Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10109/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Maraqlarına toxunulan şəxs X1, Cavabdehin və maraqlarına toxunulan şəxsin vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və maraqlarına toxunulan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları22.02.2008-ci il təvəllüdlü X6 və 17.06.2009-cu il təvəllüdlü X3 yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 2 saylı yaşayış evinin 3 otaqlı, 51 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2007-ci ildə rəsmi qaydada ailə quraraq onun yaşadığı mənzilə gəlin köçmüşdür. Birgə nikahdan 22.02.2008-ci il təvəllüdlü X6 və 17.06.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Mübahisəli mənzil qayınatası Həsənov Səyyadın şəxsi mülkiyyətində olmuşdur, hazırda o, rəhmətə getmişdir. Baxmayaraq ki, mübahisəli mənzildə həyat yoldaşının bacısı Zülfiyyə və onun yetkinlik yaşına çatmış oğlu Teyyub qeydiyyatdadırlar, faktiki onların hər ikisi başqa ünvanda yaşayırlar. Mübahisəli mənzildə o, həyat yoldaşı, iki uşağı yaşayırdı. Azyaşlı övladları mübahisəli mənzildə qeydiyyatdadırlar. X4 da demək olar ki, mütəmadi onlarl yaşayırdı, hər dəfə yoldaşı ilə münasibətlərinə müdaxilə edirdi, və olub ki, dəfələrlə onu evdən qovub. Sonuncu dəfə bir neçə ay bundan əvvəl yenə də qayınanası evdə söz-söhbət yaratdı və uşaqları evdə saxlayaraq onu qovdu. Məcbur olub qardaşının evinə getdi. Hazırda yoldaşı və qayınanası onu evə buraxmırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinin xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. İddiaçı ona xəyanət etdiyinə, onu və azyaşlı uşaqlarımı atıb başqa kişilərlə qoşulub çıxıb getdiyindən onun bizim ailə ilə hər hansı bır bağlılığı qalmamışdır. Keçən bu bir ıl ərzində uşaqlarla bir dəfə də olsun maraqlanmamış, gəlib onları görməmişdir.Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Qətnamədən maraqlarına toxunulan şəxs X2 da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinin xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xəstə olduğu üçün evi oğlu Cavabdeh1 bağışlamışdır. Lakin buna baxmayaraq ona baxmamışlar. Hətta gəlini bir neçə dəfə onu öldürməyə cəhd etmişdir. İddiaçı oğluma xəyanət etdiyinə, azyaşlı uşaqlarını atıb başqa kişilərlə qoşulub çıxıb getdiyindən onun bizim ailə ilə hər hansı bir bağlılığı qalmamışdır. Keçən bu bir il ərzində uşaqlarla bir dəfə də olsun maraqlanmamış, gəlib onları görməmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri verməmişlər. Apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı maraqlarına toxunan şəxs apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı vəkil X9 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəflərin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan AZ-T seriyalı, 023785 saylı nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah 30.11.2007-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və 1781 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından 22.02.2008-ci il təvəllüdlü X6 və 17.06.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. 09.03.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilini oğlu- Cavabdeh1 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.07.2021-ci il tarixli, **********20 saylı arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 93 saylı MKİS-nin 19.05.2021-ci il tarixli arayışından görünür ki, 22.02.2008-ci il təvəllüdlü X6 və 17.06.2009-cu il təvəllüdlü X8 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 2 saylı evin 51 saylı mənzilində qeydiyyadadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 dekabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilirmüddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin təsir dairəsinə düşmür...Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsində əks olunmuş qayda Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən, 34cü maddəsinin İV və V hissələrindən, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü və MM-in 27.2-ci maddələrindən irəli gəlir...Göstərilən normaların müddəalarında ər və arvadın hüquqlarının bərabər olmasının, uşaqlara qayğı göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır”. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeydşərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla İddiaçı ilə Cavabdeh1 arasında 30.11.2007-ci il tarixdən 2020-ci ilin aprel ayına kimi etibarlı ailə əlaqələrinin olması, tərəflərin ailəliklə mübahisəli mənzildən istifadə etmələri təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 və maraqlarına toxunulan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 və maraqlarına toxunulan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10109/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10109/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver