Məhkəmə qərarları › İş №2(103)-10123/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10123/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10123/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə İddiaçı MMC-nin nümayandəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2021 saylı 31 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 manat əsas borc, hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 mülkiyyətində olan “Hyundai Elantra” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı MMC-nin adına 17.04.2021-ci il tarixli ƏN-İ 866448 seriyalı etibarnamə vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən İddiaçı MMC “Hyundai Elantra” markalı 2012-ci il buraxılışlı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 sutkası 60 manat olmaqla 26.05.2021-ci il tarixdə saat 13:59-dan 05.06.2021-ci il tarixdə saat 13:59-a kimi Cavabdeh icarəyə vermişdir. Cavabdeh 26.05.2021-ci il tarixli icarə müqaviləsinin 8.4-cü bəndinin tələbini pozaraq avtomobili yetkinlik yaşına çatmayan oğluna ötürmüşdür. Avtomobilin sürət həddini aşdığını GPS vasitəsilə müəyyən etmişlər, əlaqə saxladıqda Cavabdeh dərsdə olduğunu və avtomobili onun oğlunun idarə etdiyini öyrənmişlər. Avtomobil 01.06.2021-ci il tarixdə Cavabdeh oğlu İsmayılov Fatih tərəfindən İddiaçı MMC-yə qaytarılmışdır. Cavabdeh 26.05.2021-ci il tarixli icarə müqaviləsinin 8.4-cü bəndinin tələbini pozduğuna görə İddiaçı MMC-yə 1.000 manat cərimə ödəməlidir. Odur ki, Cavabdeh 1.000 manat əsas borc, hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2021 saylı 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 1.000 manat əsas borcun, hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətlərində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və mülki prosessual qanunvericiliyinin tələblərini kobkd surətdə pozmuşdur. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə mühüm əhəmiyyəti olan faktları mötəbər sübut kimi qəbul etməmişdir. Nəticədə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayandəsi X2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - DİN BDYPİ tərəfindən verilmiş 17.04.2021-ci il tarixli AE100665 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai Elantra” markalı, 2012-ci il buraxılışlı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. - Bakı şəhəri 19 saylı notariat ofisində verilmiş 17.04.2021-ci il tarixli 7E-5649 reyestr nömrəli etibarnamə ilə X6 17.04.2021-ci il tarixli AE100665 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Hyundai Elantra” markalı, 2012-ci il buraxılışlı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilini müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi İddiaçı MMC-yə etibar etmişdir. Etibarnamə üç il müddətinə verilib və 17.04.2024-cü il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsində göstərilir ki, İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan “Hyundai Elantra” markalı, 2012-ci il buraxılışlı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 sutkası 60 manat olmaqla 26.05.2021-ci il saat 13:59-dan 05.06.2021-ci il saat 13:59-a kimi Cavabdeh icarəyə verir. İcarə müqaviləsinin 8.4-cü bəndində göstərilir ki, icarəyə verən tərəfindən idarə etməni digər şəxsə ötürülməsi aşkarlanarsa icarəçi 1.000 manat cərimə edilir. - Təhvil-təslim aktından müəyyən edilir ki, 26.05.2021-ci il tarixdə saat 13:59-da “Hyundai Elantra” markalı, 2012-ci il buraxılışlı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir, 01.06.2021-ci il tarixdə saat 17:30-da həmin avtomobil İddiaçı MMC-yə qaytarılmışdır. X4 təhvil vermişdir. İş materialları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, “Hyundai Elantra” markalı, 2012-ci il buraxılışlı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X5 məxsus olmuş və onun tərəfindən etibarnamə ilə istifadə edilmək üçün İddiaçı MMC-yə verilmişdir. İddiaçı MMC öz növbəsində həmin avtomobili icarə müqaviləsi əsasında Cavabdeh verilmişdir. Hazırda İddiaçı MMC Cavabdeh həmin icarə müqaviləsinin şərtlərini pozaraq icarəyə götürdüyü avtomobili öz oğluna idarə etmək üçün verdiyinə görə bu müqavilədə nəzərdə tutulmuş 1000 manat cərimənin və onun ödənilməsinin gecikdirilməsinə görə 200 manat dəbbə pulunun tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin o hallarına əsaslanmışdır ki, avtomobilin İsmayılov Fateh tərəfindən İddiaçı MMC-yə qaytarılması, Cavabdeh həmin avtomobili idarə etmək üçün digər şəxsə verilməsini təsdiq etmir. Bu barədə səlahiyyətli orqan olan BDYPİ-nin vəzifəli şəxsinin tərtib etdiyi protokol və inzibati tənbeh vermə haqqında qərarı mövcud deyildir. Bundan başqa, avtomobil etibarnamə əsasında İddiaçı MMC-yə verildiyindən, onun X3 mülkiyyətində olan avtomobilin üzərində sərəncam vermək səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsində “Hyundai Elantra” markalı, 2012-ci il buraxılışlı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olduğu qeyd edilsə də, həmin avtomobil İddiaçı MMC-nin deyil, 17.04.2021-ci il tarixli AE100665 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X3 mülkiyyətində olmuşdur və X6 avtomobili müvəqqəti istifadə etməsi üçün 17.04.2021-ci il tarixli etibarnamə əsasında İddiaçı MMC-yə vermişdir. İddiaçı MMC-nin X3 mülkiyyətində olan avtomobilin üzərində öz adından sərəncam vermək səlahiyyəti olmamışdır. Buna baxmayaraq, İddiaçı MMC X3 mülkiyyətində olan “Hyundai Elantra” markalı, 2012-ci il buraxılışlı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyəti kimi göstərməklə, öz adından Cavabdeh icarəyə verilməsinə dair 26.05.2021-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Halbuki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsi etibarsız olan əqd olduğundan, həmin müqaviləyə istinad etməklə cavabdehdən pul tələb etməsi əsassız olmuşdur. Belə ki, həmin müqavilə cavabdeh üçün heç bir hüquqi nəticə yaratmır. Cavabdehin hər hansı bir qanunsuz hərəkətləri (delikt) nəticəsində iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya əsassız olduğundan şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2021 saylı 31 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı mübahisə 1200 manat pul tələbi bağlı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətli təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2021 saylı 31 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar