1 kvadrat metr, k/s 8,2 kvadrat metr hissədən istifadə hüquqlarının olmamış hesab edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, hüququ dövlət reyestrində qeydə alınmadığından sonuncunun istifadə hüququ yaranmamışdır.
26. Kollegiya birinci instansiyanın mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 018/39- 397 nömrəli, 19.05.2020-ci il tarixli arayışına əsasən, Müseyibova (Şirinzadə) Cavabdeh 06.04.1999-cu ildən 09.10.2019-cu il tarixinədək Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5-də qeydiyyatda olmuşdur. Belə ki, cavabdeh 06.04.1999-cu il tarixdən mübahisəli yaşayış sahəsində qeydiyyatdadır.
27. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Cavabdeh qüvvədə olan Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən (01 sentyabr 2000-ci il) daha əvvəl sözügedən evə köçdüyündən Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri hazırki mübahisənin həllində tətbiq edilə bilməz.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
29. Qeyd edilənlərə əsasən, kollegiya belə qənaətə gəlir ki, cavabdeh 1999-cu il tarixində mübahisəli evə köçdüyü üçün onun həmin evdən istifadə hüququnun yaranması üçün istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələb olunmur.
30. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan sahədə deyil, yalnız yardımçı sahələrdə yaşamasının mümkünlüyünə hüquqi qiymət verməmiş, iddiaçının vəkili mübahisələndirilən sahənin yerində müayinə edilməsinə dair yazılı vəsatət versə də, bu vəsatətə münasibət bildirməmiş (müvafiq məhkəmə iclas protokolunda buna dair qeyd yoxdur) və son nəticədə ziddiyyətli bir nəticəyə gəlmişdir.».
31. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman mübahisəli yaşayış sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və mübahisələndirilən yardımçı sahədə yaşamanın mümkün olduğu müəyyən edilmişdir.
32. Kassasiya instansiyası məhkəməsi öz qərarında həmçinin qeyd etmişdir ki, «…apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, məhkəmə iddianı 2 əsasa görə rədd etmişdir: 1. birinci instansiya məhkəməsi tərəfindən tələbdən kənara çıxılmış, daşınmaz əmlakın bütün mülkiyyətçilərinin iddiaya münasibəti araşdırılmamış; 2. iş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertizası rəyi ilə mübahisələndirilən ərazidə özbaşına tikililərin mövcud olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin əsaslardan heç biri hazırki vəziyyətdə iddianın rədd olunması üçün əsas ola bilməz... Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində iddiaçının dəqiqləşdirilmiş tələbinə və cavabdehə qarşı iddianın təmin edilməsi üçün fərdi yaşayış evinin digər paylı mülkiyyətçilərinin razılıqlarının tələb olub-olmaması məsələsinə hüquqi qiymət verməmişdir.»
33. Kollegiya birinci əsasla bağlı qeyd edir ki, iddiaçı ilk tələbində cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, sonradan iddia tələbini dəqiqləşdirmiş və mübahisələndirilən daşınmaz əmlak qismində iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin naturada ayrılmış 1/2 hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 8,2 kv.m. olan sahələrini göstərmişdir.
34. Məhkəmə kollegiyası Ali Məhkəmənin digər paylı mülkiyyətçilərinin razılıqlarının tələb olub-olmamasının aydınlaşdırılmasına dair göstərişinə münasibətdə bildirir ki, iş materiallarının tədqiqi, tərəflərin izahatları, apellyasiya şikayətinin dəlilləri və keçirilmiş yerli baxışın nəticələrinə əsasən digər paylı mülkiyyətçilərin payı olan hissə hazırda mübahisə predmeti deyildir. Digər paylı mülkiyyətçilərin payı olan hissə hazırki iddianın predmetini təşkil etmədiyindən kollegiya həmin paylı mülkiyyətçilərin razılığının olub-olmamasının müəyyən edilməsinə zərurət görmür. Başqa sözlə, hazırda cavabdehin istifadə hüququna xitam verilməsi tələb olunan hissə iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur.
35. Sadalanan xüsusatlara əsasən Kollegiya hesab edir ki, iddiaçının mənzildən istifadə hüququna xitam verilməsinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
39. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
40. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
41. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Müseyibova Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)- 552/2019 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev