Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1007/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh (ləğv prosesində olan) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin üzərinə sənədlərin təqdim olunması vəzifəsinin qoyulması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin adından onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh Banka qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bankın üzərinə aşağıdakı sənədlərin təqdim olunması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - onunla cavabdeh Bankın “Nərimanov” filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Bank əmanəti müqaviləsinin” xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlər; - onun 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248.490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100.450 manat və 148.040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çeki və ya məxaric orderi; - yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə X3 Komissiyasının (MEK) (Ekspert Komissiyasının (EK)) sədri və üzvləri tərəfindən imzalanmış, Bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktlar, həmin sənədlərin məhv edilməsinə dair dövlət arxiv xidməti təşkilatının icazə sənədi və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktları.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Bankın “Nərimanov” filialı arasında bağlanmış “Bank əmanəti müqaviləsinə” əsasən, iddiaçı, xx.xx.2010-cu il tarixdə 248.490,93 manat məbləğində pulu filiala bank əmanəti (depozit) olaraq qoymuşdur. “Bank əmanəti müqaviləsinin” müddətinin bitməsindən sonra əmanətin məbləğinin qaytarılması tələb edilmədiyinə görə müqavilənin müddəti uzadılmışdır. Tərəflər arasında sıx əməkdaşlıq münasibətləri olduğuna, həmçinin aralarında bağlanmış “Bank əmanəti müqaviləsindən” irəli gələn hər hansı bir mübahisə olmadığına görə, iddiaçı əmanətini və əmanət üzrə faizləri cavabdehdən tələb etməyi zəruri hesab etməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə Bankın lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı əmanətin, faizləri ilə birgə ona qaytarılması ilə bağlı Banka müraciət etmiş, Fondun xx.xx.2018-ci il tarixli məktubu ilə pulun qaytarılmasından imtina olunmuşdur. Cavab məktubunda bildirilmişdir ki, iddiaçının Bankın “Nərimanov” filialındakı 33059182- 3801-AZN-22 saylı hesabına xx.xx.2010-cu il tarixində 248.490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100.450 manat və 148.040,93 manat məbləğində vəsait məxaric edilmişdir. Cavab məktubunda əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimata” əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir. İddiaçı tərəfindən pulun Bankın hesabına qoyulması işin mübahisəsiz halıdır və həmin fakt Fondun cavab məktubunda etiraf edilir. Hazırki işdə mübahisəli hal əmanətin iddiaçı tərəfindən məxaric edilib-edilməməsi halıdır. Həmin pulun iddiaçı tərəfindən məxaric edilməsini isə sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Əvvəla ona görə ki, pulun məxaric edilməsini cavabdeh iddia edir və buna görə də həmin halı cavabdeh sübut etməlidir. Digər tərəfdən pulun məxaric edilməsi və digər bu kimi əməliyyatlar bank əməliyyat sisteminə aid əməliyyatlardır və bunlar mühasibat sənədlərində əks olunmaqla, müvafiq sənəd, çek və qəbzlərlə təsdiq edilməlidir. Cavabdeh 2010-cu ilə aid məxaric orderinin 2015-ci ildə məhv edildiyini bildirir və bununla da tələb olunan pulun guya iddiaçı tərəfindən məxaric edilməsini sübut etmə vəzifəsindən yayınmağa çalışır. Əgər məxaric orderi məhv edilmişdirsə cavabdeh hansı sənəd və ya digər materiala istinad edərək müəyyən edir ki, əmanət məbləği iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixində 100.450 manat və 148.040,93 manat məbləğində olmaqla məxaric edilmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixində cavabdehin hesabına böyük miqdarda pul vəsaiti mədaxil etməsi və cəmi bir gün sonra vəsaitin iddiaçı tərəfindən məxaric edilməsi inandırıcı deyil. Əgər sənədlər məhv edilmişdirsə bu barədə müvafiq sübutedici sənədlər cavabdeh tərəfindən təqdim olunmalıdır. Belə ki,Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatın” 7.1 və 7.3-cü bəndlərinə görə, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Göründüyü kimi sənədlər məhv edilsəydi bu barədə müvafiq akt mütləq qaydada cavabdehdə mövcud olmalıdır. Digər tərəfdən həmin “Təlimata” 1 nömrəli Əlavənin 243, 247 və 249-cu sıra saylarında, sənədlərin məhv edilmək üçün ayrılması barədə təsdiq edilmiş aktların saxlanma müddəti 10 il, işlərin dövlət arxivinə təhvil-təslim aktlarının və bank sisteminin fəaliyyəti nəticəsində yaranan və saxlanılma müddətləri göstərilən sənədlərin siyahılarının saxlanma müddətləri isə daimi olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, ya sənədlərin özləri, ya da sənədlərin məhv edilməsini təsdiq edən sənədlərin ona təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdeh Bankın adından onun ləğvedicisi olan Fondun iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tələb olunan sənədlər 5 illik saxlanma müddəti keçdiyi üçün 2015-ci ildə məhv edilmişdir. Bu hal xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılmasına” dair Bankın iclasının gündəliyindən çıxarışla tam təsdiq edilir. Əgər cavabdehin müraciətinə Fondun cavabı onu qane etməmişdirsə, iddiaçı həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərdi. İddiaçı bu prosedur qaydaya riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafıq məhkəməyə müraciət etmişdir. İddia təmin edilmiş olsa belə, cavabdehdən asılı olmayan səbəblərdən qətnamənin icrasının təmin edilməsi mümkün olmayacaqdır. Ona görə də iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli qətnamə (iş № 2(005)-335/2023) ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının banka əmanət qoyması faktı mülki iş materialları ilə sübuta yetirildiyindən, həmçinin cavabdeh tərəfindən bu hal etiraf edildiyindən iddiaçı əmanətin banka qoyulması barədə sənədləri, həmin sənədlər məhv edildikdə isə onların məhv edilməsinə dair sənədləri tələb etməkdə haqlıdır. Rayon Məhkəməsi həmçinin Fondun etirazına münasibətdə qeyd etmişdir ki, iddiaçı, bank hesabına yatırılmış pul vəsaitinin qaytarılması barədə Fonda müraciət etmiş, Fond müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh Bankın adından onun ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyə görə Rayon Məhkəməsi tərəfindən imtina edilməli idi. İddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Bundan başqa, iddiaçı irəli sürülən tələblə bağlı məhkəmədən kənar qaydada cavabdehə müraciət etmək hüququna malik olmuşdur. Sənədlərin təqdim edilməsinin mümkün olmaması barədə Fondun cavab məktubu iddiaçını qane etmədiyi halda, iddiaçı həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərdi. Lakin, iddiaçı bu prosedur qaydaya riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafiq məhkəməyə müraciət etmiş və məhkəmə də öz növbəsində qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozmaqla düzgün tətbiq etməyərək irəli sürülən iddia tələbini əsassız olaraq təmin etmişdir. e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
8. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-4168/2023) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat
9. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (iş № 2(102)-4215/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının bank əmanəti müqaviləsini və ya bank kitabçasını təqdim etməməsi əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsaslı deyil. Ən azı iddiaçının Banka pul yerləşdirməsi (pulun bank əmanəti müqaviləsi ilə depozitə və ya cari hesaba yerləşdirlməsindən asılı olmayaraq) işin mübahisəsiz halı kimi müəyyən edilmişdisə, apellyasiya instansiyası məhkəməsi də bu baxımından iddia tələbinə qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi sübut etmə vəzifəsini yalnız iddiaçının üzərinə qoymaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini də hazırki işin halları baxımından cavabdeh daşımışdır. g) apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. Fondun nümayəndəsi Nümayəndə apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
12. İddiaçı apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iddia tələbi 3 hissədən ibarət olmaqla aşağıdakılar barədədir: - iddiaçı ilə Bankın Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; - iddiaçının 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; - yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktların, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının iddiaçıya verilməsi vəzifəsinin Bankın üzərinə qoyulması.
15. İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, onunla Bankın Nərimanov filialı arasında bank əmanəti müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə əsasında xx.xx.2010-cu il tarixdə 248.490,93 manat məbləğində pulu Bankın Nərimanov filialına bank əmanəti (depozit) kimi qoymuşdur. Bank əmanəti müqaviləsi üzrə verdiyi pulun faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə Banka müraciət etsə də, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda pulun qaytarılmasından imtina olunmuş və imtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçının Bankın Nərimanov filialındakı 33059182-3801-AZN-22 saylı hesabına xx.xx.2010-cu il tarixində 248.490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100.450,00 manat və 148.040,93 manat məbləğində vəsait məxaric edilmişdir. “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir.
16. Fond tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bankın Nərimanov filialındakı 33059182-3801-AZN-22 saylı hesabına xx.xx.2010-cu il tarixində 248.490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100.450,00 manat və 148.040,93 manat məbləğində vəsait məxaric edilmişdir. “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir.
17. İddiaçı sübut kimi Fondun qeyd edilən cavab məktubunu və hesabdan çıxarış arayışını təqdim etmişdir.
18. Həmin sübutlara əsasən iddiaçının Banka 248.490,93 manat məbləğində vəsait mədaxil etməsi işin mübahisələndirilməyən halı kimi müəyyən edilir.
19. Fond iddiaya etirazının əsası kimi iddiaçının tələb etdiyi sənədlərin “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında“ Təlimatın 78-ci maddəsinə əsasən 2015-ci ildə məhv edildiyi üçün təqdim edilməsinin mümkün olmamasına istinad etmişdir.
20. İddiaçının adına olan 33059182-3801-AZN-22 saylı hesab üzrə xx.xx.2010xx.xx.2010-cu il tarixləri əhatə edən əməliyyatlar səhifəsindən görünür ki, xx.xx.2010-cu il tarixdə 248.490,93 manat məbləğində “kredit”, xx.xx.2010-cu il tarixində 100.450,00 manat və 148040,93 manat məbləğində “debet” əməliyyatları qeyd edilmişdir.
21. “Saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” xx.xx.2015-ci il tarixli aktdan görünür ki, digər sənədlərlə yanaşı 2009-cu il üzrə 18 ədəd emissiya və kassa əməliyyatları üzrə günün sənədləri ( tapşırıqlar, siyahılar, balans və məxaric orderləri, məxaric kassası kassilərinin təhtəl hesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayışlar) 5 il müddətinə saxlanıldığından məhv edilməsi üçün seçilib ayrılmışdır.
22. “Elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılmasına” dair Cavabdeh ASC-nin iclasın xx.xx.2015-ci il tarixli gündəliyindən görünür ki, Bankın Nərimanov filialı üzrə 482 işin məhvi məsələsinə baxılmışdır.
23. “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə görə, bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir.
24. Belə olan halda, Banka pul yerləşdirməsi və həmin pulun hərəkəti barədə, eləcə də, iddiaçının tələb etdiyi sənədlər məhv edilmişdirsə, məhvetmə barədə məlumatları Bankdan tələb etməyə iddiaçının haqqı vardır.
25. Bank iddiaya etirazının əsası kimi iddiaçının tələb etdiyi sənədlərin məhv edilməsini bildirsə də, məhvetmə ilə bağlı müvafiq sənədləri verməkdən də imtina etmişdir.
26. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli, 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”-ın 7.1-ci bəndinə görə, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur.
27. Həmin Təlimatın 7.3-cü bəndinə görə, dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir.
28. Göründüyü kimi, qeyd edilən Təlimat saxlanma müddəti başa çatmış sənədlərin məhv edilməsinin prosedurunu dəqiq müəyyən etmişdir. Bu baxımdan, cavabdeh etirazının əsası kimi sənədlərin məhv edilməsinə istinad edirsə, bu halı qeyd edilən Təlimata uyğun olaraq rəsmiləşdirilən müvafiq sənədlərlə sübut etməli, iddiaçının tələbi ilə həmin sənədləri ona təqdim etməlidir.
29. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Məhkəmə hesab edir ki, iddiaçının Banka əmanət qoyması faktı mübahisəsiz hal olduğundan onun həmin əmanətin Banka qoyulması barədə sənədləri, həmin sənədlər məhv edildikdə isə onların məhv edilməsinə dair sənədləri tələb etmək hüququ vardır.
31. Cavabdehin ləğvedicisi olan Fondun iş üzrə icraata xitam verilməsi barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi üçün MPM-in 261-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən Fondun bu dəlili əsassızdır.
32. Məhkəmə həmçinin bildirir ki, qanunvericilikdə hazırki iddianın verilməsindən əvvəl iddiaçının Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməli olması ilə bağlı məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunmamışdır. Ona görə də cavabdehin xx.xx.2018-ci il tarixli cavab məktubunu aldıqdan sonra iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. h) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
37. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi tam təmin edildiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
38. Cavabdeh Bankın ləğvedicisi olan Fondun apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi əmlak xarakterli tələb olmadığından Fond, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə hazırki qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.