Məhkəmə qərarları › İş №2(103)-1009/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1009/2025

24.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1009/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Müseyib Əlizadənin, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-757/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Binəqədi rayonu, Fatmayı bağları sahəsində yerləşən torpaq sahəsi ilə bağlıdır. İddiaçı iddia edir ki, torpaq sahəsi babasının mülkiyyətində olub, daha sonra babası tərəfindən atasına verilib, lakin cavabdeh torpaq sahəsini zəbt edib. İddiaçı torpaq sahəsinin babasına və atasına aid olduğunu təsdiq etmək üçün 1886 və 1939-cu illərə aid olan arxiv arayışlarını məhkəməyə təqdim edib (iş v. 5, 6). Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, Binəqədi rayonu, Fatmayı bağları sahəsində yerləşən, iddiaçının mərhum babasının mülkiyyətində olmuş 25 “sot” torpaq sahəsinə qanunsuz sahiblik edən cavabdeh və onun ailə üzvləri torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi iddiaçının sahibliyinə qaytarılsın. 3.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh Müseyib Əlizadə və onun nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin tələbi baxımından hazırkı iddianın təmin edilməsi üçün göstərilən sənədlər təqdim olunmalıdır. 7.Birinci, torpaq sahəsi üzərində iddiaçının babasının və atasının mülkiyyət hüququnu təsdiq edən, habelə torpaq sahəsinin sərhədləri, ölçüləri və çoğrafi mövqeyini əks etdirən sənədlər. Belə ki, iddia torpaq sahəsi barədə olduğuna görə, iddia həll edilərkən “torpaq sahəsi” anlayışı nəzərə alınmalıdır. AR Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 8.İkinci, həmin torpaq sahəsinin vərəsəlik qaydasında iddiaçı tərəfindən qəbul edildiyini təsdiq edən vərəsəlik şəhadətnaməsi. Belə ki, AR Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə görə, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. 9.Lakin iddiaçı göstərilən sənədləri məhkəməyə təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-757/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar