Məhkəmə qərarları › İş №2(103)-1007/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1007/2025

06.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1007/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2023 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 157/2023 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC cəlb edilməklə) “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 157/2023 saylı əlavə qətnaməsi ilə Əlavə qətnamə çıxarılması barədə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizəsinin təmin edilməsi, Cavabdeh2 və himayələrində olan azyaşlı uşaqlarla birlikdə əşyaları Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 ərizə ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 157/2023 saylı, xx.xx.2023-cü il tarixli əlavə qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi əsasında məhkəmə xx.xx.2023- cü il tarixdə əlavə qətnamə çıxarmış, Cavabdeh2 və himayələrində olan azyaşlı uşaqlarla birlikdə əşyalarının Bakı şəhəri, N.Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmişdir. Lakin 3 mülki işə baxılarkən ekspert rəyi ilə iddiaçının istifadəsində faktiki olaraq (onun 8,1 kv.m ölçüsü olan eyvanı nəzərə alınmadan) 77,9 kv.m sahənin, cavabdeh olaraq onların istifadəsində isə faktiki olaraq 68 kv.m sahənin olması müəyyən olunduğu halda 86 kv.m yaşayış sahəsinin harada olması aydın deyil. Bu səbəbdən qətnamənin izah edilməsinə zərurət vardır. Belə ki, İddiaçı hazırda mülkiyyətində olan mənzil əvvəllər hər birinin ümumi sahəsi 43 kv.m olan iki 10 və 11 saylı mənzil kimi 1997ci ildə Cavabdeh1 tərəfindən alqı-satqı yolu ilə alınmış, mənzillər birləşdirilib 1998-ci ilin fevral ayında 10/11 saylı bir mənzil kimi mülkiyyət hüququ qeydə alınmış, ona qeydiyyat vəsiqəsi verilmişdir. İki mənzilin birləşməsindən ibarət olan vahid mənzilin sahəsi 86 kv.m olmuşdur. O, mənzildə təmir-tikinti işi aparmış, otaqların divarları sökülmüş, daxili quruluşu dəyişdirilmişdir. xx.xx.2006- cı ildə Cavabdeh1 müraciəti əsasında qeydiyyat vəsiqəsi dəyişdirmiş mənzilə çıxarış verilmişdir. 2007-ci ildə Cavabdeh1 "xxxx" ASC-dən 100000 manat kredit götürmüş, mənzili girov qoymuşdur. Krediti ödəyə bilmədiyi üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə kredit məbləğ mənzilə yönəldilmişdir. xx.xx.2015-ci ildə "xxxx" ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmış, Bank mənzilə öz adına çıxarış almışdır. Çıxarışa görə mənzilin yeni statusu yaranmışdır, 86 kv.m ümumi sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Natiq Süleymanov küçəsi ev 3, mənzil 10/11. xx.xx.2016-cı ildə Cavabdeh1 86 kv.m ümumi sahəsi olan mənzili qətnamənin icrası olaraq icra məmurlarının iştirakı ilə Banka təhvil vermişdir. Bank tərəfindən heç bir şikayət və tələb olmamışdır. Cavabdeh1 isə özü həmin mənzilə bitişik olan binanın boş sahələrində inşa etdiyi özbaşına tikili sayılan 68 kv.m ümumi sahəsi olan yeni yaşayış sahəsinə köçmüşdür. Hansı ki, həmin sahəni o, özü inşa etmiş, külli miqdarda vəsait xərcləmişdir. "xxxx" ASC xx.xx.2021-ci ildə mənzili İddiaçı 86 kv.m ümumi sahəsi olan mənzil kimi 86.000 manata qiymətləndirilib bir qədər güzəşt tətbiq edərək 73000 manata satmışdır. İddiaçı hüquqları və onun hüququnun dairəsi həmin alqı-satqı müqaviləsindən başlayır, həmin müqavilədə Bank İddiaçı Cavabdeh1 yaşadığı 68 kv.m sahəni satmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə 86 kv.m ümumi sahəsi olan mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış almışdır. Onun mülkiyyət hüququnun qeydə alındığı sahə 86 kv.m ümumi sahə olmuşdur. Bundan əlavə onun heç bir sahəyə hüququ qeydə alınmamışdır. Ekspert rəyinə görə 68 kv.m sahə Cavabdeh1 istifadəsindədir, 77,9 kv.m sahə isə İddiaçı istifadəsindədir, lakin, ekspert 8,1 kv.m sahəsi olan açıq eyvanı nəzərə almır, həmin eyvanı da nəzərə alanda 86 kv.m ümumi sahə elə İddiaçı öz istifadəsindədir. Mənzilin texniki pasportu əvvəldən olmadığı üçün ekspert mənzilin sərhədlərini dəqiqi müəyyən edə bilmir, lakin, mütəxəssis heç bir mötəbər sənədə əsaslanmadan guya 22,9 kv.m sahənin Cavabdeh1 istifadəsində olması barədə uydurma mütəxəssis rəyi yazmışdır. Məhkəmələr isə qətnamələrində qeyd edirlər ki, "xxxx" ASC-nin pul tələbi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsində Cavabdeh1 Bakı şəhəri Natiq Süleymanov küçəsi ev -də yerləşən ümumi sahəsi 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 10 və 11 nömrəli mənzilə yönəlmişdir. Onun həmin yaşayış sahəsindən çıxarılması qət olunub. Məhkəmələrin bu qənaəti başa düşülən deyil, Cavabdeh1 hansı sahələrdən çıxarılmasının İddiaçı aidiyyəti nədən ibarətdir, İddiaçı mülkiyyət hüququ Cavabdeh1 tikililəri üzərində qeydə alınmayıb, İddiaçı hüququ 86 kv.m ümumi sahəsi olan mənzilə qeydə alınıb, heç bir hüquq normasında yazılmayıb ki, pul tələbinə dair iddianı təmin edən məhkəmə qətnaməsi mülkiyyət hüququ yaradan sənəddir. İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 86 kv.m ümumi sahəsi olan mənzilə münasibətdə yaranıb və həmin ölçüdə də mülkiyyət hüququ qeydə alınıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən də görünür ki, mülkiyyətçi özgə şəxsdən yalnız öz mülkiyyətində olan əmlakı tələb edə bilər. Cavabdeh1 68 kv.m yaşayış sahəsi heç bir sənədlə təsdiq olunmur ki, İddiaçı 86 kv.m ümumi sahəsi olan mənzilin (mülkiyyətinin) hissəsidir, yaxud yardımçı hissəsidir, ümumiyyətlə İddiaçı 154 kv.m (86+68) ümumi sahəsi olan mənzili yoxdur. Mülki Prosessual qanunvericiliyə görə də iddiaçı sübut etməlidir ki, iddia etdiyi sahə ona məxsusdur. İddiaçı Cavabdeh1 yaşadığı sahənin ona məxsus olmasını sübuta yetirə bilməmişdir, əksinə tam sübuta yetmişdir ki, iddiaçının mülkiyyətində 86 kv.m ümumi sahə var, həmin sahə də özünün istifadəsindədir. Odur ki, qətnamədə göstərilən Cavabdeh1 Bakı şəhəri, N.Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzildən ifadəsi eyni mənzilimi ifadə edir, yaxud, 86 kv.m yaşayış sahəsi ayrı, 10/11 saylı mənzil ayrıdırmı, əgər ayrı-ayrı sahələrdirsə, belə olan halda Pər Cəlilovanın faktiki istifadəsində olan 77,9 kv.m sahə mənzilə aiddirmi, ölçüdə nəzərə alınmayan 8,1 kv.m eyvan da mənzilə aiddirmi, cavabdehin istifadəsində faktiki olaraq ümumi sahəsi 68 kv.m olan yaşayış sahəsi oladuğu halda 86 kv.m yaşayış sahəsi harada yerləşir, icra məmuru 77,9 kv.m sahənin, 8,1 kv.m eyvanın iddiaçıda, 68 kv.m sahənin cavabdehdə olduğu halda 86 kv.m sahəni haradan müəyyən ediləcək, cavabdehin istifadəsində həmin ölçüdə yaşayış sahəsinin olmadığını Məhkəmə özü müəyyən edib, həmçinin mənzilin 77,9 kv m-i və 8,1 kv.m iddiaçının öz istifadəsində olduğu, cavabdehin orada olmadığı halda həmin sahədən icraçı onu necə çıxara bilər, cavabdeh və ailəsi orada deyillər. İddiaçı nümayəndəsi və vəkili X1 xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-157/2023 qətnaməsinə izah verilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2023 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC cəlb edilməklə) “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Cavabdeh1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 157/2023 saylı, xx.xx.2023-cü il tarixli Əlavə qətnaməsinə izah verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230; «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rekpublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdehin əlavə qətnaməyə izah verilməsi barədə ərizəsində qeyd olunanlara münasibətdə məhkəmə bildirir ki, həmin məsələlər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli, əlavə qətnaməsinə izah verilməsi üçün əsas deyildir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-157/2023 saylı qətnamənin nəticəvi hissəsi aydın və dəqiqdir, qətnamənin hissəsində hər hansı anlaşılmazlıq mövcud deyil. Bununla belə həmin ərizədə qeyd olunmuşdur ki, “qətnamə qeyri-müəyyəndir, aydın deyil, iddia tələbindən kənara çıxılıb”. Qeyd olunur ki, sözügedən əlavə qətnamədə o cümlədən məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsində cavabdehin hazırki ərizədə anlaşılmazlıq, qeyrimüəyyənlik kimi qeyd etdiyi hallara mülki mübahisə üzrə araşdırma zamanı lazımi qaydada hüquqi qiymət verilmişdir. Göründüyü kimi, cavabdehin hazırda mübahisələndirdiyi hallara məhkəmələr tərəfindən baxılmış, beləcə həmin mübahisəli hallar öz həllini tapmışdır. Bundan əlavə, “Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzil” ifadəsində anlaşılmayan, qeyri-müəyyən olan hal yoxdur. Belə ki, mülki işin materiallarında olan müvafiq hüquqmüəyyənedici sənədlərdən, müqavilələrdən də görünür ki, mübahisəli mənzil dedikdə “Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində istifadədə olan 0.284 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi (iki mənzilin birləşməsi nəticəsində) 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 4 otaqlı 10 və 11 nömrəli mənzil” başa düşülür. Bu baxımdan hazırda sözügedən qətnamənin nəticə hissəsində də “Bakı şəhəri, Nərimanov rayonu, Nürəddin Süleymanov küçəsi ev 3-də yerləşən 10/11 saylı və 86 kv/m yaşayış sahəsi olan mənzil” ifadəsindən istifadə olunmuşdur ki, burda da qeyri-müəyyən hal mövcud deyil. Əgər cavabdehin iddia etdiyi kimi icra sənədinin icra edilməsinin qeyri-mümkünlüyü ilə bağlı hal mövcud idisə, bu zaman icra məmuru əsaslandırılmış qərar qəbul edib, icra sənədini icra edilmədən məhkəməyə geri qaytara, habelə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə ərizə ilə müraciət edə bilərdi. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi qətnaməyə izah verilməsi icra sənədində artıq öz əksini tapmış tələblərin onu icra edən şəxslər üçün aydın olmaması halında sırf onun dəqiqləşdirilməsi və daha anlaşılan formada ifadə olunması üçün təsbit edilmişdir. Bu vasitə ilə qətnamədə hüquqi qiymət verilmiş və ya yeni ortaya çıxmış bir məsələyə qiymət verilməsi yolverilməzdir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, Cavabdeh1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 157/2023 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: Cavabdeh1 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimirayon Məhkəməsinin 2(005)-157/2023 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, Cavabdeh1 ərizəsinin təmin olunmasını, Nərimanov rayon Məhkəməsinin qətnaməsinə (əlavə qətnaməsinə) izah verilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı hazırda mülkiyyətində olan mənzil əvvəllər hər birinin ümumi sahəsi 43 kv.m olan iki 10 və 11 saylı mənzil kimi 1997ci ildə Cavabdeh1 tərəfindən alqı-satqı yolu ilə alınmış, mənzillər birləşdirilib 1998-ci ilin fevral ayında 10/11 saylı bir mənzil kimi mülkiyyət hüququ qeydə alınmış, ona qeydiyyat vəsiqəsi verilmişdır. İki mənzilin birləşməsindən ibarət olan vahid mənzilin sahəsi 86 kv.m olmuşdur. O, mənzildə təmir-tikinti işi aparmış, otaqların divarları sökülmüş, daxili quruluşu dəyişdirilmişdir. xx.xx.2006-cı ildə Cavabdeh1 müraciəti əsasında qeydiyyat vəsiqəsi dəyişdirmiş mənzilə çıxarış verilmişdir. 2007-ci ildə Cavabdeh1 "xxxx" ASC-dən 100000 manat kredit götürmüş, mənzili girov qoymuşdur. Krediti ödəyə bilmədiyi üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə kredit məbləğ mənzilə yönəldilmişdir. xx.xx.2015-ci ildə "xxxx" ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmış, Bank mənzilə öz adına çıxarış almışdır. Çıxarışa görə mənzilin yeni statusu yaranmışdır, 86 kv.m ümumi sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Natiq Süleymanov küçəsi ev 3, mənzil 10/11. xx.xx.2016-cı ildə Cavabdeh1 86 kv.m ümumi sahəsi olan mənzili qətnamənin icrası olaraq icra məmurlarının iştirakı ilə Banka təhvil vermişdir. Bank tərəfindən heç bir şikayət və tələb olmamışdır. Cavabdeh1 isə özü həmin mənzilə bitişik olanbinanın boş sahələrində inşa etdiyi özbaşına tikili sayılan 68 kv.m ümumi sahəsi olan yeni yaşayış sahəsinə köçmüşdür. Hansı ki, həmin sahəni o, özü inşa etmiş, külli miqdarda vəsait xərcləmişdir. "xxxx" ASC xx.xx.2021-ci ildə mənzili İddiaçı86 kv.m ümumi sahəsi olan mənzil kimi 86.000 manata qiymətləndirilib bir qədər güzəşt tətbiq edərək 73.000 manat satmışdır. İddiaçı hüquqları və onun hüququnun dairəsi həmin alqı-satqı müqaviləsindən başlayır, həmin müqavilədə Bank İddiaçı Cavabdeh1 yaşadığı 68 kv.m sahəni satmamışdır. İddiaçıxx.xx.2021ci il tarixdə 86 kv.m ümumi sahəsi olan mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış almışdır. Onun mülkiyyət hüququnun qeydə alındığı sahə 86 kv.m ümumi sahə olmuşdur. Bundan əlavə onun heç bir sahəyə hüququ qeydə alınmamışdır. Ekspert rəyinə görə 68 kv.m sahə Cavabdeh1 istifadəsindədir, 77,9 kv.m sahə isə İddiaçı istifadəsindədir, lakin, ekspert 8,1 kv.m sahəsi olan açıq eyvanı nəzərə almır, həmin eyvanı da nəzərə alanda 86 kv.m ümumi sahə elə İddiaçı öz istifadəsindədir. Məhkəmələr isə qətnamələrində qeyd edirlər ki,"xxxx" ASC-nin pul tələbi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsində Cavabdeh1 Bakı şəhəri Natiq Süleymanov küçəsi ev 3-də yerləşən ümumi sahəsi 200 kv.m və yaşayış sahəsi 86 kv.m olan 10 və 11 nömrəli mənzilə yönəlmişdir. Onun həmin yaşayış sahəsindən çıxarılması qət olunub. Cavabdeh1 ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək onun qətnaməsinin 86 kv.m ümjumi sahədən başqa özbaşna tikiliyə də aid olub-olmamasına aydınlıq gətirilməsini, izah verilməsini, qətnamənin Cavabdeh1 şəxsən inşa etdiyi, mənzilin ümumi sahəsindən kənarda olan 68 kv.m sahəyə də yönəlib yönəlmədiyinin izah edilməsini istəsə də məhkəmə ərizəni təmin etməmişdir. Məhkəmə qərardadı ilə Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələbini pozmuşdur. Qeyd edirik ki, Cavabdeh1 200 kv.m və 86 kv.m sahədən çıxarılmasına dair 2009-cu il tarixli məhkəmə qətnaməsi İddiaçı 86 kv.m ümumi sahəsi olan aldığı mənzil üçün hüquq müəyyənedici sənəd deyil. Cavabdeh1 binanın hər hansı bir sahəsini zəbt edibsə, həmin sahə İddiaçımı verilməlidir. İddiaçı hüquq müəyyənedici sənədləri alqı-satqı müqaviləsi və çıxarşdır. Başqa şəxsin ərzidən çıxarılması barəəd qətnamə hüquq müəyyənedici sənəd sayıla bilməz. Hazırda Nərimanov rayon Məhkəməsinin qətnaməsininicrasında çətinlik var, mənzilin sərhədləri müəyyən deyil, qətnamə də qeydi-müəyyəndir, hüquq müəyyənedici sənədlərdə 10/11 saylı mənzil 86 kv.m ümumi sahəyə malikdir, həmin sənədlərdə və iddia ərizəsində 10/11 saylı mənzildən söhbət gedir, ancaq, qətnamədə 10/11 saylı və 86 kv m yaşayış sahəsi olan mənzil yazılır, hüquq müəyyənedici sənədlərdə 86 kv.m ümumi, ancaq, qətnamədə 86 kv.m yaşayış sahəsi göstərilir. Qətnamə ilə hüquq müəyyənedici sənədlərdə ola nziddiyətlər qeyri-müəyyənlik yaradıb. Bu hallar izah edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2023 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə cavabdeh tərəfindən verilmiş şikayətə etiraz daxil olmuş, etirazda qeyd edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ərizədə və həmin ərizəyə münasibətdə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(005)-157/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayətdə qeyd edilən xüsuslar eynilə cavabdeh tərəfindən yazılmış apelyasiya və kassasiya şikayətlərində qeyd edilmişdir. Keçirilmiş bütün məhkəmə instansiyalarında 3 ilə yaxın müddət ərzində cavabdehin yazdığı bütün xüsusatlarla bağlı geniş araşdırma aparılmış, yerində baxış keçirilmiş, müvafiq ekspertiza təyin edilmiş, mütəxəssis məhkəmə prosesində dindirilərək suallara cavab alınmış, müvafiq bankın nümayəndələri məhkəmə prosesinə dəvət edilərək dindirilmiş və bütün suallar verilərək aiddiyəti cavablar alınmış, şahidlər dindirilmiş və nəticəsində hüquqi mövqe sərgilənərək qəbul edilmiş qətnamələr və qərarda bütün mübahisəli məsələlər geniş izah edilmişdir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnamənin 10-cu səhifəsində “Cavabdeh isə etirazında bildirir ki, hüquqmüəyyənedici sənəddə əks olunmuş ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 86 kv/m olan mənzil hazırda iddiaçının faktiki istifadəsində olan sahədir. Lakin, yerli baxış zamanı iddiaçının hazırda faktiki istifadəsində olan sahənin iki mənzilin birləşməsi nəticəsində yaranması müəyyən edilməmişdir. Halbuki, ekspert rəyi ilə də iki mənzilin birləşməsi deyiləndə hazırda həm iddiaçının faktiki istifadəsində olan, həm də cavabdehin faktiki istifadəsində olan sahələrin birləşməsi nəzərdə tutulur. Bu hal mənzillərin daxilində hazırki vəziyyətinə vizual baxış keçirərkən də müəyyən olunur. Üstəlik də iddiaçının mübahisələndirdiyi hal ekspertin rəyi ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə qeyd edir ki, cavabdehin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçının mənzilə mülkiyyət hüququ mövcuddur və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisidir və hazırda mübahisəli mənzilin bir hissəsini zəbt edərək, orada yaşayır, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan istifadə edə bilmir. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.” Yazılaraq ətraflı izah olunmuşdur. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş, 2(103)- 1059/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnamənin Apelyasiya instansiyası məhkəməsinin mövqeyi bölümünün 7 və 8-ci səhifələrdə yerləşən 27-34-cü maddələrində qeyd olunan məsələlərə ətraflı izah verilmişdir. Sadəcə birini qeyd etmək olar ki, 34-cü bənddə Apellyasiya məhkəməsi “Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırda cavabdehin faktiki istifadəsində olan köməkçi sahələr (əlavə tikililər) mübahisəli 10 və 11 saylı mənzillərə aiddir. Həmin tikililər mübahisəli mənzildən təcrid olunmuş sahə deyil, bilavasitə mənzilə bitişik olmaqla ona xidmət edən sahələrdir.” Qeyd etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş, 2(102)-2360/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarda, Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi hissəsində qeyd olunan məsələlərə bir daha geniş münasibət bildirilmişdir. Həmin Qərarın 12-ci səhifəsində yerləşən 60- cı maddəsində “Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda cavabdehin faktiki istifadəsində olan köməkçi sahələr (əlavə tikililər) mübahisəli 10 və 11 saylı mənzillərə aiddir. Həmin tikililər mübahisəli mənzildən təcrid olunmuş sahə deyil, bilavasitə mənzilə bitişik olmaqla ona xidmət edən sahələrdir.” qeyd olunmuşdur. Aparılmış uzunmüddətli məhkəmə araşdırmalarından, rəylərdən, yerində baxışdan, izahatlardan və s. sübutlardan da aydın görünür ki, mübahisə mövzusu yaşayış və ya qeyri-yaşayış sahələri, artırma və əlavə tikililəri ilə birlikdə məhz 10 və 11 saylı mənzillərin birləşməsi olan 10/11 saylı mənzildir və bu mənzilin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Məhz həmin mənzildən cavabdehlərin çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsi qətnamələr və qərarda açıq-aydın yazılmışdır. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən yazılmış ərizə, verilmiş şikayət və yazılmış vəsatət sırf qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasına mane olmaq, əlavə vaxt qazanmaq və s. kimi niyyətlərlə verilmişdir və qəbuledilməzdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Cavabdehin nümayəndəsi vəkil X4 tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə vəsatət daxil olmuş və qeyd edilmişdir ki, ərizəçi Cavabdeh1 Nərimanov rayon Məhkəməsində müraciət edərək Nərimanov rayon Məhkəməsinin onun və ailəsinin barəsində çıxardığı qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə baxaraq ərizəsini təmin etməmişdir. Qərardaddan Cavabdeh1 şikayət vermişdir. Hazırda ərizəyə yazılı icraat qaydasında baxılacaq. Hesab edir ki, ərizəyə şifahi məhkəmə icraatı qaydasında baxılmalıdır. Dəlillərini qərardaddan şikayətdə göstərsə də məhkəmə baxışının fundamental prinsipi olan bilavasitəlilik prinsipi əsasında işlərə baxılarkən ədalət mühakiməsinin məqsədlərinə daha düzgün çatmaq olur. Hazırki iş üzrə qətnamə qeyri-müəyyəndir, qeyri-müəyyənliklə bağlı şikayətçi tərəf kimi onların şifahi məhkəmə iclasında dinlənilməsinə zərurət vardır. Əks halda düzgün hüquqi nəticəyə gəlmək ədalətli olmayacaq. Odur ki, şikayətlərinə şifahi məhkəmə iclasında baxılmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə , onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rekpublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 230, 357, 360-366, 385, 387; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi kifayət qədər aydındır və cavabdeh tərəfindən əlavə qətnaməyə izah verilməsi barədə ərizə verilməsi hüquqdan sui-istifadədir və məhkəmənin qətnaməsinin icarasını yubatmaq niyyəti ilə verilmişdir. Digər tərəfdən icra məmuru tərəfindən bununla bağlı ərizə verilə bilərdi. Lakin hazırkı işdə belə bir hal mövcud deyil. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2023 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar