Məhkəmə qərarları › İş №2(103)-10119/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10119/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10119/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilmə yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 və cavabdehin vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən cavabdehə 25.000 manat kompensasiya ödənilməklə ona məxsus olan və Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 №-li evin 4 №-li mənzilindəki yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” tərəfindən verilmiş 11.03.2020-ci il tarixli “Çıxarışla” təsdiq edilir. İddiaçı ilə cavabdeh 08.10.2004-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan yetkinlik yaşına çatmamış 2 övladları olsa da, onların münasibətləri pozulmuş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli qətnaməsi (İş № 2(006)- 720/2018) ilə nikahlarına xitam verilməsi, uşaqların isə ananın yanında saxlanılması qət edilmişdir. Uşaqların məhkəmə qətnaməsi ilə cavabdehin yanında qalmaları qət edilsə də, 2020-ci ilin mart ayından etibarən uşaqlar iddiaçının yanında yaşayırlar. Cavabdeh iddiaçının keçmiş ailə üzvü olsa da, iddiaçının mülkiyyətində olan mənzildə yaşayır. İddiaçı övladlarının xətrinə cavabdehə mübahisəli mənzildə yaşamasına icazə versə də, cavabdeh iddiaçının bu mənzildə yaşamasına, mənzili təmir etməsinə hər cür vasitə ilə maneələr törədir, iddiaçını ümumiyyətlə mənzilə buraxmır. İş üzrə tərəflərin bir mənzildə yaşaması mümkün deyil. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı, onun tərəfindən cavabdehə verilməli olan kompensasiyanın (25.000 manat) məbləğini müəyyənləşdirərkən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC tərəfindən verilmiş 09.09.2020-ci il tarixli 39 nömrəli qiymətləndirmə arayışını nəzərə almışdır. Belə ki, həmin arayışa qeyd edilir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni tip orta təmirli mənzillərin kirayə haqqı 400-450 manat təşkil edir. Göründüyü kimi, 3 il müddətində oxşar şəraitli mənzildə yaşamaq üçün cavabdehə aylıq 450 manat olmaqla (450 manat x 36 ay=) 16.200 manat vəsait kifayət edir. İddiaçı isə humanistlik edərək cavabdehə 25.000 manat kompensasiya verir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.09.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya məbləği real bazar qiymətlərinə əsasən hesablanmamış, məbləğ, cavabdehin istifadə hüququna xitam verilməsi üçün kifayət deyil. Belə ki, həmin ərazidə yerləşən 4 otaqlı mənzillərin aylıq kirayə haqqı 1.500 manatdan başlayır. Əgər iddiaçı cavabdehə kompensasiya vermək istəyirsə, onda kompensasiya 4 il üçün (1.500 manat x 48 ay=) 72 000 manat məbləğində verilməlidir. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verdi. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, habelə iddia ərizəsinin məzmununa, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” tərəfindən verilmiş və qeydiyyat nömrəsi ********** olan 11.03.2020-ci il tarixli “Çıxarışla” təsdiq edilir. İddiaçı ilə cavabdeh 08.10.2004-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan yetkinlik yaşına çatmamış 2 övladları olsa da, onların münasibətləri pozulmuş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli qətnaməsi (İş № 2(006)- 720/2018) ilə nikahlarına xitam verilməsi, uşaqların isə ananın yanında saxlanılması qət edilmişdir. Cavabdeh hazırda da mübahisəli mənzildə yaşayır. Mənzilin mülkiyyətçisi olan iddiaçı mənzildə yaşamır. Cavabdehin mübahisəli mənzildə yaşamaq üçün istifadə hüququna malik olması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.02.2021ci il tarixli qətnaməsi (İş № 2(103)-1263/202) ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cavabdehə qarşı irəli sürdüyü “mənzilindən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddiasının rədd edilməsi qət edilmişdir. Mənzilin mülkiyyətçisi olan iddiaçı keçmiş arvadı olan cavabdehlə birgə bir mənzildə yaşamaq istəmir. O xahiş edir ki, onun tərəfindən cavabdehə 25.000 manat kompensasiya ödənilməklə ona məxsus olan mənzilindəki yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilsin. Cavabdeh isə bu məbləğ ilə razılaşmayaraq təklif edir ki, kompensasiyanın məbləği 72.000 manat müəyyən edilsin. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə həmin şəxsin istifadə hüquqlarına xitam verilməsi barədə tələblərin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.2007-ci il tarixli qərarına görə, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Göründüyü kimi, kompensasiyanın məbləği mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. "xxxx" MMC-nin 09.09.2020-ci il tarixli, 39 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin, 4 otaqlı, ümumi sahəsi 105,30 kv.m olan 4 saylı mənzilinin aylıq kirayə haqqı 400-450 manatdır. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən verilmiş müstəqil auditor hesabatından görünür ki, həmin mənzilin orta aylıq kirayə haqqı 400-450 manatdır. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdeh, iddiaçı tərəfindən kompensasiya kimi təklif olunan 25.000 manata (25.000/450 =) 55 ay, yəni 4 ildən yuxarı müddət ərzində, yəni davamlı sürətdə başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Məhkəmə, cavabdehin kompensasiyanın məbləği ilə razılaşmayaraq, həmin ərazidə yerləşən mənzillərin aylıq kirayə haqlarının 1.500 manatdan yuxarı olması dəlilini əsassız hesab edir, çünki cavabdeh bununla bağlı sübutları Məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq isə iddiaçının mövqeyi adları yuxarıda qeyd edilmiş şirkətlər tərəfindən verilmiş hesabatlar ilə təsdiq edilir. Cavabdehin iddiaçı tərəfindən ona 72.000 manat məbləğində kompensasiyanın verilməsi şərti ilə istifadə hüququna xitam verilməsinə razı olacağı barədə dəlili ilə bağlı Məhkəmə bildirir ki, kompensasiya məbləğini istifadəçi deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi müəyyən edir və məhkəmə həmin məbləğin ağlabatan hesab edilibedilməməsinə qiymət verir və Məhkəmə iddiaçı tərəfindən cavabdehə təklif edilən 25.000 manat məbləğində kompensasiyanı hazırki bazar qiymətlərinə uyğun hesab edir. Belə olan halda hesab olunmalıdır ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və xeyli müddət daxilində, başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın. Məhkəmə hesab edir ki, daha yüksək məbləğdə kompensasiya iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Buna görə də cavabdehin təklifi əsaslı hesab oluna bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar