Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10122/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1.850 manat əsas borcun, hesablanmış 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayandəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, X5 mülkiyyətində olan “Hyundai elantra” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı MMC-nin adına 19.08.2019-cu il tarixli AR-İ 863102 seriyalı etibarnamə vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsinə əsasən İddiaçı MMC “Hyundai elantra” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 1 sutkası 50 manat olmaqla 11.02.2021-ci il saat 17:00dan 10.04.2021-ci il saat 17:00-a kimi Cavabdeh icarəyə vermişdir. Cavabdeh 11.02.2021-ci il tarixli icarə müqaviləsinin tələbini pozaraq avtomobilin mühərrikini sıradan çıxartmış və onun iddiaçıya 1.070 manat borcu yaranmışdır. Bundan əlavə müqavilənin 3.9-cu bəndinin tələbinə uyğun olaraq avtomobilin təmirdən çıxdığı vaxta kimi olan günlərinin sayı avtomobilin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Avtomobil 7 gün təmirdə olduğu müddətə 273 manat, 13 gün istifadəyə yararsız olduğuna görə 507 manat və avtomobilin mühərrikinə zərər vurulmasına görə 1070 manat olmaqla, cavabdehin iddiaçıya ümumilikdə 1.850 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Tərəflər arasında 09.03.2021-ci il tarixdə formal olaraq borc müqaviləsi bağlanmışdır, müqavilədə İddiaçı MMC-nin Cavabdeh 1070 manat borc verdiyi və Cavabdeh həmin borcu 30.04.2021-ci il tarixə kimi qaytaracağı göstərilsə də, bu borc məbləği Cavabdeh verilməmişdir. Bu müqavilə formal olaraq bağlanmaqla, Cavabdeh icarə müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi üçün yazılmışdır. Odur ki, Cavabdeh 1.850 manat əsas borcun, hesablanmış 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq maddi və prosessual hüquq normalarının pozulduğu, sübutlara düzgün qiymət verilmədiyi və digər əsaslar göstərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Kollegiyanın iclasında avtomobilin mülkiyyətçisi X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş X5 izahatında göstərmişdir ki, o, “Aztur Traveldə” işləyir. Mübahisəli avtomobil onun adınadır və avtomobilə dair bütün səlahiyyətləri etibarnamə əsasında İddiaçı MMC-yə vermişdir. Həmin avtomobil kirayəçi Cavabdeh tərəfindən icarə müqaviləsi əsasında istismar olunarkən avtomobilin mühərriki sıradan çıxmış və avtomobilə maddi zərər dəymişdir. Odur ki, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş edir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan DİN BDYPİ tərəfindən verilmiş 27.06.2019-cu il tarixli AD 520803 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İşdə olan Bakı şəhəri 5 saylı notariat ofisində verilmiş 19.08.2019-cu il tarixli 7E-5695 reyestr nömrəli etibarnamə ilə X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddət və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmiək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı MMC-yə etibar etmişdir. Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində X4 ətraflı izah edilmişdir. Bu etibarnamə “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. Etibarnamə beş il müddətinə verilib və 19.08.2024-cü il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsində göstərilir ki, İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 1 sutkası 50 manat olmaqla 11.02.2021-ci il saat 17:00-dan 10.04.2021-ci il saat 17:00-a kimi Cavabdeh icarəyə verir. Müqavilənin arxa tərəfdən əlyazısı ilə Cavabdeh adından 09.03.2021-ci il tarixdə qeyd edilmişdir ki, 14.02.2021-ci il tarixdə “Hyundai elantra” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Müəyyən səbəblərə görə 1070 manat borcu yaranmışdır. İşdə olan təhvil-təslim aktından müəyyən edilir ki, 11.02.2021-ci il tarixdə saat 17:00-da “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir, sonradan həmin avtomobil İddiaçı MMC-yə qaytarılmışdır. Avtomobilin hansı tarixdə qaytarılması aktda göstərilməmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.03.2021-ci il tarixli borc müqaviləsində göstərilir ki, İddiaçı MMC 1070 manat pul vəsaitini maliyyə yardımı kimi Cavabdeh borca verir. Cavabdeh isə bu borcu 30.04.2021-ci il tarixə kimi qaytarmaq öhdəliyini üzərinə götürür. İddiaçı MMC 09.03.2021-ci il tarixli borc müqaviləsində göstərilən 1070 manat pulu Cavabdeh ödəməsini təsdiq edən sənədi, yəni kassa məxaric orderinin qəbzini məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı MMC 11.02.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsində “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olduğu qeyd edilsə də, həmin avtomobil İddiaçı MMC-nin mülkiyyətində deyil, 27.06.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən X2 mülkiyyətindədir və X5 özünə məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddət və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmiək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 19.08.2019-cu il tarixli etibarnamə ilə İddiaçı MMC-yə etibar etmişdir. Buna baxmayaraq, İddiaçı MMC-nin X2 adına rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam vermək səlahiyyətini verən 19.08.2019-cu il tarixli etibarnaməsi olsa da, İddiaçı MMC X2 mülkiyyətində olan “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsində öz mülkiyyəti kimi göstərməklə, öz adından Cavabdeh icarəyə verilməsinə dair 11.02.2021-ci il tarixli icarə müqaviləsi bağlamışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İddiaçı MMC özlüyündə əhəmiyyətsiz olan 11.02.2021-ci il tarixli icarə müqaviləsinə (əqdə) istinad etməklə, Cavabdeh 1.850 manat əsas borcun, hesablanmış 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsini tələb edə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında icarə və əmlak kirayəsi münasibətləri mövcüd olmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işə əlavə edilmiş çoxsaylı sübutlarla kifayət qədər təsdiq olunur ki, Cavabdeh icarəyə götürdüyü nəqliyyat vasitəsinin istismarı müddətində avtomobildə qüsurlar yarandığına əmlakı kirayə verənə maddi zərər vurmuşdur. Tərəflər arasında bununla bağlı formal borc müqaviləsi bağlanılmaqla Kollegiya həmin borc müqaviləsinin hüquqi nəticələrini qəbul etməsə də, lakin bununla belə maddi zərərin mövcüdluğunu düşünməyə əsas verən sübut kimi qiymətləndirir. Bunun əksini düşünməyə əsas verən hallar iş materiallarına əsasən müəyyən olunmamışdır. Həmçinin avtomobilin mülkiyyəçisi, apellyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş X5 da iddianın təmin olunmasını xahiş etmişdir. Kollegiya dəbbə puluna münasibətdə hesab edir ki, iddia tələbləri həmin hissədə sübut olunmamışdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 1850 (min səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10122/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10122/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver