Məhkəmə qərarları › İş №2(103)-10087/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10087/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10087/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(006)-2647/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi ziyana görə 200000 manat, birbaşa maddi zərərə görə isə 500000 manat, cəmi 700000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 iyul 2016-cı ildən 14 noyabr 2016-cı il tarixədək həbsdə saxlanılmağı və 19 may 2017-ci il tarixdən 20 may 2017-ci il tarixədək tutulmağı, ümumilikdə 3 ay 27 gün müddət ona təyin edilmiş cəzaya daxil edilməklə üzərində qəti olaraq 7 il 8 ay 3 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi 10 may 2018-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamış, Ali Məhkəməyə verilmiş kassasiya şikayəti təmin edilmiş, 08.05.2019-cu il tarixli, 1(102)-600/2019 saylı Ali Məhkəmənin Cinayət Kollegiyasının Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2018-ci il tarixli hökmü ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.12.2019-cu il tarixli, 1(103)-1035/2019 saylı hökmü ilə bəraət verilərək məhkəmə zalından azadlığa buraxılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyası 23 iyun 2020-ci il tarixli qərarı ilə 03.12.2019-cu il tarixli bəraət hökmü qüvvədə qalmışdır. Lakin bu iki ildən artıq müddətdə (2 il, 3 ay 10 gün) məhbus həyatı yaşayaraq iztirab çəkmişdir, bütün ömrü boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir, barəsində cinayət işinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi, ittihamedici hökm qəbul edilməsi cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir, keçirdiyi sözlə ifadəsi mümkün olmayan mənfi sarsıntılar heç bir pulla ödənilməsi mümkün deyildir. 2 il, 3 ay, 10 gün müddətində həbsdə qalmağı ilə əlaqədar 50.000 manat real qazancı əldən çıxmış, ailəsinə, övladlarına, azyaşlı övladına heç bir maddi yardım göstərə bilməmişdir. Ailəni, övladlarını həbsdə olduğu müddətdə qohum-əqrəba saxlamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(006)-2647/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, 2 il, 3 ay, 10 gün müddətində həbsdə qalmağı ilə əlaqədar real qazancı əldən çıxmış, ailəsinə, övladlarına, azyaşlı övladına heç bir maddi yardım göstərə bilməmişdir. Ailəni, övladlarını həbsdə olduğu müddətdə qohum-əqrəba saxlamışdır. Cavabdeh isə şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, şikayət belə əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə maddi zərərlə bağlı hər hansı təsdiqedici sənədə istinad etməmişdir, iş materiallarında iddiaçıya hər hansı maddi zərər dəyməsi faktı sübut olunmur. Məhkəmə baxışı zamanı mənəvi ziyanın müəyyən edilməsi üçün hər hansı faktlar göstərilməmiş, hər hansı sübut tədqiq olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərə aid hissədə dəyişdirilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.12.2017-ci il tarixli 1(101)-1013/2017 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edimiş, İddiaçı hazırkı iş üzrə 19 iyul 2016-cı il tarixdən 14 noyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı və 19 may 2017-ci il tarixdən 20 may 2017-ci il tarixədək tutulduğu ümumilikdə 03 ay 27 gün müddət ona təyin edilmiş cəzaya daxil edilməklə üzərində qəti olaraq 07 il, 38 ay, 03 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2017-ci il tarixdən hesablanması, cinayət iş üzrə maddi sübut kimi tanınan "Shacman" markalı, ** AD *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin X10 mülkiyyətində olması və “BMV-750 Alpina B7” markalı, 10-00-929 dövlət qeydiyyat nişanlı avtomobilin X1 mülkiyyətində olmasının nəzərə alınması, cinayət iş üzrə mülki iddialar irəli sürülmüş ittiham həcmində təmin edilməklə, İddiaçı 179.955 manat X3 xeyrinə, 39.000 manat X2 xeyrinə tutulmaqla ödənilməsi, zərərçəkmiş şəxslər X6 və X7 mülki iddianın əldən çıxmış fayda ilə bağlı hissəsində mülki mühakimə icraatı qaydasında aidiyyatı üzrə məhkəməyə müraciət etməsi barədə hüquqlarının izah edilməsi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 2 saylı hüquq məsləhətxanasının nəfinə vəkil X8 50 manat pul ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2019-cu il tarixli, 1(102)-600/2019 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2018-ci il tarixli qərarının məhkum İddiaçı müdafiəçisi Ə.M.Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi, kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1035/2019 saylı, 03.12.2019-cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 1(101)-1013/2017 saylı hökmünün məhkum İddiaçı barəsində onun müdafiəçisi X4 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə ona bəraət verilməsi, İddiaçı cinayət prosesini həyata keçirən orqan tərəfindən vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad olunması, cinayət iş üzrə maddi sübut kimi tanınan “Shacman” markalı, Az-01-AD288 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin X10 mülkiyyətində olması və “BMW-750 Alpina B7" markalı, Az-10-00-929 dövlət qeydiyyat nişanlı avtomobilin X1 mülkiyyətində olmasının nəzərə alınması, zərərçəkmiş şəxslər X3 və X2 mülki iddialarının baxılmamış saxlanılması, məhkum İddiaçı müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin ediilməsi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı hüquq məsləhətxanasının nəfinə vəkil X8 150 manat pulun ödənilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, İddiaçı əməlində ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində həmin maddə ilə bəraət hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23.06.2020-ci il tarixli, 1(102)-481/2020 saylı qərarı ilə kassasiya protesti və kassasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 dekabr 2019-cu il tarixli hökmünün dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi 3000 manat məbləğində mənəvi zərər tutmuş, maddi zərər hissəsində isə iddianı həmin tələbi iddiaçı sübuta yetirə bilməməsi əsası ilə təmin etməmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ağlabatan və ədalətli deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14 mart 2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılması işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi də mübahisə doğurmur. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 6000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Kollegiya nəzərə alır ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz, ancaq o da nəzərə alınmalıdır ki, 2 il 3 ay 10 gün müddətində həbsdə qalmış iddiaçıya mənəvi ziyanın kompensasiyası üçün müəyyən edilmiş 3000 manat məbləğində vəsait onun keçirdiyi sarsıntıların, məruz qaldığı mənəvi iztirabların ağırlığına adekvat deyildir. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası Maliyyə Nazirliyinin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Digər tərəfdən cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən hər hansı sübut olmadığı halda əsassız olaraq 3000 manat maddi zərər tutmuşdur. Halbuki göründüyü kimi, maddi zərər hissəsində sübut təqdim edilmədiyinə görə iddia rədd edilmiş, 3000 manat isə mənəvi zərərə görə tutulmuşdur. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2647/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 6000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar