Məhkəmə qərarları › İş №2(103)-1014/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1014/2022

19.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1014/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2976/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçına Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,16295 ha torpaq sahəsində yerləşən 57 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 33,2 kv. m ümumi, 33,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 11 nömrəli sıxlaşdırılan mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin Çıxarışın reyestr nömrəsi **********11- 0510-093022, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10.01.2008-ci ildir. Çıxarış Bakı şəhər Ərazi idarəsinin rəisi Q.Cəfərov tərəfindən, təsdiq edilib,qeydiyyat icraçısı N.Zeynalov olub. Həmin ünvanda özü ilə birgə oğlu Kabanov Andrey Yuryeviç, Cavabdeh Afrasivabovna pasport qeydiyatında olnaqla yaşayırlar, onların oğlu Daniil isə pasport qeydiyyatında olmasa da həmin ünvanda yaşayır. Cavabdeh oğlu Andrey Kabanovla 2003-ci il tarixdən 2012-ci il tarixə kimi vətəndaş nikahında yaşayıb, 2012-ci ilin may ayının 29-da Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlayıblar. Bu nikahdan 05 yanvar 2004-cü il tarixdə onların Danil adlı oğlu olub. Onlar ailə qurduqdan sonra müvəqqəti yaşamaq üçün onun evinə köçüblər.O da onların müvəqqəti yaşamalarını nəzərə alıb evində yaşamalarına icazə vermişdir.Lakin cavabdehin oğlu Andrey Kabanovla aralarında olan qeyri-sağlam münasibətləri o həddə çatıb ki, onların arasında bağlanan rəsmi nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulub və gətnamə güvvəyə minib. Qeyd etmək istəyir ki, cavabdeh ona və mülkiyyətinə qarşı hiyləgərlik işlədərək mənzili əlindən almaq fikrindədir Bu cür şəxslə bir mənzildə birgə yaşamağın necə faciəli olduğunu təsəvvür edin. Cavabdehlə aralarında olan qeyri-sağlam münasibətlərə görə mülkiyyətində olan mənzildə yaşaya bilmir və ondan istifadə edə bilmir. Çünki cavabdehlə birgə yaşamaq qeyri mümkündür. Cavabdeh ailədə özbaşınalıq edir,onu, oğlunu daim təhqir edir, onunla kobud davranır. Onun ərizələrinə əsasən Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis bölməsində dəfələrlə araşdırmalar aparılıb. Qeyd etmək istəyir ki, Cavabdeh onun mənzilində yaşaması səbəbindən və cavabdehdən dəhşətli dərəcədə qorxduğundan mətbəxdən və digər ümumi istifadədə olan sahələrdən istifadə edə bilmir. Cavabdeh məqsədi oğlunu və onu evdən çıxartmaq və evə sahib olmaqdır. Baxmayaraq ki, həmin evin mülkiyyətçisi odur .Qeyd olunanları nəzərə alıb, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 57 nömrəli evin 11 nömrəli mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin mənzilin köməkçi və yardımçı sahələrinin birgə istifadədə saxlanılmaqla mənzilin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi taləbinə dair qarşılıqlı iddia,daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə vermişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının bildirdiyinə görə guya o, ailədə özbaşınalıq etmiş,onu və oğlu, keçmiş həyat yoldaşı Kabanov Andrey Yuryeviçi təhqir etmişdir.Onunla kobud davranmışdır. Bildirmək istəyir ki, iddia ərizəsində onun barəsində qeyd olunanlar yalan, böhtan xarakterli, əsassız məlumatlardır və onun mənzildən çıxarılması üçün gətirilən müxtəlif bəhanələrdir. Onun tərəfindən mülkiyyətçinin öz mənzilindən sərbəst istifadə etməsinə heç bir maneə yaradılmayıb. Əslində isə onu uzun illər birgə yaşadığı mənzildən çixarmaq məqsədilə İddiaçı və onun oğlu Andrey son vaxtlar ərzində dözülməz şərait və münasibət yaradıblar. Belə ki, 2003-cü il tarixdən qarşılıqlı iddia üzrə cavabdehin oğlu Kabanov Andrey Yuryeviçlə vətəndaş nikahında yaşayıb, 29 may 2012-ci il də onunla Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlanıb. Bu nikahdan 05 yanvar 2004-cü il tarixdə Danil adlı oğlu anadan olub. Ailə qurduqdan sonra cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçmüşdür. Pasport qeydiyyatına düşməklə oğlu ilə birlikdə orada yaşayıb digər ailə üzvləri ilə birgə təsərrüfat aparmışdır. Lakin evin mülkiyyətçisi olan keçmiş qaynanası İddiaçı razılıq vermədiyinə görə oğlu Danil bu günədək həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmayıb və şəxsiyyət vəsiqəsi ala bilməyib. Son vaxtlar keçmiş həyat yoldaşı Andrey dəfələrlə evə sərxoş halda gələrək heç bir səbəb olmadan onu oğlu Danilin yanında təhqir edib döyüb, hər dəfə də onlarla birgə yaşayan cavabdeh oğlu Andreyi müdafiə edərək, onun qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. O, ailənin dağılmaması xatirinə bu təzyiq və təhdidlərə əvvəlcə dözməyə çalışsa da, sonradan təhqir, işgəncə və döyülmələrin müntəzəm xarakter aldığını görüb bu barədə dəfələrlə Nizami RPİ 24-cü polis bölməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Sonuncu dəfə, 06.02.2020-ci il tarixdə gecə saatlarında keçmiş həyat yoldaşı tərəfindən döyülüb xəsarət aldığına görə DİN-nin “102” xidmətinə ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında Andrey Kabanov barəsində 30.09.2020-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə cinayət işi qaldırılaraq istintaq aparılıb və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 1(007)-73/2021 saylı hökmü ilə təqsirli bilinib, barəsində bir il müddətinə islah işləri cəzası təyin edilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(007)-1784/2021 saylı qətnaməsinə əsasən oğlu Danil onun himayəsində saxlanmaqla onunla Andrey Kabanov arasında nikah pozulub. Hazırda oğlu Danil ilə birlikdə həmin mənzildə yaşayır.Onun və oğlunun mənzilə ehtiyacı vardır, həmin mənzildən başqa onların heç bir yaşayış yeri yoxdur. Qeyd olunanlara əsasən onun mənzildən çıxarılmağı barədə verilmiş iddia qanunsuz və əsassız olduğuna görə rədd edilməsini, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğu nəzərə alınaraq onun Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 11 nömrəli mənzilinin yaşayış sahəsindən istifadə hüququ tanınması, həmin mənzilin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməklə və mənzilin ümumi sahəsindən birgə istifadə olunmaqla yaşayış sahəsi 33,2 kv.m. olan 2 otaqdan birinin onun və himayəsində saxlanılan yetkinlik yaşına çatmayan oğlu Kabanov Daniil Andreyeviçin istifadəsinə, mənzilin yaşayış sahəsinin digər hissəsinin isə cavabdehin istifadəsinə verilməsi bsrədə qətnamə çıxarılmasınə xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2976/2021 saylı, 05 oktyabr 2021ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 57 nömrəli evin 11 nömrəli mənzilindən çıxarılması, qarşılıqlı iddianın təmin olunmaması, hər bir tərəfin ödədiyi dövlət rüsumunun onun özünə aid olunması qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə apellyasiya şikayəti verərək qətnaməsinin tam ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı sübutlara obyektiv, hərtərəfli və tam baxılmamış, sübutlar düzgün qiymətləndirməmişdir. Məhkəmə baxışı zamanı guya onun ailədə özbaşınalıq etməyi, onu və oğlu, keçmiş əri Kabanov Andrey Yuryeviçi təhqir etməyi, onunla kobud davranmağı, onun tərəfindən mülkiyyətçinin öz mənzilindən sərbəst istifadə etməsinə hər hansı maneə yaratmağı barədə iddiaçının əsaslandığı hallar tam hərtərəfli araşdırılmamış və öz təsdiqini tapmamışdır. Onun tərəfindən mülkiyyətçinin öz mənzilindən sərbəst istifadə etməsinə hər hansı maneə yaratmağı barədə iddiaçının əsaslandığı iş üçün əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün əsas şahidlər oğlu Daniil və keçmiş əri Andrey məhkəməyə çağırılmamış və dindirilməmişlər. Mülkiyyətçinin öz mənzilindən sərbəst istifadə etməsinə hər hansı maneə yaratmağı barədə iddiaçının əsaslandığı iş üçün əhəmiyyət kəsb edən halların tam müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2976/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş MN seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 11 nömrəli mənzili 10.01.2008-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası DİN-dən verilmiş 09.06.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 11 nömrəli mənzilində Kabanova Valentina Qriqoryevna, Cavabdeh, Kabanov Dmitri Gennadiyeviç və Kabanov Andrey Yuryeviç qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-73/2021 saylı 01.03.2021-ci il tarixli hökmündən görünür ki, Kabanov Andrey Yuryeviç Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə təqsirli bilinib, barəsində bir il müddətinə islah işləri cəzası təyin edilib. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(007)-1784/2021 saylı qətnaməsinə əsasən Kabanov Andrey Yuryeviçin Cavabdeh qarşı nikahın pozulmasna dair iddiası təmin olunmuşdur.Birgə nikahdan doğulmuş 05.01.2004-cü il təvəllüdlü Kabanov Danil Andreyeviçin Cavabdeh himayəsində saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Kabanov Andrey Yuryeviçdən Cavabdeh xeyrinə hər ay sabit məbləğdə 170 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından görünür ki, iddiaçı mübahisəli mənziliə 2008 ci ildə mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra oğlu öz ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür.Belə olan halda mübahisəyə Mülki Məcəllənin 228.1. və 228.2.-ci maddələri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Müəyyən edilmişdir ki, mülkiyyətçi İddiaçı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzə iddiaçı Cavabdeh arasında mənzilin yaşayış sahəsindən istifadə ilə bağlı hər hənsı bir müqavilə bağlanmamış, Cavabdeh həmin mənzilə dair heç bir hüququ dövlət qeydiyyatına alınmamışdır. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, apellyatorlar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarını pozulmasını göstərsə də, o pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Kollegiya hesab edir ki, ilk İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də ilk iddia təmin olunmaqla, ilk iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənzilə dair dövlət qeydiyyatından keçmiş hansısa bir hüququnun olmasını təsdiq edən sübutları təqdim etmədiyindən qarşılıqlı iddianın təmin olunması üçün maddi-hüquqi əsas mövcud deyil, bu səbəbdən qarşılıqlı iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2976/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2976/2021 saylı, 05 oktyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar